Ankara Bakıya görə təzyiqlərə məruz qalır- DEPUTAT




Türkiyə hər zaman Azərbaycanın yanında olduğu üçün təzyiqlərə məruz qalır.

Bu barədə Sherg.az-a millət vəkili Fəzail İbrahimli bildirib. 

Deputat vurğulayıb ki, aprel döyüşlərindən sonra Ermənistanın və havadarlarının Azərbaycana, o cümlədən Türkiyəyə qarayaxmaları səngimir: 

"Ermənistan hakimiyyəti xalqı və özünü hazırkı status-kvonun saxlanmasına o qədər hazırlamışdı ki, Azərbaycanın hərbi yola əl ata biləcəyini düşünmürdü. Aprel döyüşləri isə bu fikri alt-üst etməklə yanaşı, Ermənistan hakimiyyətinin ifşasına səbəb oldu. Beynəlxalq arenada Qarabağ münaqişəsinin müzakirələrində Türkiyə Azərbaycanın mövqeyini müdafiə etdiyi üçün bu, ermənilərdə qıcıq yaradıb. Qondarma erməni soyqırımının yenidən ortaya atılmasının və Türkiyənin İŞİD-i dəstəkləməkdə günahlandırılmasının da səbəbi budur. Erməni rəsmiləri fürsət düşdükcə beynəlxalq tədbirlərdə, görüşlərdə anti-türk, anti-Azərbaycan siyasəti aparmağa çalışırlar. Ona görə də, mövcud absurd iddialara əhəmiyyət vermək vacib deyil”.

Qeyd edək ki, NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni deputatın arasında qalmaqal baş verib. M. Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycanla bir millət, iki dövlətdir: "Azərbaycan torpaqlarını mənmi işğal etmişəm? Qarabağı mənmi işğal etmişəm? Siz işğal etdiniz, niyə çəkilmirsiniz? Biz sizə bəzi məsləhətlər verdik, təkliflər irəli sürdük, "buradan çəkilsəniz, sərhədləri açarıq” dedik. Siz dediniz ki, Azərbaycanı niyə şərt kimi qoyuruq? Biz də "Azərbaycan bizim qardaş ölkəmizdir” cavabını verdik. Dedik ki, Azərbaycanın məsələsi bizim məsələmizdir”.

Aysel Aslan