Əgər Türkiyənin üzləşdiyi problemlərlə digər ölkələr qarşılaşsaydı, həmin ölkələr iqtisadi defolta məruz qalardılar
Türkiyənin maliyyə naziri Berat Albayrak Nyu-Yorkda keçirdiyi görüşlər zamanı qardaş ölkənin üzləşdiyi iqtisadi problemlərdən danışıb. Türkiyə iqtisadiyyatının bütün sınaqlardan ləyaqətlə çıxdığını bildirən Albayrakın fikrincə, əgər hər hansı inkişaf etmiş ölkə Türkiyənin qarşılaşdığı sınaqlardan keçsəydi, onun çox ciddi iqtisadi problemləri olardı: "Mənfi hadisələr iqtisadiyyatın gücünə görə, Türkiyəyə az zərər verdi. Türkiyə iqtisadiyyatının siyasi stabilliyi sayəsində bütün sınaqlardan çıxdı. Bizim gələcəkdə gözlənilən çətinliklərdən xəbərimiz var. Ancaq biz yol xəritəsi hazırlamışıq və ona riayət edəcəyik”. Nazirin sözlərinə görə, Türkiyə bütün hücumları dəf edib və iqtisadiyyatın balanslaşdırılma prosesinə başlayıb. O əlavə edib ki, yaxın vaxtlarda Türkiyə iqtisadiyyatı üçün vacib olan islahatların keçirilməsi ilə bağlı addımlar atılacaq.
Qardaş ölkənin iqtisadi durumunu və nazirin vədlərini "Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimli deyib ki, Türkiyənin üzləşdiyi böhrandan çıxa bilməsi üçün kifayət qədər rezervləri var: "1979-81-ci illərdə Türkiyə iqtisadiyyatına dönüş gətirmiş rəhmətlik prezident Turqut Özal iqtisadiyyatın bütün makroiqtisadi sahələrini institual səviyyədə dirçəltdi. İqtisadiyyatın onurğa sütununu yaratdı. Xatırladım ki, 1970-ci illərin ortalarında Türkiyənin böyük marketlərində piştaxtaları təftiş etdikdə məlum olurdu ki, 200 çeşid maldan təxminən 4-ü, 5-i ölkə ərazisində istehsal olunurdu. Özü də həmin məhsulların tam yox, 80 faizi Türkiyədə ərsəyə gəlirdi. Yəni məhsulun 15-20 faizi idxal olunan mallar hesabına hazırlanırdı. Ancaq indiki dövrdə vəziyyət tamamilə dəyişib. Hazırda Türkiyə 98 faizə qədər yerli istehsalını öz iqtisadi gücü hesabına həyata keçirə bilir”.
İqtisadçı bildirib ki, Türkiyə qüdrətli, sayılıb-seçilən və özünəməxsus iqtisadiyyatı olan bir dövlətdir: "Türkiyənin üzləşdiyi iqtisadi problemləri digər ölkələrlə, məsələn MDB dövlətləri ilə müqayisə etsək, əminliklə deyə bilərik ki, həmin ölkələr iqtisadi defolta məruz qalardılar. Türkiyə iqtisadiyyatı zərbəni qəbul etsə də, qısa zaman kəsiyində möhkəmlənmə prosesinə qədəm qoydu. Çünki ölkədə bazar münasibətlərini sərbəst buraxdılar və düzgün islahat apardılar. Şübhəsiz ki, Türkiyədə bu sahəni yaxşı bilən, bazar iqtisadiyyatının müddəalarına bələd olan iqtisadçılar var. Düşünürəm ki, qısa zamanda hökumət vəziyyətdən çıxış layihələrini hazırlayacaq və nazirin dediyi kimi sınaqdan üzüağ çıxacaq”.
F.İbrahimli iqtisadçı kimi bəzi məqamları vurğulamağı unutmayıb:
"Bəzən siyasətçilər bazar münasibətlərindən kənarlaşırlar. Əgər vaxtında tədbir görülsəydi, Türkiyə üzləşdiyi durumu daha rahat keçirə bilərdi. İqtisadiyyatı siyasi motivasiyalara qurban vermək çox təhlükəli bir yoldur. Bundan çəkinmək lazımdır”.
İsmayıl