TRIPP layihəsində böyük qarşıdurma: Rusiya və İran Ermənistanla üz-üzə gəlir -ŞƏRH

  • “Yaxın gələcəkdə əsas mübarizə bu iki məsələ ətrafında gedəcək”

Cənubi Qafqazda uzun illər formalaşmış geosiyasi balans sürətlə dəyişir. Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin əsas elementlərindən birinə çevrilən TRIPP - “Trump Route for International Peace and Prosperity” layihəsi artıq sadəcə nəqliyyat xətti deyil, regionun gələcək siyasi və iqtisadi düzənini müəyyənləşdirə biləcək strateji təşəbbüs kimi qiymətləndirilir. Layihənin Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməsi nəzərdə tutulur və bununla da Cənubi Qafqazda yeni ticarət və logistika xəritəsinin formalaşması gündəmə gəlir. ABŞ-nin prosesə birbaşa daxil olması isə məsələyə regional layihədən daha geniş qlobal geosiyasi rəqabət müstəvisində baxılmasına səbəb olur. Bu mənzərədə ən mühüm suallardan biri İran və Rusiyanın narahatlığının nədən qaynaqlanmasıdır. TRIPP-in reallaşması Moskva və Tehran üçün regiondakı ənənəvi nəqliyyat və siyasi təsir imkanlarının zəifləməsi demək ola bilər. Xüsusilə İran uzun illər Ermənistan üzərindən Qafqaza və daha geniş Avrasiya məkanına çıxışını mühüm strateji üstünlük kimi qiymətləndirib. Yeni marşrutların bu xəritəni dəyişməsi Tehranda ciddi narahatlıq yaradır. Rusiya üçün isə məsələ daha çox Cənubi Qafqazda ABŞ-nin uzunmüddətli iqtisadi və siyasi iştirakının artması ilə bağlıdır. Beləliklə, ABŞ-nin bölgəyə gəlişi yalnız yeni investisiya və infrastruktur imkanları yaratmır, həm də Cənubi Qafqazda Moskva və Tehranla rəqabətin yeni mərhələsini formalaşdırır. Vaşinqton üçün TRIPP həm Azərbaycan-Ermənistan sülhünün iqtisadi dayağı, həm də regionun Rusiya və İranın dominant olduğu nəqliyyat sistemlərindən diversifikasiyası vasitəsi kimi görünür. Bəs bütün bunlardan Azərbaycan və Ermənistan nə qazanacaq? Bakı üçün əsas dividendlərdən biri Naxçıvanla quru əlaqənin yaradılması, yeni logistika imkanlarının açılması və Türkiyə ilə daha birbaşa bağlantının güclənməsidir. Ermənistan isə ərazisindən keçən beynəlxalq marşrutun yaratdığı tranzit gəlirlərindən, infrastruktur investisiyalarından və uzun illər davam edən regional təcriddən çıxmaq imkanından faydalana bilər. Əslində TRIPP-in əsas paradoksu da budur: Azərbaycan Naxçıvana çıxış əldə edir, Ermənistan isə bu çıxışı öz suverenliyi və ərazi bütövlüyü çərçivəsində iqtisadi üstünlüyə çevirmək imkanı qazanır.

Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov Sherg.az-a bildirib ki, TRIPP layihəsi Cənubi Qafqaz regionunda ümumi kommunikasiyaların açılması prosesinin tərkib hissəsidir və onu şərtləndirən bir layihədir:

“Bu kommunikasiyaların açılması 44 günlük müharibənin nəticələrindən biridir. Digər nəticələr isə Ermənistan-Azərbaycan arasında sülh və Ermənistan-Türkiyə normallaşmasıdır. Və bu proseslərin üçünün də bu TRIPP layihəsinin reallaşması ilə qarşılıqlı asılılıq mövcuddur. Əlbəttə, bu Orta Dəhliz layihəsinə də çox vacib üstünlüklər qazandıracaq. Ələlxüsus, Bakı-Tiflis-Qars yolu ilə yanaşı yeni bir dəmir yolu və nəqliyyat kommunikasiya layihəsidir. Eyni zamanda, bura dəmir yolu, avtomobil yolu ilə yanaşı elektrik enerjisini nəql edən xətlər, gələcəkdə mümkün boru xətləri və internet kabelləri daxildir”.

F.Məmmədov qeyd edib ki, bu layihənin reallaşması ilə regionda geosiyasi və geoiqtisadi vəziyyət dəyişir:

“ Yəni regionun geosiyasi və geoiqtisadi önəmi artır. Lakin bu layihənin həyata keçirilməsində bir çox maneələr var və bu maneələrin çoxu Ermənistanla bağlıdır. Birincisi, Ermənistanda fəaliyyət göstərən Rusiyanın dəmir yolu şirkətinin TRIPP layihəsinin əsas sponsoru olan ABŞ tərəfindən sanksiyalaşdırılmasıdır. İkinci isə İranın mövqeyidir. Yaxın gələcəkdə məhz bu iki məsələ ətrafında mübarizə gedəcək. Bu mübarizənin iştirakçıları da bir tərəfdən Ermənistan, digər tərəfdən isə Rusiya və İran olacaq”.