- "Riyaziyyatda tarixi yüksəliş, regionlarda isə geriləmə təhlükəsi - nəticələr gözlənilməz oldu”
Elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) 2025-in nəticələri ilə bağlı geniş təqdimat edib. PISA 15 yaşlı məktəblilərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını real həyatda tətbiq etmək qabiliyyətini ölçən beynəlxalq qiymətləndirmə tədqiqatıdır. Nazir bildirib ki, riyaziyyatda nəticə 397-dən 460 bala – 63 bal, təbiət elmlərində 380-dən 440-a – 60 bal, oxu savadlılığında isə 365-dən 405-ə – 40 bal yüksəlib.
Bu barədə fikirlərini Sherg.az-la bölüşən Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz qeyd etdi ki, göstəricilər yalnız Bakı şəhəri üzrədir. Uğurlu nəticədir, amma Bakı ilə regionlar arasında ciddi fərq var: 
- PISA 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə biliklərini sadəcə yadda saxlama deyil, real həyatda tətbiq etmək bacarığını ölçən qlobal qiymətləndirmədir. Daha çox bacarıq əsaslı ölçmədir. Yetərincə güvənli və obyektiv qiymətləndirmə hesab olunur. Sonuncu dəfə 2022-ci ilə qiymətləndirmə olub. Builki nəticələr , mənim üçün də müəyyən qədər gözlənilməz oldu. Əslində bu nəticələr məhz klassik məktəbin, yəni repititorların müdaxiləsi olmayan, 9-cu sinfədək olan nəticələri əks etdirir. Bu ilin nəticələrində xüsusilə Bakı üzrə əvvəlki PISA ilə müqayisədə çox ciddi irəliləyiş var. Normalda PİSA-da bir neçə bal irəliləyiş uğur hesab olunur. Qeyd olunanlar yalnız Bakı şəhəri üzrədir. Azərbaycan üzrə nəticələr isə riyaziyyatda 422, təbiət elmlərində 409, oxu savadlılığında 374 baldır. Nazir bu nəticələrin əldə olunmasında son illərdə təhsildə aparılan islahatların, xüsusilə də müəllimlərin, həmçinin də DİM-in qiymətləndirmə istiqamətində gördüyü işlərin böyük rolunu vurğuladı. Mənim üçün maraqlı məqamlardan biri budur. Xatırlayıram ki 2000-ci ildə DİM statistikasına görə 9-cu sinif şagirdlərinin 50 faizi 1-ci mərhələ riyaziyyat imtahanında imtahan vərəqələrini heç nə yazmadan geri qaytarmışdı. İndi PISA-da riyaziyyat üzrə belə ciddi yüksəliş həm sevindirir, həm də araşdırma və təhlillər üçün də maraqlı suallar yaradır. Məsələn, görəsən, PISA-da müşahidə etdiyimiz bu irəliləyiş DİM-in buraxılış imtahanlarının nəticələri ilə nə dərəcədə uzlaşır? Məncə, bu iki məlumat bazasının müqayisəli təhlili çox faydalı olardı. Əlbəttə problemlər də qalır. Müəllimlərin peşəkarlığı, tədris prosesinin daha effektiv qurulması, müasir təlim metodalrının tətbiqi, xüsusilə də regionlarda tədrisin səviyyəsinin yüksəldiləmi və s. sahələrdə görüləcək işlər daha çoxdur.
Nazirə verdiyim sual da bununla bağlı oldu. Nə üçün riyaziyyatda Bakı ilə regionlar arasında 30–40 ballıq fərq var? Emin Əmrullayev bunu, digər amillərlə yanaşı, regionlarda ibtidai təhsilin keyfiyyəti ilə bağlı problemlərlə əlaqələndirdi. İstənilən halda son üç PISA qiymətləndirməsinin dinamikası, xüsusilə də son nəticələr uğurdan xəbər verir. Mən riyaziyyat və təbiət elmlərindəki irəliləyişə xüsusilə ümidlə baxıram. Vaxtilə güclü riyaziyyat məktəbi olan Azərbaycanda bu ənənənin yenidən güclənməsi sevindiricidir.