Antalyaya gedənlər ehtiyatlı olmalıdır

Virus təhlükəsi bizimkiləri də əhatə edə bilər


Yay tətilini Türkiyədə keçirmək istəyənlərə koksaki virusu təhdidi hələ də qalmaqdadır. Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti ("Rospotrebnadzor”) Türkiyənin Antalya bölgəsini - Ağ dəniz sahillərindəki istirahət məkanlarını seçən ruslara xəbərdarlıq edib. Bu ərazidə hələ də koksaki virusuna yoluxma riski qalmaqdadır.

Federal Xidmətin məlumatında bildirilir ki, Türkiyə hökuməti regionda virus təhlükəsi ilə bağlı dəyərləndirmə aparmaq üçün rusiyalı mütəxəssislərin gəlişini asanlaşdıracaq. Federal Xidmət iyulun ikinci yarısında təhlükəli virusla bağlı 900-dək müraciət daxil olduğunu, bunlardan 500 nəfərin virusa artıq yoluxduğunu, 120 nəfərin profilaktik tədbirlərin görülməsi məqsədilə müraciət etdiyini, 250-yə yaxın turistin isə ödənişlərini geri almaq istədiklərini bildirib. Koksaki virusunun yayıldığı ehtimal edilən bölgələr Side, Alanya, Kəmər, Bələkdir. Virusa yoluxanların 77 faizini uşaqların təşkil etdiyi deyilir.

Koksaki virusunun əlamətləri yükmək hərarət, baş, qarın, bel nahiyəsində ağrılar, ağız boşluğunda suluqlar, udqunmada çətinlik, yuxarı tənəffüs yollarının iltihabıdır. Mütəxəssislər istirahət məkanlarında olanlara su hövzələrindəki sulardan istifadə etməməyi, yalnız qaynadılmış və qablaşdırılmış sulardan istifadə etməyi, meyvə-tərəvəzi ciddi şəkildə yuduqdan sonra üzərinə qaynadılmış su əlavə etməyi məsləhət görür.

Azərbaycanlıların da Türkiyənin Antalya bölgəsinə intensiv səfərləri nəzərə alınarsa, virus təhlükəsinin bizim turistləri də əhatə edəcəyi istisna olunmur. Azərbaycan Səhiyyə Nazirliyi isə koksaki virusunun ölkəmizdə aşkarlanmadığına dair açıqlama verib. Hər halda turistlər ehtiyatı əldən verməsə yaxşıdır.

Məlahət