“Aprel döyüşləri Azərbaycanın növbəti qələbələrinin başlanğıcıdır” - Deputat
"Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər”. Bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşdə çıxış edərkən deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir: "Bizim hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır”.
Ölkə rəhbəri xatırladıb ki, aprel döyüşlərindən 3 il keçir:
"Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçib. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstəriblər. Bir daha göstərdilər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır”.
Aprel döyüşləri və dövlət başçısının çıxışı barədə "Sherg.az”a danışan millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib ki, aprel döyüşləri təkcə son Qarabağ savaşının deyil, bütövlükdə Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı dövrdən, yəni 1918-ci ildən bugünədək ciddi tarixi dönüş nöqtəsidir.
Deputat bildirib ki, bu hadisə əslində Azərbaycanın növbəti qələbələrinin başlanğıcıdır: "Çünki Azərbaycan ordusu nəzərdə tutduğumuz son 100 illik tarixdə yalnız 1993-cü ilin dekabrında Horadiz əməliyyatı zamanı nailiyyətlər əldə edib. Ondan sonrakı mərhələdə bu miqyasda qalibiyyətlə nəticələnən döyüşlər olmayıb.
Hazırkı mürəkkəb hərbi-siyasi vəziyyətdə Azərbaycan ordusunun bu cür qələbələr əldə etməsi heç şübhəsiz, bundan sonrakı mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllində yeni şərtlər formalaşdırdı, yeni şərait yaratdı. Eyni zamanda bu prosesdə hərbi-psixoloji üstünlük Azərbaycan tərəfinə keçmiş oldu.
Ötən üç il ərzində biz bu hadisənin Ermənistan cəmiyyətində nə qədər pessimist əhval-ruhiyyə, nə qədər mənəvi, hərbi, psixoloji məğlubiyyət yaratdığının şahidi olduq. 2018-ci ildən başlayaraq bu günə qədər də davam edən "ermənistandaxili zəlzələ” də məhz Aprel döyüşlərinin yaratdığı yeni reallığın nəticəsidir.
Göründüyü kimi, bu, təkcə hərbi məsələ deyil, eyni zamanda ciddi mənəvi-psixoloji və siyasi məsələdir. Ancaq məsələ təkcə bununla da məhdudlaşmır. Bilirik ki, Dağlıq Qarabağ münaqişəsinin həm də beynəlxalq tərəfləri var. Bu konfliktdə iştirak edən təkcə işğalçı ölkə Ermənistan deyil. Azərbaycan torpaqlarını işğal edən Ermənistanın tərəfində olan, onu gizli və ya açıq şəkildə himayə edən imperialist güc mərkəzləridir. Aprel döyüşlərindən sonra onlar da lazımi mesajlar aldılar və bir daha başa düşdülər ki, status-kvonun saxlanılması cəhdləri bu problemin həllində heç də yaxşı perspektivlər vəd etmir”.
Parlament üzvü bildirib ki, bəzi imperialist mərkəzlər onu da anladılar ki, belə davam edərsə bir gün Azərbaycan artıq nə BMT-nin mandatı ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna, nə də onun həmsədrlərinə ehtiyacı olmadan özü bu problemi həll edə bilər:
"Düşünürəm ki, bütün bu nəticələr 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun əldə etdiyi qələbədən sonra mümkün olub. Başqa mühüm bir məsələ də var ki, aprel döyüşləri mühüm bir taktiki qələbə kimi özündən cəmisi iki il sonra yeni bir qələbənin Günnüt qələbəsinin əsasını qoydu . Azərbaycan ordusu Naxçıvan ərazisində 90-cı illərin əvvəllərində işğalçı Ermənistan tərəfindən nəzarətə götürülən torpaqlarımızı qaytarmaqla strateji yüksəkliklərdə möhkəmləndi və İrəvan - Qafan strateji yolunu nəzarətə götürdü. Artıq ermənilər bilir ki, bənzər hadisə yenə təkrarlana bilər və Azərbaycanın torpaqları işğaldan tam azad edilənə qədər bu davam də bilər. Aprel döyüşlərinin yaratdığı başqa bir reallıq isə azad edilmiş torpaqlarımıza, böyük qayıdışa başlanmasının əsasının qoyulması oldu. Ona görə də düşünürəm ki, bu hadisə problemin həllində yeni mərhələ yaratmaqla status-kvonun legitimləşdirilməsi cəhdlərinin mümkün olmadığını hər kəsə göstərmiş oldu”.
İsmayıl