Aprel savaşı Azərbaycan hərb tarixinin şanlı səhifəsidir

Rey Kərimoğlu: "Bu döyüşlər ordumuzun gücünü ortaya qoydu, 15 dəqiqəyə düşmənin müdafiə xəttini yardı"



Şanlı Aprel döyüşlərinin növbəti ildönümüdür. Bu günlər bütün ölkə döyüş ab-havasındadır, desək, yanılmarıq. Şəhidlərimiz yad edilir, xalqımıza qürur hissi yaşadan Azərbaycan Silahlı Qüvvələrinin uğurlu döyüş əməliyyatları haqqında danışılır. Aprel döyüşlərinin xalqımızda yüksək əhval-ruhiyyə yaratdığı şəksizdir. Aprel döyüşləri qələbə arzusu ilə yaşayan xalqımıza, Ali Baş Komandanın «hücum» əmrini gözləyən şücaətli əsgərlərimizin həsrətinə son qoydu. Və artıq hamı – bizə dost olanlar da, düşmənçilik edənlər də Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək iqtidarında olduğunu gördülər. Hər şey bir yana, bu döyüşlər və qazanılan uğurlar xalqımızda qələbəyə möhkəm əminlik yaratdı.

Qarabağ Qaziləri Birliyinin mətbuat xidmətinin rəhbəri, hərbçi-jurnalist Rey Kərimoğlu «Şərq»ə açıqlamasında bildirdi ki, Aprel döyüşləri ermənilərin gücü barədə yayılmış məlumatların uydurma olmasını sübut etdi:

- Aprel döyüşləri, sözsüz ki, Azərbaycan hərb tarixinin şanlı səhifələridir. Bu barədə hələ çox danışılacaq, gələcək nəsillər də Aprel şəhidlərini ehtiramla yad edəcək. Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin aprel döyüşlərində uğur qazanması bir neçə amillə bağlı idi. Buna qədər Azərbaycan ordusu güclü silahlanmışdı, yüksək maddi təminat mərhələsini keçmişdi. Orduda peşəkar zabit hazırlığı diqqət çəkirdi. Silahlı Qüvvələrimizdə ciddi proseslər gedirdi və dövlət qayğısı açıq hiss olunurdu. 2016-cı ilin aprel hadisələrinədək 2014-cü ildə cəbhə bölgələrində, cəbhənin təmas xəttində, Tərtər, Ağdam istiqamətində ara-sıra xırda döyüşlər olurdu. Məlumdur ki, Ermənistan tərəfi həmişə atəşkəsi pozur, dinc əhali yaşayan məntəqələri atəşə tutur. Dəfələrlə dinc sakinlər arasında ölüm faktları olub, evlər dağıdılıb… Aprel döyüşləri isə ordumuzun gücünü ortaya qoydu. Bilirik ki, 1994-cü ildən bu yana cəbhədə əsaslı mövqe dəyişikliyi olmamışdı. Ermənistan tərəfi də iddia edirdi ki, bu, uzun müddət ərzində güclü müdafiə xətti yaradıb. Buna «Ohanyan xətti» deyirdilər və belə təbliğat aparırdılar ki, bu xətti heç quş da keçə bilməz. Aprel döyüşləri isə Ermənistan ordusunun müdafiə xəttini darmadağın etdi. Və bizim cəsur əsgər və zabitlərimiz sübut etdi ki, quş nədi ki, zirehli texnika və canlı qüvvəmiz müdafiə xəttini yarıb irəlilədi və strateji yüksəklikləri ələ keçirə bildi. Azərbaycan ordusu priventiv zərbələr endirməklə ordunun irəliləməsini təmin etdi və çox kiçik bir heyətin iştirakı ilə cəmi 15 dəqiqəyə ermənilərin müdafiəsini yardı.

R.Kərimoğlu 2016-cı ilin aprel və may aylarında Qarabağ Qaziləri Birliyi rəhbərliyinin cəbhə bölgəsinə səfərlərini də xatırlatdı:

- Yadınızdadırsa, Aprel döyüşləri zamanı Qarabağ Qaziləri Birliyinin sədri Etimad Əsədov, birliyin rəhbərliyində təmsil olunan digər qazi qardaşlarımız və mən də daxil, cəbhə bölgələrinə səfərə getmişdik. Ermənilərlə təmas xəttindəki hərbi hissələrdə olduq, əsgərlərlə görüşdük. Orda əsgərlərdən biri dedi ki, biz irəlilədikcə erməni əsgərləri postu buraxıb qaçırdılar. Yəni döyüşmədən qaçırmışlar. Müharibə qaydalarında hücumla müdafiənin itkiləri fərqlidir. Hücum edən tərəf 1-in 5-ə nisbətində itki verir, adətən. Amma Aprel döyüşlərində tam əksi yaşandı. Azərbaycan Silahlı Qüvvələri hücum edən tərəf olduğu halda ermənilər 1-in 6-ya nisbətində itki verdilər. Ermənistan Silahlı Qüvvələri nə qədər ört-basdır etməyə çalışsa da, fakt faktlığında qalır ki, Aprel döyüşlərində ermənilər daha artıq itkiyə məruz qalıblar. Bir üstünlük də bu idi ki, Azərbaycan ordusu ermənilərin arxa cəbhəsini də vururdu. Düşmənin texnikası irəliləmək istədikdə Azərbaycan ordusu tərəfindən yerindəcə vurulurdu, texnikanın iştirakına imkan verilmirdi. Canlı qüvvələri də məhv edilirdi. Bunlar hamısı faktlarla sübut olunub. Bu da ordumuzun həqiqətən çox güclü olduğunu göstərir və sübut edir ki, torpaqlarımızı işğaldan azad etmək bizim üçün 2 vur 2-dir. Azərbaycan Silahlı Qüvvələri çox güclüdür. Kifayət qədər maddi-texniki bazası var, peşəkar kadrlara malikdir. Azərbaycan Silahlı Qüvvələri ildırım sürətli əməliyyatlarla torpaqları işğaldan azad edə bilər. Bəzən hansısa dövlətin buna guya mane ola biləcəyini deyirlər, hesab edirəm ki, bunlar hamısı mifdir. Azərbaycan əsgəri öz torpağındadır, bizim ayağımız altında Vətən torpağıdır. Hər qarışını bilirik, tanıyırıq. Kimsə yerindən tərpənənədək əsgərlərimiz istəyinə nail olacaq. Bizim ordunun qarşısında heç kim dayana bilməz.

R.Kərimoğlu Aprel döyüşlərinin əhalidə yüksək əhval-ruhiyyə yaratdığını söylədi:

- Həqiqətən də Aprel döyüşləri bütün ölkədə yüksək əhval-ruhiyyə, Ordumuzun gücünə və qələbəyə inam yaratdı. Atəşkəs müddəti olmasına baxmayaraq, onsuz da biz daim qələbə həsrətiylə yaşayırıq, Ali Baş Komandanın əmrini gözləyirik ki, torpaqlarımız işğaldan azad edilsin. Aprel döyüşləri belə bir əmrin tezliklə veriləcəyinə bizim inamımızı daha da möhkəmləndirdi. Sadəcə, istəyirik, bu, tez baş versin. Hər günün öz hökmü var. Regiondakı siyasi prosesləri də başa düşürük, amma Vətənin əsgəri olaraq bu döyüşün tez başlanmasını arzulayırıq. Kimsə düşünərsə ki, Azərbaycan işğal faktı ilə barışıb, səhv edir. Azərbaycan torpaq itkisi ilə heç vaxt barışmyacaq. Və inanıram ki, tezliklə hücum əmri də olacaq, əsgərlərimiz də hərəkətə keçib torpaqlarımızı işğaldan azad edəcək.

Məlahət Rzayeva