"Ermənistanda parlament üsul idarəsi şəraitində prezidentin vacib, həlledici şəraiti olmayacaq”.
Bu barədə "Sherg.az”a Ermənistan parlamentində gizli səsvermə yoluyla ölkənin yeni prezidentinin seçilməsindən danışarkən politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, prezidentlik səlahiyyəti Serj Sarkisyan və onun kimi siyasətbazların əlində oyuncağa çevrilib:

"Ermənistanda əsas şəxs baş nazirdir və söz sahibi olacaq. Əslində Ermənistan tənəzzül içində boğulur. Ona görə, ölkədə kiçicik bir dəyişiklik, seçki olanda belə ona əhəmiyyət verməyə başlayırlar. Armen Sarkisyan prezident olsa da, ölkədə dəyişiklik etməyə imkanları olmayacaq. Çünki Serj Sarkisyan və onun komandası Ermənistanı elə böhrana salıb ki, buradan çıxmaq üçün köklü dəyişikliyə, konseptual inkişaf proqramına ehtiyac var. Bütün bunların reallaşdırılması mümkün deyil. Ermənistan Azərbaycanın torpaqlarını qaytarmaq istəmir. Bu, xülyadır, təbii ki. Amma məlum iddia Ermənistanın gələcəyi üçün kifayət qədər ziyan gətirəcək”.
Qeyd edək ki, Ermənistan KİV-in məlumatına görə, gizli səsvermədə Armen Sarkisyan ölkənin yeni prezidenti seçilib. Onun namizədliyini Ermənistan parlamentinin 90 üzvü dəstəkləyib, 10 nəfər əleyhinə səs verib.
Aysel Aslan