“Heç vaxt məni ailə və televiziya arasında seçim qarşısında qoymayıblar”
“Artıq 10 ildir Azərbaycanda efirə çıxmıram”
Nailə İslamzadə: “Lakin bu gün də məni görəndə bəzən 10 il bundan əvvəl hazırladığım verilişin süjetini mənə danışırlar”
“Heç vaxt məni ailə və televiziya arasında seçim qarşısında qoymayıblar”
“Heç vaxt məni ailə və televiziya arasında seçim qarşısında qoymayıblar”
"Bəzən elə insanlar efirdə insan taleyindən danışır ki, onların özlərinin həyat tərzi qaranlıqdır”
Hərənin bir ömür yolu, hərənin bir taleyi, həyatında iz qoyan bir cığırı olur. Onun da ömür yoluna televiziyanın cığırı təsir edə bildi. Bu cığır onu efirə gətirərək həm də milyonlara sevdirə bildi. Oqədər böyük bir sevgi qazana bildi ki, 10 il efirdə olmasa belə, yaddaşlarda, tamaşaçı diqqətində qalmağı bacardı. Söhbət 10 il əvvələ qədər Azərbaycan Dövlət Televiziyasının tanınmış diktorlarından olan Nailə İslamzadədən gedir.
- Televiziyaya gələn yolunuz təsadüf olub, ya hədəf mavi ekran idi?
- Sırf təsadüf nəticəsində televiziyaya yolum düşdü. O vaxt Mirzə Fətəli Axundov adına Rus Dili və
Ədəbiyyatı İnstitutunun 5-ci kurs tələbəsi olanda müsabiqə yolu ilə seçildim. Düzünü desəm,
hədəfim televiziya deyildi. Bu barədə düşünmürdüm belə. Rus dili ədəbiyyatını çox sevirdim,
praktikada da dərs deyirdim. Ümumiyyətlə, tələbələrlə ünsiyyəti sevirdim. Sadəcə, bir qrupda
oxuduğum rəfiqələrim mənə dedilər ki, Nailə, səndən çox yaxşı diktor olar. Televiziyada müsabiqə
elan olunub, get iştirak et. Rəfiqələrimin təkidi ilə qatıldım. Mənim görünüşüm bir az seçilirdi,
boyum hündür idi. Dedilər ki, sən televiziyaya yaraşarsan. Sırf təsadüf məni televiziyanın qapısına
apardı. Çox böyük bir seçim var idi, münsiflərdə də mötəbər insanlar oturmuşdu. Beləcə seçildim.
- Televiziyada olan xanımın ailə qurması bəzən çətin ola bilirdi. Ailə qurarkən sizə seçim
qoyuldumu? Necə oldu ki, ailə qurduz?
- Heç vaxt məni ailə və televiziya arasında seçim qarşısında qoymayıblar. Bilirsiz, ailə qurmaq təbii
ki, lazım idi. O vaxt da elə yaşım idi ki, ailə qurmaq vaxtı idi. Efirdə olandan sonra təbii ki, ailə
qurmaq təklifi 5 idisə, 10 oldu. Yəni elçi düşənlərin sayı efirə gələndən sonra bir az da çoxaldı.
Əslində həyat yoldaşım da elə məni televiziyada görüb sevib.
- Bəs tanışlığınız necə oldu? Efirdə olan xanıma elçi düşmək də o qədər asan olmamalıydı...
- Mən o vaxt efirdə olanda, günlərin bir günü "Kitab evi” verilişini aparırdım. Bizim baş
diktorumuz Rafiq Hüseynov verilişin "zapis”i gedəndə "pult” olan otağa gəldi. Mənim üçün də
maraqlı gəldi ki, Rafiq müəllim elə-belə səsyazma vaxtı otağa gəlməzdi. Dedim görən hansı
qüsurum oldu? Rafiq müəllim bildirdi ki, "zapis”dən sonra otağa gəlsin Nailə. Səsyazma bitdi,
getdim Rafiq müəllimin otağına. Gördüm iki kişi oturub. Birini tanıdım, Xalq artisti, rejissor
Ağakişi Kazımov idi, digəri cavan bir oğlandı. Rafiq müəllim mənə ordan-burdan bir neçə sual
verdi. Amma heç nə başa düşmədim. Sonradan məlum oldu ki, mənə elçi düşüblər. Həyat yoldaşım
Ağakişi müəlllimin qohumu idi. Ağakişi müəllim televiziya mühitini daha yaxşı tanıyan idi. Bir də
gəliblər ki, həyatda görsünlər. Beləcə tanış olduq, ailə qurduq.
- Uzun müddət "Ailələr, talelər” adlı verilişin həm müəllifi, həm də aparıcısı olmusuz. Bu gün də
tamaşaçı o veriliş haqqında xoş fikirlər səsləndirir. Yenidən belə bir uğurlu layihəyə başlamaq
istərdinizmi?
- Bu mövzuda yenidən veriliş hazırlamaq haqqında düşünməmişəm. Amma artıq 10 ildi
Azərbaycanda efirə çıxmıram, lakin bu gün də məni görəndə bəzən 10 il bundan əvvəl hazırladığım
verilişin süjetini mənə danışırlar. Məndə elə təəssürat yaranır ki, elə bil "Ailələr, talelər” verilişi hələ
də efirdədi. Bunun üçün qədirbilən, diqqətli tamaşaçılara minnətdar olmalıyam təbii ki.
- "Ailələr, talelər” o zamanlar üçün tamamilə fərqli bir tok-şou idi. Verilişlə bağlı olub amma
tamaşaçıya göstərmədən kömək etdiyiniz talelər necə, olubmu?
- Təbii ki, belə məqamlar olub. Kömək etdiyim ailələr, insanlar olub, bu gün də lazımdısa köməyimi
göstərməyə çalışıram. Televiziyada o vaxt belə formatda veriliş demək olar yox idi. Bircə ANS
televiziyasında siyasi tok-şou olurdu. Belə veriliş yox idi. Mənim populyar olmağıma, daha da çox
tanınmağıma bu verilişin təsiri oldu. Son dəfə 2006-cı ildə olub. Bu müddət ərzində məni
unutmayan insanlar var, məni televiziyada olmadığım müddətdə də tapıb təbrik edənlər, mənə özəl
günlərdə diqqət göstərənlər oldu. Necə deyim, elədiyim yaxşılığı unutmayanlar da var, unudanlar
da. İnsanlara çox kömək edirdik. Sadəcə indiki bəzi verilişlərdə olanlardan fərqli olaraq o verilişdə
qurama heç nə yox idi.
- Yəni indiki efirdə bu kimi sosial tipli verilişlərdə olan quramalar sizdə olmurdu.
- Tamamilə haqlısız. İndiki verilişlərdə olan quramalar bizdə yox idi. Tamamilə səmimi idik. Bəlkə
də o vaxtlar Azərbaycan televiziyasında yeganə veriliş idi ki, orda həqiqətən insanların taleyinəyaxşı mənada kömək etməyə çalışırdıq. Heç bir maddiyyat güdmədən, reytinq xatirinə qurama göz
yaşları axıtmadan veriliş hazırlayırdıq. Biz tamaşaçını aldatmırdıq. Biz mənəvi dəyərlərə üstünlük
verirdik. Orda madiyyata yer ola bilməzdi. Biz insan talelərindən danışırdıq, orda şouya yer ola
bilməzdi. Əgər insan taleləri ilə alver edirsənsə, bu, mənəviyyatı maddiyyata satmaq deməkdi. İnsan
həyatı ilə alver etmək düzgün deyil. Bu gün insanların taleyi ilə efirlərdə reytinq xatirinə alver
edirlər. Düzdü, yaxşı verilişlər də olur efirdə. Amma bugünkü efirlərdə quramalar, yalançı göz
yaşları insanı televiziyadan uzaqlaşdırır. İnsanların televiziyaya inamı qalmır. Bizim dövrümüzdə
televiziyaya böyük bir inam vardı. Çünki biz tamaşaçını aldatmırdıq.
- Əslində bu gün efirlərdə sosial tipli tok-şouların əsasını "Ailələr, talelər” qoyub, deyə bilərikmi?
- Həqiqət elə budu əslində. Bəli, o vaxt belə veriliş yox idi. Bir də o zaman belə verilişi aparmaq
çox çətin idi. İndikilərin işini gözdən salmaq niyyətində deyiləm. Amma indi aparıcılar verilişə
gələnə qədər onun prodüseri qonaqları həll edir, müraciət edən insanlarla görüşür. Aparıcıya asan
olur. Amma o zaman verilişin ssenarisini də özüm yazırdım, qonaqları da özüm dəvət edirdim,
tapırdım, verilişin bütün yükü mənim çiynimdə olurdu. Bir rejissorum var idi, çox gənc, təcrübəsiz
xanım idi. Amma işgüzar idi. Onu rejissor edənə qədər mən televiziyadan getdim. İndiki kimi
deyildi. İndi informasiya bolluğu var, verilişin hazırlanması üçün prodüserlər, nə bilim, əlinin
altında bir neçə işçi var. O zaman mən tək idim. Eyni zamanda mən televiziyada siyasi verilişlərin
də aparıcısı idim. Bunları bir arada idarə etmək heç də asan deyildi. İndi isə verilişdə o qədər işçi
olur ki, aparıcı yüklənmir. Yenə deyirəm, biz tamaşaçıya yalan satmırdıq. Maarifləndirici
tendensiyaya ünvanlanmış, gənclərin maariflənməsinə yönəldilmiş bir veriliş idi. Bu veriliş daha çox
gənc ailələrə ünvanlanmış veriliş idi. O zaman mövzu ilə bağlı səlahiyyətli orqanlar ciddi ölçü
götürürdülər. Bayaq dediyim kimi, televiziya o qədər ciddi qəbul olunan bir qurum idi ki, deyilən
sözün kəsəri olurdu. O zaman televiziyada deyilən hər sözün qiyməti var idi. İndi televiziyada hamı
danışır. Haqqı olan da, olmayan da danışır, müzakirədə iştirak edir, fikir söyləyir. O zaman
televiziyaya elə insanlar dəvət olunurdu ki, sözünün kəsəri olsun. İndi müğənnilər gəlir, onlara
aidiyyəti olmayan məsələdə məsləhət verən olurlar. İndi televiziya şoudan ibarət olub. Mən artıq
efirdə təqdim olunan heç nəyə inana bilmirəm. Çünki yalan çoxdu. İnsanın taleyi ilə oynamaq
olmaz. İnsanın taleyindən şou düzəltmək olmaz. Türkiyədə də olur belə verilişlər. Amma
bizimkilərin günündə deyil axı. Bizdə televiziyanın hörməti qalmayıb.
- 10 ildi efirdə görünmürsüz. Heçmi darıxmırsız efir üçün?
- Niyə darıxmıram ki? Təbii ki, efirdə olan insan televiziya üçün hər zaman darıxır. Bunu
televiziyada çalışanlar daha yaxşı başa düşər. Həqiqətən televiziyada olan insan ordan kənarda
özünü darıxmış hiss edir.
- Bəs onda niyə televiziyadan birdəfəlik getdiniz?
- Getmədim, elə şərait yaratdılar ki, sakitcə ərizə yazıb getdik. Kim qaldı ki köhnələrdən
televiziyada? İnsan işini sevir, amma ətrafında olan insanları da sevməlisən. Bizə şərait
yaratmadılar. Daha doğrusu, işləməyə imkan vermədilər.
- Biz gözümüzü aça bilmədik ki, nə baş baş verdiyini görə bilək.
- Yəni sizi televiziyadan küsdürdülər?
- Bəli, küsdürdülər. Televiziyadan bizi elə uzaqlaşdırdılar ki, ora bir də qayıtmağa yer qalmadı.
Ərizəmi yazıb çıxmasaydım da, işləməyə qoymazdılar. O ki qaldı darıxmağa, təbii ki, çox
darıxıram. Amma mən istədiyim kimi işləyə bilmərəmsə, onların dediyi kimi, şou qanunlarına tabe
olaraq işləmək də mənim üçün mümkünsüz oldu. Mənə əvvəlki kimi işləməyə imkan versələr,
televiziyaya qayıda bilərdim. Amma çox təəssüf ki, bu gün efirlər ancaq şouya köklənib. Mən şou
insanı deyiləm.
- Kanallardan dəvət gəlibmi?
- Bir neçə dəfə dəvət almışam. Sadəcə mən bu günün televiziya qanunları ilə işləyə bilmərəm. Mən
illərlə qazandığım hörmətimi, mənə olan sevgini, inamı reytinq xatirinə itirə bilmərəm. Mən
istədiyim kimi işləyə bilmərəmsə, efirə qayıtmağın nə mənası? Mən bu gün aparıcıların hərəkətinə,geyiminə, danışığına baxıram, əsəbiləşirəm. Düzdü, efirlərə də çox baxmıram. Amma arada olur ki, izləyirəm. Bəzən şoka düşürəm. Mən efirə məsuliyyətlə yanaşırdım, gecədən hazırlaşırdım ki, səhər verilişdə qonaqlarım olacaq. Bugünkülər isə efirə hazırlıqsız çıxırlar.
- Bu günün aparıcılarından məmnun deyilsiz?
- Qətiyyən razı deyiləm. Aparıcı verilişdə mövqeyini bildirə bilməz. Bəzən aparıcı diktator rolunda
görünür. Aparıcı tərəf tutmamalıdır. Şəxsi fikir belə bildirsə, bunu təsir edərək söyləyə bilməz.
Bəzən aparıcı qonağa danışmağa imkan vermir. Onun haqsız olduğunu göstərməklə özünü savadlı
təqdim etməyə çalışır. Bilirsiz, efirdə aparıcı qonağına hörmətlə yanaşmalıdır. Əgər sən mövzuya
uyğun qonaq dəvət etmisənsə, onun fikirlərinə hörmətlə qulaq asmalısan, dinləmək mədəniyyətin
olmalıdır. Bəzən elə insanlar efirdə insan taleyindən danışır ki, onların özlərinin həyat tərzi
qaranlıqdır. Aparıcının geyimi, danışığı, oturuşu ölçülərək olmalıdı. Düzdü, bu gün efirdə sərbəstlik
lazımdı deyirlər, amma bu sərbəstlik də həddini aşa bilməz. Tamaşaçılar üçün darıxmışam deyə,
mən kiminsə qapısına gedib sponsor axtara bilmərəm, mən sponsorların istəyinə uyğun veriliş apara
bilmərəm. Bu gün bir çox aparıcılar toy da idarə edirlər, demirəm pis baxıram. Başa düşürəm ki, bu
da dolanışıq üçün bir yoldu. Amma mən bunu heç vaxt özümə yaraşdıra bilmərəm. Hətta acından
ölsəm belə, bunu edə bilmərəm. Aparıcıların yanaşması çox zaman səhvdi. Efirdə olan aparıcı
bəzən dərs deyir sanki, nəyisə öyrətməyə çalışır, dərindən maraqlansan, o aparıcının yaşam tərzi
çoxmu düzgündür? Axı bunu da nəzərə almaq lazımdı. Bilirsiz, mənim yaralı yerimdi, bəlkə ona
görə danışıram. Bugünkü efir məkanı mənə uyğun deyil. Aparıcı hakim rolunu efirdə sanki yerinə
yetirir. Bunun bir səbəbi də bir az ulduz xəstəliyinə tutulmaqdı. Bəzilərində bu xəstəlik var. Mən
şükür edirəm ki, efirdə olduğum bu illər ərzində ulduz xəstəliyinə tutulmadım. Həqiqətən efir
insanını gözdən salan xəstəlikdi. Könül istərdi ki, bu gün Azərbaycan teleməkanında tamamilə
başqa bir mühit formalaşmış olaydı. Televiziya cəmiyyətin, həyatımızın güzgüsüdür. Bu güzgünün
parlaq olub-olmaması biz jurnalist və aparıcılardan asılıdır. Bəli, indiki aparıcıların əksəriyyətinin
səviyyəsi tamaşaçıları qane etmir. Əsl aparıcının daxili dünyası zəngin olmalıdır, çoxlu mütaliə edib
dünyagörüşünü, söz ehtiyatını artırmalıdır. Bu zaman onu gözü, üzünün ifadəsi mənalı ola bilər.
Aparıcının ekrandan söylədiyi hər bir söz tamaşaçı qəlbinin qapısının açarıdır. Bu söz o qapını həm
bağlaya bilər, həm də aça... Söz, nitq insanın ümumi mədəniyyətinin göstəricisidir. Gənc aparıcılara
və jurnalistlərə ən böyük tövsiyəm ana dilimizdə gözəl danışmalarıdır. Televiziyada danışılan dil
etalon olmalıdır. Bir də verilişin janrından asılı olmayaraq, özünü həddindən artıq sərbəst aparan,
hər şeyi hamıdan çox bilən kimi göstərən, özündən razı aparıcıları sevmirəm.
- Özünüzü aktrisa kimi sınamaq fikri necə yarandı?
- Mən diktor, aparıcı olduğum zaman kinostudiyadan bir neçə dəfə təklif gəlmişdi. Amma qismət
indiyə imiş. Bu fikir məndə yaranmadı, sadəcə bu rolu mənə təklif etdilər, məni bu rolda
gördüklərini dedilər, mən də ssenari ilə tanış olduqdan sonra qəbul etdim. Çünki bu işin başında
Azərbaycanın Xalq artisti, dövlət mükafatı laureatı, filmləri beynəlxalq səviyyədə tanınan, onlarla
beynəlxalq müsabiqələr laureatı, tanınmış rejissor və ssenari müəllifi, hörmət bəslədiyim insan
Vaqif Mustafayev durur.
- Sizin nəslin diktorları bu gün tələbə yetişdirməklə də məşğuldurlar. Sizin necə, tələbələriniz
varmı?
- AzTV-də işlədiyim zaman tələbələrim var idi, indi də dəvətlər gəlir ki, gənc aparıcılarla çalışım.
Mən televiziya sahəsindən tamamilə ayrıldım. Amma televiziya yenə mənim ruhuma yaxın bir sahə
olduğu üçün orda qüsur, nöqsan görmək istəmirəm.
Tahirə Məmmədqızı
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi ilə hazırlanıb