"Bu günlərdə 21 yaşında klassik infarkt keçirən xəstəni müayinə etmişəm. Heç bir risk faktoru olmayan gənc bir insan durduğu yerdə çox böyük səviyyədə miokard infarktı keçirdir"
"Ürək damar sistemi xəstəliklərinin son zamanlarda ciddi şəkildə artmasının ən əsas səbəblərindən biri stressdir”.
Bu barədə "Sherg.az”a kordioloq Günay Rəhimova danışıb.
O vurğulayıb ki, problemlərin sürətlə artması, dünyada müharibələr, televiziya və radiolarda ölüm xəbərləri və sui-qəsdlərin artması, uşaq zorakılıqları şüur altı beynimizə, oradan da digər orqanlara öz təsirini ötürür:
"Ürək həssas orqandır. Ürəyin üzərindəki yükü durmadan yığılıb, açılmaq, eyni zamanda impuls çıxarmaq, orqanları və özünü qanla təchiz etməkdir. Stressin yaratdığı müxtəlif hormonları ürək əzələsinə mənfi təsiri, həyəcandan yaranan artimiyalar və sürətli döyünmələr, ürəyin öz üzərindən keçən damarlarda stress spazmları onun xəstələnməsinə gətirib çıxardır. İnfarkt çox cavanlaşıb. Bu günlərdə 21 yaşında klassik infarkt keçirən xəstəni müayinə etmişəm. Heç bir risk faktoru olmayan gənc bir insan durduğu yerdə çox böyük səviyyədə miokard infarktı keçirdir. Bu, biz həkimləri də artıq təşvişə salıb, hətta cavan xəstələrin belə daha da dərin müayinələrdən keçirilməsinə sövq edir.
Stressin yanında ürək damar sistemi xəstəliklərinə gətirən ikinci səbəb piylənmədir. Diqqət etmişəm, son zamanlarda müayinəyə gətirilən uşaqların əksəriyyəti artıq çəkilidir. Əvvəllər bizim yay tətili, boş zamanlarımızdakı oyunların əksəriyyətini həyətdə bacada oyun oynamalar təşkil edirdisə, indiki uşaqlar kompüterin arxasından qalxmırlar, telefonlarla çox vaxt keçirdirlər. Bu isə fiziki məhdudiyyət, az enerji sərfiyyatı və piylənməyə gətirib çıxarır.
Uşaqların qidalanma tərzində də problem var. "Fast food” tipdə yeməklər, yemək arası atışdırmaların çoxluğu, marketdən alınan hazır qidalara meyllik piylənməni nəinki artırır, həmçinin bədəni çox eybəcər şəklə salır. Bu isə ürək damarlarının da gələcəkdə tutulmasına , arterial təzyiqin artmasına, şəkərli diabetə gətirib çıxarır”.
Şəkərli diabetin fəsadlarına toxunan həkimin sözlərinə görə, şəkərin bədəndə normadan yuxarıda olması müəyyən zaman sonra ürək damarlarını tutur:
"Dərman içmə, düzgün şəkildə dərman qəbulu bizlərə məxsus deyil. Xəstələr çox zaman qəbul etdikləri dərmanların adlarını, nə üçün içdiklərini belə bilmirlər. Bu da şəkərin artmasına, orqanları sıradan çıxarmasına səbəb olur. Şəkər ürək damarlarını daraldan bir prosesdir. Qorxulusu odur ki, ürəkdə problem olanda ağrını büruzə vermir. Nəticədə hətta xəstə infarkt keçirdikdə belə, bunu hiss etməyə bilir”.
G.Rəhimova energetik içkilərin ziyanını da xüsusi vurğulayıb. Həkim əlavə edib ki, geniş istifadə edilən bu içkilərin tərkibindəki maddələr hətta ölümcül ola biləcək döyüntülərə, müxtəlif təhlükəli aritmiyalara gətirib çıxarır:
"Bütün xəstəliklərin əsası illər öncə başlayır, öz siqnallarını ara sıra verir, ürəkdə yaranan dəyişikliklər ilk öncə zəif, sonra get-gedə artan şəkildə bizə əlamətlərini bildirir, zamanında dinləyib həkimə getmək lazımdır. Profilaktika çox önəmlidir, xəstəlikləri önləmək, orqanizmin parametrlərini normada saxlamaq ağır xəstəliklərin qarşısını alacaq. Həmçinin idman, düzgün qidalanma, təzyiqə, şəkərə nəzarət hər şeyin normada olması üçün zəmin yaradacaq”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti şöbəsinin müdiri Nabil Seyidovun sözlərinə görə, Azərbaycanda insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar, ikinci yeri isə onkoloji xəstəliklər tutur.
Aysel Aslan