Astana görüşü Suriya düyününü aça biləcəkmi ? - Aktual şərh






"Suriya məsələsi bir labirintə bənzəyir" - Rusiya ,Türkiyə və İran müzakirə aparacaq

"Suriya məsələsində Qərb və Rusiyanın mövqeyi kəskin fərqlənir. ABŞ və Avropa birmənalı şəkildə Bəşər Əsədin hakimiyyətdən getməsini istəyir”.

Bunu "Sherg.az”a Suriya problemi ətrafında aparılan müzakirələrə münasibət bildirərkən millət vəkili Elman Nəsirov söyləyib. 

O qeyd edib ki, Qazaxıstanın paytaxtı Astana münaqişə ətrafında aparılan əsas müzakirələrin aparıldığı platformadır:

"Astanada bir neçə dəfə danışıqlar həyata keçirilib. Yenidən müzakirələrin davam etdirilməsi münaqişənin həlli istiqamətində müsbət addımdır. Əslində danışıqların hansısa nəticəyə gətirib çıxaracağına inam azdır. Halbuki regionda kifayət qədər önəmli mövqedə olan Rusiya ,Türkiyə və İranın bu müzakirələri aparması artıq kifayət qədər önəmli addımdır. 

Lakin əsas məsələ Suriyadakı hakimiyyətin legitimliyi ilə bağlı fikir ayrılığının qalmasıdır. Vəziyyət o qədər gərgindir ki, Suriya məsələsi bir labirintə bənzəyir. Hesab edirəm ki, Astana görüşü labirintdən çıxmaq istiqamətində əhəmiyyətli mövqeyə malikdir”.

Qeyd edək ki, bu gün İran, Rusiya və Türkiyə səlahiyyətliləri Qazaxıstanın paytaxtı Astanada görüşəcəklər. Məlumata görə, görüşdə son həftələr regionda ciddi narahatlıq yaradan Suriya böhranı ilə bağlı müzakirələr aparılacaq. Bildirilib ki, iki gün davam edəcək müzakirələr zamanı Suriyada İsraillə İran arasında baş verən qanlı döyüşlər də müzakirə mövzusu olacaq.

Aysel Aslan