Ata, məni atma... ! - Talesiz körpələr

Firuzə Əliyeva: “Bu gün mən ailə qururam, sabah sənə yaxşı ana, ata gələcək” - deyə, uşağı yola vermək düzgün deyil"
Cavid İmamoğlu: " Biz uşaqların hüquqlarını dördüncü, beşinci sıraya qoymuşuq. Halbuki bütün atılan addımlar, verilən qərarlar uşaqların mənafeyi naminə olmalıdır”

Son günlər sosial şəbəkə və mətbuatda atalığı tərəfindən müxtəlif cür zorakılığa məruz qalan azyaşlılarla bağlı xəbərlərə daha çox rast gəlinir. İkinci dəfə ailə həyatı quran qadınların övladları ögey ataları tərəfindən fiziki, hətta cinsi zorakılığa məruz qalır və çox hallarda döyülərək küçələrə atılır. 

Belə oxşar hadisələrdən biri də sentyabrın 14-də Bakıda baş verib. Gecə saatlarında polis əməkdaşları tərəfindən metronun "20 Yanvar” stansiyasının yaxınlığında uşaq tapılıb. 10 yaşlı oğlan polisə atalığının onu evdən qovduğunu deyib. Azyaşlı Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

Cəmiyyəti düşündürən ögey ata, ana və övlad münasibətlərindən danışan psixoloq Firuzə Əliyeva valideynlərin ayrıldıqda və ikinci dəfə ailə qurduqda psixoloji yardım almasını vacib sayır. 

O "Sherg.az"a açıqlamasında qeyd etdi ki, həmin uşaqlar psixoloqdan dəstək almadığı təqdirdə psixoloji travma yaşaya bilərlər:

"Çünki uşaqlar fərdidir, problemi qavramaq da hər kəsdə fərqli olur. Ona görə, ilkin psixoloji yardım mütləq götürülməlidir. Dünyanın sivil ölkələrində boşanmağa hazırlaşan cütlük uşaqları ilə birlikdə psixoloqa müraciət edir. Yaxşı olar, bizdə də elə düşüncə formalaşsın. Çünki bu sahədə xarici ölkələrdə ailələr çox inkişaf edib, boşananların uşaqları az əziyyət çəkir. Azərbaycanda isə ümumiyyətlə, psixoloq qəbul olunmadığı üçün həmin ərəfədə heç yadlarına belə düşmür. Əgər psixoloji yardım olunmursa, valideyn uşağın xarakterinə uyğun bunu düzgün şəkildə anlatmalıdır. Valideynlər ayrılarkən uşağın travma almaması üçün yanında söz-söhbətləri də aparmamalıdır. Uşaq bu söhbətlərdən təsirlənərsə, gələcəkdə həyatında problemlər yarana bilər”.

Psixoloq onu da əlavə edib ki, ayrılıqdan sonra ana və ya ata ailə qurmaq istəyirsə, bu zaman da uşaqla əvvəldən söhbət aparmalıdır:

"Bu gün mən ailə qururam, sabah sənə yaxşı ana, ata gələcək” - deyə, uşağı yola vermək düzgün deyil. İkinci dəfə ailə qurarkən seçdiyimiz şəxslə bağlı da diqqətli olmalıyıq. Əgər partnyorun uşaqla, ailə ilə bağlı travması varsa, ögey övladı qəbul etməyəcək. Normal psixologiyalı insandırsa, travması yoxdursa, uşağın xarakterinə hazırlamaq lazımdır. Qarşı tərəfi buna hazırlamaq lazımdır.

Cəmiyyət ictimai qınaqla yanaşmağa vərdişlidir, amma bu, lazım deyil. Çünki hər kəsi baltalamaq asandır, hamı bir şəxsi günahkar bilib, üstünə düşür. İctimai qınaqla yanaşmamalıyıq, adekvat fikrimizi bildirməliyik. Səbəblər aydınlaşdırılmalıdır. Hərə ağzına gələni deməməlidir. Sosial şəbəkələrdə bu cür olaylara göstərilən münasibətdən görürük ki, hər kəs qınamaqla məşğuldur. Kimi deyir, ailə qurmamalı idi, kimi deyir, qadın oturub uşaqlarını böyütməlidir. İctimai qınağı bir az azaltmalıyıq, fikrimizi bildirmək istəyiriksə, bunu normal formada etməliyik, kimisə baltalamaqla deyil”.


Sosioloq Cavid İmamoğlu isə bütün qərarlarda valideynlərin uşaqları nəzərə almalı olduğunu vurğulayıb. 

O söyləyib ki, ana növbəti dəfə ailə qurursa və həmin şəxslə övladı arasında münasibətlər yerində deyilsə, psixoloji xidmətlərə müraciət etmək məsləhətdir:

"Bu, dünya təcrübəsində belədir. Terapiya - yəni münasibətlərin normallaşdırılması prosesi psixoloqlar tərəfindən təmin olunur. Bizim reallıqda isə insanlar məişətdə yaşanan problemləri ailə daxili münasibətlər hesab etdiklərinə görə, qovulmağa qədər olan münaqişələri gizli saxlayırlar. Zorakılıq isə gündən-günə artır.

Ögey ata yaxın qohumluq münasibətlərindən istifadə edərək sevmədiklərinə qarşı zorakılığa əl atır. Bu zaman ana görməzlikdən gəldiyinə görə, hüquq-mühafizə orqanlarına, aidiyyəti orqanlara xəbər etmədiyindən problem böyüyür. Nəticə etibarı ilə uşağın müdafiəsizliyindən istifadə etməklə onu evdən qovmağa qədər gətirib çıxarırlar. 

Halbuki belə hallarda doğma ata və ana hüquq mühafizə orqanlarına müraciət etməlidir. Uşağın yaşına görə, müəyyən strukturlar var - Ombudsman, Təhsil Nazirliyi, polis, Səhiyyə Nazirliyi və s. uşaq müdafiəsinə cavabdeh sayılır”.

Ətrafdakı insanların belə hadisələrə biganə yanaşdığını diqqətə çatdıran sosioloqun sözlərinə görə, məişət zorakılıqların böyüməsinin əsas səbəbi qonşuların, qohumların "ailədaxili məsələdir” - deyib keçməsidir:

"Düşünmürlər ki, bu prosesdən uşaq böyük əziyyət çəkir.

Fikrimcə, bu məsələdə ən böyük problem maarifsizlik, bacarıqsızlıq və məlumatsızlıqdır. Yaxşı olar ki, həmin uşağın ögey atası və anası valideynlik bacarıqlarına yiyələnsin, kurslara cəlb edilsin. Onlar etdikləri əmələ görə, cəzalarını da almalıdırlar. Bu məsələdə uşaq hüquqlarının kəskin şəkildə pozulması danılmazdır və hüquq-mühafizə orqanlarının üzərinə yük düşür.

Qeyd etdiyim kimi, uşaq müdafiəsindəki boşluqları aradan qaldırmalıyıq. Həmin şəxslərin qonşuları, qohumları problemləri bilib, hüquq-mühafizə orqanlarını məlumatlandırmayıblarsa, demək laqeydlik göstəriblər. Bu kimi hadisələr onu göstərir ki, cəmiyyətimizdə uşaq hüquqları gündəmdə deyil. Biz uşaqların hüquqlarını dördüncü, beşinci sıraya qoymuşuq. Halbuki bütün atılan addımlar, verilən qərarlar uşaqların mənafeyi naminə olmalıdır”.

Aysel Aslan