Atatürk sevdalısı - Trabzondan başlanan yol İstanbulun fəthi ilə yekunlaşdı - FOTOLAR

“Təkbaşına maddi zənginliyin heç bir mənası yoxdur. Azadlığınız yoxdursa, zənginlik mənasızdır”
Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərinin həyəcanı hələ də davam edir. Gərginlik həm də onunla bağlıdır ki, bu dəfə gözlənilənlərin əksinə olaraq böyük şəhərlərdə, xüsusən paytaxt Ankara və Türkiyənin "ürəyi” sayılan İstanbulda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədləri deyil, ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədləri qazandı.
Bununla belə İstanbulun bələdiyyə sədrinin kimin seçilməsi qalmaqalla yadda qaldı. Çünki AKP-nin də CHP-nin də namizədləri arasında səs faizi azdır.
Türkiyə Ali Seçki Qurumunun (YSK) rəsmi açıqlamasına görə, şəhər üzrə səslərin 100 faizi sayılıb. CHP-dən namizəd Əkrəm İmamoğlu səslərin 48.79 faizini qazanaraq, İstanbulun bələdiyyə başqanı seçilib. AKP-nin namizədi, sabiq baş nazir və eks-parlament sədri Binəli Yıldırım isə səslərin 48.51 faizini toplayaraq, ikinci olub. Bununla razılaşmayan AKP aidiyyəti qurumlara şikayət edərək səsvermədə qanunsuzluq olduğunu bildirib. Bundan sonra MSK-nın qərarı ilə bəzi məntəqələrdə səslər yenidən sayılmağa başlanıb. Böyük ehtimalla Əkrəm İmamoğlunun qalibiyyəti təsdiqlənəcək. Çünki yenidən sayım prosesində səslər İmamoğlunun lehinədir.

"Ərdoğandan təbrik gözləyirəm”

Artıq İmamoğlu açıqlamasında qalib olduğunu söyləyərək, Prezident Rəcəb Tayyib Ərdoğanla işləməyə hazır olduğunu bildirib: "İstanbul Türkiyənin ən böyük şəhəridir. Bu şəhəri idarə edəcək insan kimi, hörmətli prezidentdən təbrik gözləyirəm. Amma təqdir özlərinin. Biz İstanbul Şəhər Bələdiyyə başqanlığını icra edəcəyik. İki məsuliyyət sahibi adamın danışması, problemləri həll etməsi sivil bir prosesdir. Bunu Türkiyə yaşamasa, çox böyük çətinliklər görər, amma inanın, bu dialoq mühiti yarandığı andan etibarən mən qapıları hər zaman açıq tutacağam. Hər zaman görüşməyi məcbur edən tərəf olacağam, kimsənin şübhəsi olmasın. Yalnız prezident üçün demirəm bunu, hansı orqan, qurum olursa olsun, qapımı hər zaman açıq tutacağam. Bundan qaçınmaq dövlətə xəyanətdir”.

Futbol da bir siyasətdir?

Biz isə "Şərq” olaraq İstanbulun yeni bələdiyyə sədrinin kimliyinə, hansı yolu keçdiyinə işıq tutmağa çalışdıq.
Əkrəm İmamoğlu 1970-ci ildə Trabzonun Akçabat qəsəbəsinin Cevizli kəndində dünyaya göz açıb. Orta məktəbi Trabzonda bitirdikdən sonra İstanbul Universitetində İngiliscə İdarəetməni bitirib. Daha sonra elə həmin universitetin "İctimaiyyət və cəmiyyəti idarə etmə” fakültəsində magistr təhsili alıb.
İmamoğlu 1992-ci ildə inşaat işləri ilə məşğul olan ailə şirkətində işə başlayıb. Bir müddət sonra ailəsinə məxsus şirkətin İdarə Heyətinin sədri vəzifəsini daşıyıb.
Maraqlı məqamlardan biri də İmamoğlunun idmanla bağlılığıdır. Belə ki, o, məktəb illərində həvəskar futbolçu kimi klublarda oynayıb. Daha sonra isə "Trabzonspor” futbol və basketbol klublarının, İstanbulun "Beylikdüzüspor” klubunda idarəedici olub.

23 ildir İstanbuldadır

2008-ci ildə Cümhuriyyət Xalq Partiyasına (CHP) üzv olduqdan bir il sonra, 2009-cu ildə yerli bələdiyyə seçkilərində İstanbulun Bəylikdüzü bələdiyyəsinə namizədliyini irəli sürüb. Amma həmin vaxt uğur qazana bilməyib. 16.09.2009-cu ildə CHP İdarə Heyəti tərəfindən partiyanın Bəylikdüzü qəsəbə təşkilatının sədrliyinə namizəd göstərilib. 27.12.2009-cu ildə isə CHP-nin Bəylikdüzü qəsəbə təşkilatının sədri seçilib. 18.03.2012-ci ildə ikinci dəfə qəsəbə təşkilatının sədri seçilib. 2014-cü ilin bələdiyyə seçkilərində yenidən Bəylikdüzü bələdiyyəsinin sədrliyinə namizəd olan İmamoğlu, 15 iyul 2013-cü ildə partiyanın qəsəbə təşkilatının sədri postunu tərk edib. 2014-cü ildə Bəylikdüzü bələdiyyə sədrliyi postunu qazanan İmamoğlu, 2019-cu ilin martın 31-nə kimi Bəylikdüzü bələdiyyəsinin sədri olaraq vəzifəsini icra edib.
Bəylikdüzünün sosial-mədəni həyatında yaxından iştirak edən İmamoğlu başda Bəylikdüzü "Atatürkçü Düşüncə”, "Çağdaş Yaşamı Dəstəkləmə” Dərnəklərinin, "Kızılay” və "Gürpınarspor” klubları olmaqla, bir çox vətəndaş cəmiyyətləri təşkilatlarının üzvüdür.

Evli və 3 uşaq atası olan Əkrəm İmamoğlu 23 ildir ki, Bəylikdüzündə yaşayır.

"Əkrəm İmamoğlu mənim sevgili başqanım”
Əkrəm İmamoğlunun Turqut Özalın yaratdığı Ana Vətən Partiyası (ANAP) ilə də bağlılığı var. Belə ki, ANAP-ı quranlardan biri də onun atası Həsən İmamoğlu olub. Elə Əkrəm İmamoğlu da, 2008-ci ilə kimi, yəni CHP-yə üzv olana kimi ANAP üzvü olub. İmamoğlunun həyatından bəhs edən, jurnalist Minə Kılıçın qələmə aldığı "Əkrəm İmamoğlu mənim sevgili başqanım” adlı kitabda İstanbulun yeni bələdiyyə sədri haqqında bilinməyənlərə işıq tutulur.
Kitabda qeyd edilir ki, ailəsi ANAP-a bağlı olsa da, Əkrəm Atatürk sevgisinə görə CHP-ni seçib. Kitabda bu ifadələr yer alıb – "2000-ci illərdən etibarən siyasi baxışları dəqiqləşdi. O ANAP-ın yox, CHP-nin namizədlərinə seçici olaraq səs verirdi”.
Atatürkə olan heyranlıq onu CHP-yə gətirdi
Sözügedən kitabı incələyən "Milliyət” qəzetinin yazarı Mərt İnan bunları yazıb: "İmamoğlunu CHP-yə yaxınlaşdıran Atatürkə olan heyranlığı və Atatürkün Türkiyə üçün etdiklərinin yaratdığı təsirlər idi. Atasının ANAP keçmişinə görə Əkrəm İmamoğlunun AKP-yə keçəcəyini düşünən bir çox insan vardı. Ancaq o, AKP-nin siyasi fəlsəfəsinə heç zaman inanmadı. İmamoğlunun müxtəlif toplantılarda Atatürkün düşüncələrini və sosial-demokrat fikirləri müdafiə etdiyi çevrələr, ona CHP-dən Bəylikdüzü bələdiyyəsi sədrliyinə namizəd olmağı təklif etdilər. Amma 2002-ci ildə "Trabzonspor” klubunun idarəçiliyində idi, vəzifəsini yarımçıq qoymağı özünə yaraşdırmadı. Buna görə də, təklifi qəbul etmədi”.
Ticarətçi atanın, zəhmətkeş ananın ilk övladı…
İmamoğlunun anası ilə atasının dayıuşağı olduqları və 6 il nişanlı qaldıqdan sonra evləndikləri ilə yanaşı başqa məlumatlar da kitabda yer alıb. Valideynləri ilə, ailəsi ilə bağlı bunlar qeyd edilib: "Yük maşınının sürücüsü olan bir atanın səkkiz uşağından üçüncüsü olan Hava, çox sevdiyi dayısının oğlu Həsənlə 6 il nişanlı qaldıqdan sonra 19 yaşında evləndi. Əkrəm bu evlilikdən dünyaya gələn ilk övlad oldu. Əkinçiliklə məşğul olaraq həyatını yaşayan İmamoğlu ailəsi 1950-ci illərdə ticarətə başlayıb. Əkrəmin atası Həsən İmamoğlu isə 1960-cı illərin sonunda ticarətlə məşğul olmağa başlayıb. Əkrəm 4 yaşında olarkən Trabzonun Ulduzlu kəndinə köçüblər. 
Atası ticarətlə məşğul olarkən, zəhmətkeş qadın olan anası kənddə təsərrüfatla məşğul olur, kənd təsərrüfatı məhsullarını satırdı. İnşaat materialları satan mağazaları Əkrəmin ticarətin nə olduğunu gördüyü ilk həyat məktəbi idi. Bununla yanaşı, Əkrəm İmamoğlu həyatının hər anında futbola bağlı olub. İdman marağı əslində idmanın həndbol növü ilə başladı. Trabzonda orta məktəbdə həndbol dərslərinə də qatılan Əkrəm sonuncu sinifdə olanda Trabzon həndbolda 3 dəfə Türkiyə çempionluğunu qazanmışdı”.
"Həm oxu, həm də evlənək”
Kitabda Əkrəm İmamoğlunun özünün evliliyindən də bəhs edilib: "1994-cü ildə ailəsini Trabzondan tanıdığı Dilək Kaya ilə tanış oldu. Kaya ailəsi tekstil sektorunda çalışırdı. İmamoğlunun ilk baxışdan Dilək xanıma aşiq olması, qısa zamanda ona evlilik təklif etməsinə səbəb oldu. Amma rədd cavabı aldı. Çünki Dilək universitet oxumaq istəyirdi. İmamoğlunun "həm oxu, həm də evlənək” təklifini də qəbul etmədi. Diləyin həmin il qəbul olmaması İmamoğlunun "razı salmaq gücü”nü bir az da artırdı. Onun budəfəki təklifinin cavabı müsbət oldu. 18 noyabr 1995-ci ildə evləndilər. Nişanlılıq müddətində Dilək İstanbul Universitetinin Turizm fakültəsinə qeydiyyata düşdü. Bundan ailəsinin xəbəri yox idi, sadəcə, Əkrəm İmamoğlu bilirdi. Çox sevdiyi həyat yoldaşının oxumaq arzusunun gerçəkləşməsi üçün hər cür dəstəyi verməyə hazır idi. Evliliklərindən 2 il sonra oğulları Səlim dünyaya gəldi. Həmin vaxt Dilək Anadolu Universitetində oxumağa başladı. Sonra isə Arel Universitetində magistr təhsili aldı. Səlimdən 8 il sonra ikinci oğulları Semih, 2011-ci ildə isə qızları Berən dünyaya gəldi”.
Seçkidə İmamoğlunun qalibiyyəti və özü ilə bağlı fikirlərini qələmə alan "Milliyət” qəzetinin köşə yazarı Melih Aşıq məqaləsində qeyd edib ki, gərgin seçki kampaniyası içərisindən yeni bir liderin çıxdığını gördük: "Əkrəm İmamoğlu seçki kampaniyası müddətində apardığı nizamlı, barışdırıcı, sakit kampaniya ilə sadəcə bu gün üçün deyil, gələcək nəsillərə də örnək olacaq liderlik portretini cızdı. Seçki gününün gərginliyini örnək ustalıqla idarə etdi. İmamoğlunu yaxşı tanıyırıqmı? Ağlında necə idarəçilik və bələdiyyəçilik anlayışı var? Şəhər və ölkə siyasətində necə mövqeyə sahibdir? İstanbulu hansı ilklərlə idarə edəcək?
Jurnalist dostumuz Minə Kılıç İmamoğlunun Bəylikdüzü bələdiyyə sədri olduğu zaman onunla günlərlə danışaraq geniş bir kitab yazdı. O kitabdan İmamoğlunun "düşüncə xəritəsi” ilə bağlı bəzi fikirlərini qeyd edək:

"Plov qədər plana da ehtiyacımız var”

"İnsanlar artıq onlara müdaxiləni istəmirlər. Öz həyatlarını arzuladıqları kimi yaşamaq istəyirlər”
"Bu ölkənin birinci problemi nədir deyə soruşsanız, hər şeyi bir tərəfə qoyub "təhsildir” cavabını verərəm. Millət olaraq yaşadığımız problemlərin, qütbləşmənin təməlində təhsilsizlik dayanır. Təhsilimiz zəif olduğunda, araşdırma aparmırıq, inkişaf etmirik. Türkiyə çox ciddi səhvlər edib. Ən böyük səhvlərdən biri də kənd institutlarının bağlanması idi”
"Əskilərin "plana yox, plova ehtiyacımız var” sözünü qəbul etmirəm. Plov qədər plana da ehtiyacımız var. Hər sahədə ən azı 50 illik planlara ehtiyacımız var”
"Təkbaşına maddi zənginliyin heç bir mənası yoxdur. Azadlığınız yoxdursa, zənginlik mənasızdır”
"Türkiyənin, hər yerdə istehsalata, istehsaldan gələn qazancın ədalətli paylandığı bir iqtisadiyyata ehtiyacı var. Çünki ədalətsiz gəlir bölgüsü cəmiyyəti çürüdür”
"Dünyəvilik olmadan demokratiya olmaz”
"Dünyəvilik olmadan demokratiya olmaz. Bu gün yaşamaqda olduğumuz onlarla problemin yaranmasının dərinliyində dünyəvilikdən uzaqlaşma siyasəti var. Dünyəvilik cəmiyyətin bir arada mehriban yaşaması üçün mütləqdir”
"Həmrəyliyə dayanaqlı yeni Konstitusiya şərtdir”
"Kürd probleminin həllində ünvan rəsmi Ankaradır”
"Xarici siyasət sevgi və nifrət münasibətlərinə görə yox, "Yurdda sülh, cahanda sülh” şüarı əsasında qurulub, aparılmalıdır”
Bu da bir Türkiyə siyasi yazarının İmamoğlunun İstanbul idarəçiliyində hansı addım atacağına dair mülahizələri idi. Türkiyə ictimaiyyəti İmamoğlunun siyasi meydana atılmasını yeni bir liderin doğulması sayır.
Anar Bayramoğlu