"Azərbaycan tərəfi dəfələrlə Fransanı Almaniya ilə əvəzləməyə çalışıb, amma ermənilər hər dəfə buna qarşı çıxıblar "
İndiki vəziyyətdə Minsk Qrupunda hansısa dəyişiklik etmək mümkün deyil
Almaniyanın Şturtqart şəhərindəki fəxri konsulumuz, keçmiş dövlət katibi Otto Hauzer deyib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etməlidir. Hauzer bildirib ki, Azərbaycan Avropa üçün vacib tərəfdaşdır və bu tərəfdaşlıq qarşılıqlı səmərəli olmalıdır: "Azərbaycan Avropaya neft, gələcəkdə isə qaz tədarük edəcək”. Fəxri konsulun sözlərinə görə, azərbaycanlıların Dağlıq Qarabağa və digər işğal olunmuş ərazilərə qayıtmaq hüququnun təmin olunması münaqişənin nizamlanmasında ilk addım olmalıdır: "Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və buna heç bur şübhə yoxdur. Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaq imkanı olmalıdır”.
Hauzer həmçinin Dağlıq Qarabağ və ətraf rayonlardan erməni qoşunlarının çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasının vacibliyini vurğulayıb: "Bu, beynəlxalq ictimaiyyətin iradəsidir”. Fəxri konsul qeyd edib ki, etimadın möhkəmləndirilməsi üçün tədbirlər görmək lazımdır, çünki bu tədbirlər danışıqlar prosesinin fəallaşmasına xidmət edir. Ümumiyyətlə, son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səslənən açıqlamalar artıb. Bu yaxınlarda regiona səfər edən Almaniya kansleri Angela Merkel də ölkəsinin bu məsələnin həllində vasitəçi olmaq istədiyini səsləndirmişdi. Hələ illər öncə təklif olunurdu ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçi ABŞ, Fransa və Rusiyadan başqa Türkiyə və ya Almaniya da yer alsın. Çünki üç həmsədr dövlət problemi çözə bilmirlər, yaxud da çözmək istəmirlər. Əgər münaqişə illərlə həll olunmursa, deməli, nəyisə dəyişmək lazımdır.
Gündəmdəki təklifləri "Şərq”ə dəyərləndirən millət vəkili Asim Mollazadə xatırladıb ki, Avropanın əksər ölkələri Minsk Qrupunun üzvləridir. Həmsədr Fransa da Avropa Birliyinin təmsilçisi, aparıcı ölkəsidir:
"Əslində, Azərbaycan tərəfi dəfələrlə Fransanı Almaniya ilə əvəzləməyə çalışıb, amma ermənilər hər dəfə buna qarşı çıxıblar. Ona görə də düşünmürəm ki, ATƏT-in Minsk Qrupunda hansısa dəyişiklik etmək mümkün olsun. Ən azından yaxın aylarda bu, inandırıcı görünmür”.
Siyasi ekspert Anar İmanov da "Şərq”ə bildirib ki, bir çox ölkə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinin regionun inkişafına maneə törətdiyini bəyan edib. Onun sözlərinə görə, işğala gec-tez son qoyulmalıdır, bunun üçün də Minsk Qrupunun formatı dəyişməlidir:
"Vasitəçilərin fəaliyyəti hazırda uğursuzdur. Əgər Qarabağ münaqişəsinin taleyini Minsk Qrupu həll edəcəksə, o zaman format mütləq dəyişməlidir. Problemin həllinə yeni nəfəs qatılmalıdır, dəyişiklik, yenilik zamanıdır.
Son vaxtlar Ermənistanın Qarabağda "dövlət” yaratmaq nağıllarına başı çox qarışıb. Ona görə də işğalçı Ermənistan qarşısında konkret tələblər qoyulmalıdır. Tələblər yerinə yetirilməzsə, sanksiyalar işə salınmalıdır. Ermənistan başa düşməlidir ki, problem İrəvanın zənn etdiyindən daha təhlükəlidir. Sülh yolu ilə qaytarılmayan torpaqlar hərb yolu ilə geri alınacaq”.
İsmayıl