Ekspertlər Səməd Seyidova qarşı qərəzi pisləyirlər
Avropa Şurası Parlament Assambleyasının müvafiq komitəsi korrupsiyada adı hallanan deputatlara qarşı sanksiyalar tətbiq edib. Sanksiyalara məruz qalan AŞ PA üzvləri arasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da var. Deputatımıza qarşı sanksiya 2 il qüvvədə qalacaq. S.Seyidov iki il ərzində məruzəçi və müşahidəçi kimi çıxış edə, hər hansı komitənin sədri və ya sədr müavini ola bilməyəcək.
AŞ PA-nın deputatlara sanksiya tətbiq etməsi qurumun Azərbaycana qarşı qərəzi kimi dəyərləndirilir. Yeni Azərbaycan Partiyasının şöbə müdiri, millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının Səməd Seyidova sanksiya tətbiq etməsi bu təşkilatın tarixində yol verdiyi ən böyük səhvidir. Onun sözlərinə görə, hər zaman səmimi əməkdaşlığa üstünlük verən bir ölkənin nümayəndə heyətinin rəhbərinə qarşı heç bir fakt olmadan və ədalətsizcəsinə ittiham irəli sürülür:
"Daim qanunun aliliyinə riayət edilməsini, qanunçuluğu bəyan edən bir qurum tərəfindən qanunsuz şəkildə qərar verilir. Hesab edirəm ki, bu, AŞ PA-nın ən bağışlanılmaz səhvidir. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-Azərbaycan əlaqələrinə, əməkdaşlığına töhfə verib. Hər zaman öz ədalətli mövqeyi ilə seçilib. Ona qarşı belə bir addımın atılması qəbuledilməzdir. Bu baxımdan, təbii ki, Azərbaycan tərəfindən də Azərbaycan-AŞ PA münasibətləri dəyərləndiriləcək və müvafiq qərar veriləcək”. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Asim Mollazadə də qərarı ədalətsiz və Azərbaycana qarşı qərəzli mövqe kimi qiymətləndirib: "Əslində məsələni araşdırsaq görərik ki, korrupsiya faktı başqa ölkə tərəfindən, başqa məsələlərlə bağlı olub. Mən bunu Azərbaycana qarşı aparılan informasiya müharibəsinin tərkib hissəsi hesab edirəm. Səməd Seyidovla bağlı qərara gəldikdə isə bu, onun 2 il müddətində məruzəçi və müşahidə missiyalarını məhdudlaşdıran qərardır və təbii ki, ədalətsiz qərardır”.
Deputat bildirib ki, AŞ PA-nın qərarının nümayəndə heyətinin rəhbərliyinə heç bir aidiyyəti yoxdur: "Səməd Seyidov yenə də nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edəcək”. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə bildirib ki, yəhudi lobbisi ona görə güclüdür ki, hər istiqamətdə çoxlu pul xərcləyir: "Dövlət maraqları üçün pul xərcləmək ayıb deyil. Bunu edən tərəfə sanksiya tətbiq etmək isə qərəzdir”.
İsmayıl