Məqsəd Türkiyənin Avropaya girməsinə mane olmaqla yanaşı, qarşı cəbhəyə keçməsinin də qarşısını almaqdır
Avropa Komissiyasının sədri Jan Klod Yunker Türkiyənin Avropa Birliyi perspektivindən danışıb. Sədr Brüsselin qapılarının Ankaranın üzünə açıq olduğunu və Türkiyənin Avropadan uzaqlaşmamalı olduğunu vurğulayıb.
Lakin Yunker bildirib ki, əgər Türkiyə ölüm hökmü bərpa edilərsə, Avropa Birliyinin qapıları birdəfəlik Ankaranın üzünə bağlanacaq: "Türkiyədə ölüm hökmünün bərpası böyük səhv olar. Bu qərardan sonra bütün körpülər dağılacaq”.
AK sədrinin Türkiyəni təhdid etməsinə münasibət bildirən politoloq Araz Aslanlı "Şərq”ə deyib ki, Avropa ölkələrinin Türkiyə ilə bağlı fikirləri müxtəlifdir:
"Həm Avropanı təmsil edən ayrı-ayrı qurumlar, həm də qitənin aparıcı dövlətləri Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsini dəfələrlə gündəmə gətiriblər. Bəziləri hesab edirlər ki, Türkiyə Avropanın eyni dəyərlər baxımından bir parçasıdır. Digərləri isə zənn edir ki, dəyərlər baxımından oxşarlıq olmasa da, strateji tərəfdən Türkiyə ilə əməkdaşlıq etmək mümkündür. Ancaq Türkiyəni bütövlükdə Avropa üçün təhdid kimi görənlər də az deyil. Lakin burada dördüncü fikir də mövcuddur. Düşünülür ki, Türkiyə Avropanın bir parçası deyil, amma buna rəğmən həmin ölkə ilə düşmən münasibətdən çəkinmək lazımdır. Yəni Türkiyəni bir növ "bufer zona” kimi görmək istəyirlər. Məqsəd Türkiyənin Avropaya girməsinə mane olmaqla yanaşı, qarşı cəbhəyə keçməsinin də qarşısını almaqdır. Avropa Birliyi ilə normal münasibətləri olan bir dövlət kimi qalsın, hətta mümkünsə, AB-yə üzv olmaq ümidini də saxlasın”.
Ekspertin sözlərinə görə, müəyyən dövrlərdə Türkiyəyə qarşı "yumşaq” addımlar atılıb. Bəzən isə münasibətlər o qədər kəskinləşib ki, bütün körpülərin yandırıldığı düşünülüb:
"Mövcud vəziyyəti təhlil edəndə belə qənaətə gəlirəm ki, Türkiyənin qısa zamanda Avropa Birliyinə üzv olması real deyil. Bununla yanaşı, körpülərin tamamən yandırılması da mümkünsüzdür. Çünki bu addım Türkiyə ilə yanaşı, Avropa məkanı üçün də mənfi nəticələr verə bilər. Hər iki tərəfdən çox kəskin ifadələr səsləndirənlər əslində bu reallığın fərqindədir. Türkiyənin ticarəti əhəmiyyətli dərəcədə Avropa ölkələri ilə əlaqəlidir, Ankara ən mühüm ticarət ortağıdır. Qərb dövlətləri üçün də NATO üzvü olan Türkiyənin faydası çoxdur. Məncə, tərəflərin sözləri biri-birinə təzyiq xarakteri daşıyır”.
İsmayıl