Avtobuslar texniki müayinədən keçib yola çıxmalıdır

Reydlər də tam effekt vermir, maşınlara verilən sənədlər də saxtadır


Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov son zamanlar nəqliyyat sahəsində işlərin qaydasında getmədiyini deyib.

O bildirib ki, baş verən yol nəqliyyat hadisələri onu göstərir ki, bir çox daşıyıcıların istehsalat bazası yoxdu: "Bu cür bazası olmayan daşıyıcıların avtobuslarının nə texniki müayinəsi, nə də sürücülərin tibbi müayinəsi həyata keçirilir. Bundan başqa, sürücüləri 8 saat əvəzinə 14-15 saat işlədən daşıyıcılar var. Bu problemi aradan qaldırmaq üçün sürücü bazası yaradılmalıdır”, - deyə M.Abbasov qeyd edib.

Müşavirin söyləmiş olduğu faktlar olduqca ciddi xarakter daşıyır. Maraqlıdır, avtobusların texniki və tibbi müayinəsinə nəzarəti hansı strukturlar yerinə yetirməlidir?

Məsələni dəyərləndirən "Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov texniki müayinəyə əsas nəzarəti Dövlət Yol Polisinin yerinə yetirdiyini deyib. Ekspertin sözlərinə görə, nəzarətlərin olmasına baxmayaraq yenə də xoşagəlməz hallar baş verir və bu ancaq daşıyıcıların şəxsi məsuliyyəti ilə aradan qalxa bilər:

"Həqiqətən də nəqliyyat sahəsində xeyli problemlər var. Tibbi və texniki müayinədən keçməyən sürücüyə nəzarəti Bakı Nəqliyyat Agentliyi də (BNA) həyata keçirir. Son vaxtlar belə addım atıldı ki, 2015-ci ilin dekabrından bəri sahibkarlıq sahəsində yoxlamaların aparılması qadağandır. BNA yalnız yoxlamalar aparmağa nəzarət edə bilər və yoxlamalar da qadağandır. Həmçinin, Nəqliyyat Nazirliyi də yoxlamalar apara bilməz.

Bir tərəfdən bu qadağandır, amma o biri tərəfdən həyata keçirilməlidir. Ona görə də hər şey daşıyıcıların insafından asılıdır. Onların qarajları olmalı və orda texniki xidmət olmalıdır. Avtobuslar normal vəziyyətdə yoxlanılıb yola çıxmalıdır. Sürücülər tibbi müayinələrdən keçməlidir. Kənar nəzarətin effekti çox azdır. Əsas məsuliyyət özlərinə qalıb ki, qanunvericiliyə riayət eləsinlər. Düzdür, hərdən DYP reydlər keçirir, amma tam effekt vermir. Bilirlər ki, reyd keçiriləcək və yoxlamanı təsdiq edən hansısa sənədləri yazıb maşına qoyurlar. Amma bu sadəcə yalançı sənəddir”.

Yeganə Bayramova