Avtomobil “ölüxana”sı...

Bu işlə yüzlərlə insan məşğul olur və pul qazanırlar
Ekspertlər iddia edir ki, bu cür satış obyektləri dünyanın hər yerində var


Yol-nəqliyyat hadisələri ilə bağlı demək olar ki, hər gün müxtəlif hadisələr baş verir. Bəzən qəzalara səbəb kimi avtomobil detallarının köhnə olmasını göstərirlər. Ehtiyat hissələrinin satışı ilə məşğul olan obyektlər var ki, bu obyektləri bəzən "ölüxana” adlandırırlar.

Ekspertlər bu məkanda detalların satışını qeyri-qanuni və insan həyatı üçün təhlükəli hesab edirlər. Sürücülərin işlənmiş ehtiyyat hissələri almasının səbəbi də bəllidir. Onlar qiymətin ucuz olduğu üçün məhz işlənmiş və köhnə hissələr əldə edirlər.

"Ölüxana” adlandırılan yer əslində sürücülərin ümid yeridir”

"Yeni ehtiyat hissələri satanlar köhnə detalların satışı ilə məşğul olanlarla rəqabət apara bilmirlər”. Bu sözləri Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib. Onun sözlərinə görə, yeni detalların qiyməti baha olduğu üçün hər kəs işlədilmiş hissələr əldə edir: "Çünki baha qiymətə hansısa detalı almaqdansa, "ölüxana”dan ucuz və bəzən daha keyfiyyətli detal tapıb ala bilərlər. Burda satılan işlənmiş hissəni alan sürücü daha çox razı qalır. Məsələn, Koreyanın hansısa bir avtomobili təmiz Koreya məhsuludu, amma bu gün onun ehtiyat hissəsini Çin də satır, Amerika da. Başqa ölkələrin ehtiyat hissələri də ölkəmizə satılır. Bəzən ziddiyətli məsələlər ortaya çıxır. İstənilən halda amartizatoru almaq istəyərkən 4 cür amartizator təqdim edirlər. O cümlədən digər detalların da 4-5 cür formasını göstərirlər. Hansı yaxşıdı, hansı pisdi, ayırd eləmək mümkün deyil. Məhsulun orijinallığını dərk etmək çox çətindi, insan çaş-baş qalır. Hərdən yeni məhsul adı ilə keyfiyyətsiz detal satırlar. Bu baxımdan "ölüxana” bizim sürücülərin ümid yeridi. Müəyyən qəzalı avtomobillər var. Təbii ki, sürücü maşını təmir edib satmaqdansa, onu ehtiyat hissələrinə bölüb satmağı daha üstün tutur. Çünki daha çox pul qazanır. Bu işlə məşğul olan yüzlərlə adam var. Onlar da bir iş qurublar və bu heç də pis iş deyil. Bu cür satış obyektləri dünyanın hər yerində var”.

Ekspert həmçinin yeni mal satan mağazalarda sertifikatların və zəmanətlərin olmadığını da vurğulayıb: "Avtomobil qəzaya düşür və elə ailələr var ki, ölüm və xəsarət olan maşını ümumiyyətlə qəbul eləmirlər. Maşını detal kimi satırlar. Kimsə alır ya düzəldib sürür, ya da elə insanlar var ki, onu ehtiyat hissələrinə bölüb satır. Yəni, dəmir detallardan söhbət gedirsə, keyfiyyətə baxanda köhnə maşınların detalları daha yaxşıdır. Bu gün bizim avtomobil ehtiyyat hissəsi bazarımız o qədər bərbad gündədir ki, həqiqətən də güvənib müraciət edə biləcəyimiz bir mağaza tapa bilmirik. Sertifikat tələb edirsən, amma heç birində yoxdur. Düzdü, "ölüxana”ların hamısı da etibarlı deyil, deyə bilmərik ki, orda bütün məhsullar keyfiyyətlidi. Lakin mən bildiyimə görə, o bazarlarda zəmanət verirlər. Eyni zamanda satıcı ilə alıcı arasında razılaşmalar da olur. Yeni hissələrin keyfiyyətindən və qiymətindən sürücülərin 90 faizi razı deyil. Buna görə də "ölüxana” dediyimiz bazarlar yavaş-yavaş inkişaf edir”.

"Avtomobil detalı öz ömrünü başa vurmayıbsa və yararsız halda deyilsə, onun istismarı normal haldı”

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə məsələnin olduqca incə və ciddi olduğunu vurğulayıb: "Qanunvericiliyimizə görə, ölkəmizə ancaq sertifikatlaşdırılmış ehtiyat hissələri gətirilə bilər. Bu, qanunun birmənalı olaraq tələbidir. Amma detalların sertifikatlaşdırılmış olmağı o demək deyil ki, istifadə olunmuş məhsullar sertifikatlaşdırıla bilməz. Sadəcə, onlar müəyyən standarta uyğun olmalıdı”. Ə.Hüseynov köhnə detallardan istifadənin yanlış olmadığını deyib. Onun sözlərinə görə, bu işdə müəyyən mexanizm olmalıdı: "Söhbət 2-ci əl olan detallardan gedirsə, belə detallar avtomobilin üzərində olub istifadə olunubsa, bu o deməkdir ki, normal detal olub. Sadəcə olaraq o öz ömrünü başa vurmayıbsa, ondan istifadə eləmək olar. Amma yaxşı olar ki, mexanizm tapılsın və normal bir mağaza olsun. Eyni zamanda mağazaların satışına təminat verilsin. "Ölüxana” deyilən yerə gedirsən əli yağlı uşaq hansısa detalı verir və sabah o uşaq orada yoxdu. Bu hissələr normal mağazada olsa və yaxşı mütəxəssis tərəfindən yoxlanılsa, daha yaxşı olar. Məsələn, qeyd olunsun ki, detal istifadə olunmuş avtomobildən götürülüb, amma istifadəyə yararlıdır. Təhlükəsizlik yaxşı təmin olunmalı və xidmət keyfiyyəti olmalıdı. Əsas məsələ isə alıcıların ciddi olmağıdır. Məsələn, işlənmiş təkər alarkən onun doğrudan da maşının standartına uyğun gəlməsinə diqqət yetirmək lazımdı”.

Yeganə Bayramova