"Ortaya çıxan nəticəni sadəcə əxlaq prizmasından dəyərləndirmək doğru olmazdı"
Axırımız hara gedir?
Məlum videonun bütün personajları təhsilsiz adamlardır
"Ortaya çıxan nəticəni sadəcə əxlaq prizmasından dəyərləndirmək doğru olmazdı"
"Ortaya çıxan nəticəni sadəcə əxlaq prizmasından dəyərləndirmək doğru olmazdı"
Əxlaqsızlığı əyləncəyə çevirən, sonra da onu tirajlayanlar, yayanlar ən ağır cəzaya məhkum edilməlidir
Gündəmi zəbt edən əxlaqsız video ilə bağlı Daxili İşlər Nazirliyi hərəkətə keçdi və verilən məlumatlara görə, 3 gənc qızı əxlaqsız şəkildə videoya çəkib sosial şəbəkədə yayanlar artıq saxlanılıb.
Məlum videoda yer alan 2 kişi və 3 qadın Nəsimi Rayon Polis İdarəsinə gətirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb.
Video geniş ictimai rezonans doğurduğundan və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq böyük narahatlıq və narazılıqla qarşılandığından DİN rəhbərliyinin tapşırığına əsasən məsələ ilə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə həmin görüntülərdə əks olunan 2 kişinin və 3 qadının şəxsiyyətləri müəyyən edilib və onlar saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətiriliblər. İstifadələrində olan "Land Rover” markalı avtomobil isə mühafizə olunan duracağa yerləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, sözügedən eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və RF vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunmuş və orada iştirak edən 3 qadının da görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.
Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Fazil Mustafa: «Cəmiyyəti xəstəlik virusuna tabe etdirirlər»
Qızların yayılan məlum videosu insanda belə təsəvvür yaradır ki, sanki kimlərsə cəmiyyəti çalxalamaqdan həzz alırlar. Manyakdılar, mozaxistdilər, ruhi xəstədirlər, nədirsə, onlarla bağlı ciddi ölçü götürülməlidir.
Bundan əvvəl millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə yayılmış, zərərli vərdişləri təbliğ edən kliplə bağlı Baş prokuror Zakir Qaralova və Daxili işlər naziri Ramil Usubova müraciət etmişdi. Təhlükəli məzmun daşıyan bu klipin həm musiqisinin bayağılığı, həm də ələlxüsus qadınların narkotik təbliğatçısı qismində görünməsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu.
Bu cür kliplər yalnız sosial-mənəvi baxımdan təhlükəli deyil, eyni zamanda zərərli vərdişlərin təbliğatçısı olduqları üçün cinayət məsuliyyəti də daşıyır.
Millət vəkili Fazil Mustafa qızların videosu ilə bağlı da fikirlərini bildirib:
- Çılpaq qızların videosu yayıldı, cəmiyyətdə bir keçici çalxalanma yaratdı, bunu tirajlayanlar qınağa və ya marağa tuş gəldi, iş elə gətirdi ki, bahalı maşınlarının nömrəsindən adamları tapmaq da çətin olmadı. Ortaya çıxan nəticəni sadəcə əxlaq prizmasından dəyərləndirmək doğru olmazdı. Bu, Azərbaycanda sosial və digər şərtlərdən yaranmış acınacaqlı bir gerçəklikdir, narkomaniya və fahişəlik əvvəlki illərdən fərqli olaraq təsir coğrafiyasını xeyli genişləndirib. Burada diqqət yetiriləsi əsas məqam budur ki, həmin videonun bütün personajları normal orta və yaxud ali təhsil almayıblar. Fahişəsi də, iş adamı da savadsızdırlar, təhsilsizdirlər. Çünki normal təhsili olan insan ən azı öz kriminalının açılması üçün belə ipucu verməməlidir.
Eyni durum "Kazbek"i dolduranların klipinə də aid oluna bilər. Oynayan qadınların kimliyini araşdırsanız, tam əminliklə söyləyirəm ki, normal təhsil almamış insanlardır. Hansısa əxlaqsız əməllərin sahibi ola bilərlər, lakin təhsil və təlimi yerində olan ən azı özünü təqdimatın bu cür bayağı formasını seçə bilməz.
İş burasındadır ki, idmançısı da, müğənnisi də, teleaparıcısı da, jurnalisti də, bələdiyyəçisi də, deputatı da lazımi keyfiyyətli təhsil mərhələsindən keçmədikdə büsbütün cəmiyyəti öz xəstəlik virusuna tabe etdirir. Hələ elm sferasında, pedaqoji arenada yüzlərlə qadına diplomun alisini peşkəş ediblər, əksər akademikin, professorun, böyük səlahiyyət sahiblərinin, pullu kimliklərin ailəsindən, qohum-əqrəbasından bir çox insan ən azı fəlsəfə doktorudur, məmurların əhəmiyyətli hissəsi normal təhsil almadan bir neçə ali təhsil diplomu daşımaqdadırlar, sonradan bunların əziyyəti bütünlükdə cəmiyyətin üzərinə düşür. Təhsil, təlim, elm anlayışımızı dəyişməyincə çox çətin olacaq axırımız. Hərdən məndən soruşanda ki, "axırımız necə olacaq?", öz-özümə gülümsəyirəm ki, nə qədər sadəlövh olasan ki, bu axırımızın elə axırımız olduğunu görməyəsən, sezməyəsən. Məktəbə qayıtmalıyıq, məktəbə. Məktəbdəki yaramaz müəllimləri təmizləyib layiqli müəllimləri yenidən dirçəldərək millətin baştacına çevirə bilməsək, hamımızın videosunu deyil, ətini paylaşacaqlar...Ermənilər, ruslar, farslar, avropalılar, amerikalılar...31 martda, 20 yanvarda, Xocalıda olduğu kimi...
Zəkurə Quliyeva: «Binamuslar düşünməsin ki…»
Məlum olayla bağlı «Qarabağ» qəzetinin əməkdaşı, jurnalist Zəkurə Quliyeva «fecebook» səhifəsində fikirlərini yazaraq həmin videonu çəkib yayanların cinayət məsuliyyətinə cəlb edilməli olduğunu deyib:
- O videodakı əxlaqsızlıq yuvası barədə ən ciddi istintaq aparılmalı, onlar da, xalqın soyqırımı günü bu videonu yayımlayanlar da cəzalandırılmalıdırlar.
Soyqırım qurbanlarının anım günü o əxlaqsız videonu gündəmə gətirib paylayanlar - bu torpaqda yediyiniz çörək, udduğunuz hava sizə haram olsun!
Və bu videonu çəkən, pul gücünə axmaq qızları bu vəziyyətə salan binamuslar, düşünməyin ki, sizin ananız, bacınız bu qızlardan fərqlidi. Əgər sizin ananız əxlaqlı qadın olsaydı dünyaya sizin kimi biqeyrət əclaflar gətirməzdi. Demək qanınız pozuqdu.
Bəs sizə nə olub, ay millətim, sosial şəbəkəni izləyən düşmənlərimizin gözü qarşısında nəyin sərgisini edirsiniz, nəyi sübut etməyə çalışırsınız, ayıb deyilmi?
Yoxsa sizin üçün möcüzə baş vermişdi?!
Unutmayın, müharibənin qanunlarından biri budur, bir milləti məhv etmək üçün birinci onun mənəviyyatını məhv edirlər.
Gəlin bu çətin sınaqda qaldığımız müddətdə bir-birimizə dayaq olaq, mənəviyyatımıza sahib çıxaq. Biz erməni milləti deyilik ki, fahişəliyə adi hal kimi baxaq! Bizim millətin özünəməxsus mentaliteti, dəyərləri var. Xocalı hadisəsində qadınlarımızı lüt gəzdirən ermənilərlə daha bu videonu çəkənin, təbliğ edənin nə fərqi var?.. hamınızın evində bir ana, bir bacı, bir həyat yoldaşı var. Düşünün bir az. Nəyi harda, nə vaxt deməyi bacarın. O lent əyləncə xatirinə yayılmamalıdır. Çox ciddi istintaq materialı kimi DİN-ə təqdim olunmalı və xalqın, Azərbaycan qadınlarının tələbi ilə o əxlaqsızlar ən ağır cəzaya məhkum olmalıdırlar.
Həvva Məmmədova «Dövlət Təhlükəsizliyi Xidməti hərəkətə keçməlidir»
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Həvva Məmmədova
«Şərq»ə açıqlamasında yayılmış videodan dəhşətə gəldiyini dedi:
- İki gündür dəhşət içindəyəm. Bunlar kimdir, nə işlə məşğuldur, haradan gəliblər, kimə arxayındırlar ki, bu cür əxlaqsız, iyrənc hərəkətlər etmələri bir yana, üstəlik videosunu da çəkib yayırlar? Həm də azərbaycanlıların soyqırımını anım tarixində?! Mənə bu video və onun yaratdığı çalxalanma, inanın çox ağır təsir edir. Əxlaqsızlığı əyləncəyə çevirən, sonra da onu tirajlayanlar, yayanlar ən ağır cəzaya məhkum edilməlidir. Kim bunlara icazə verir ki, xalqın heysiyyəti ilə, namusu ilə oynasınlar, xalqın qız-gəlinini təhqir etsinlər? Bu video Azərbaycan qadınına, Azərbaycan anasına təhqirdir. Hesab edirəm ki, Daxili İşlər Nazirliyi də, Dövlət Təhlükəsizlik Xidməti də dərhal hərəkətə keçib bu insanları aşkara çıxarmalı və bu işin arxasında hansı məkrli məqsəd dayandığını da üzə çıxarmalıdırlar. Çünki bu məsələ, sıradan bir iş deyil. Burada xalqımıza, dövlətimizə qarşı iyrənc kampaniya da ola bilər. Dəqiq araşdırılmalıdır ki, həmin adamlar azərbaycanlıdırmı, ruhi xəstədirlərmi, yoxsa bilərəkdən, hansısa məkrli məqsəd güdərək belə hərəkətə əl atıblar. Ailəsinə, anasına, bacısına və həyat yoldaşına hörmətlə yanaşan, əxlaq, namus nə olduğunu bilən adam heç vaxt belə əməl etməz. Hüquq-mühafizə orqanları bu adamlarla bağlı ciddi ölçü götürməlidir, əks halda, bu cür hallar daha çox yayılmağa başlayacaq.
H.Məmmədova videonun yayılmasında iştirak etmiş adamların ailələri barədə dəqiq məlumatların toplanmalı olduğunu da dedi:
- Bu adamların ailələri də araşdırılmalıdır. Və ictimaiyyətə geniş məlumat verilməlidir. Onlar televiziyaya gətirilib efir vasitəsilə xalqdan üzr istəməlidirlər. Bu cür hallara qarşı ictimai qınağın təşkili böyük əhəmiyyət daşıyır. Media da susmamalıdır, TV-lər də bu alçaqları ictimaiyyətin müzakirəsinə çıxarmalıdırlar. Qoy xalq onları lənətləsin. Bəzən cəmiyyətdə belə səhv fikirlər formalaşdırılır ki, səs-küylə məsələlər həll edilməməlidir.
Lakin hər məsələnin özünün həll müstəvisi vardır. Xalqı aşağılayanlara, Azərbaycan qadınının, xalqın ləyaqətini tapdalayanlarla onların başa düşdükləri dildə danışılmalıdır. Hansı mədəni insan bu cür alçaq video yayar? Ləyaqəti, şərəfi, mənliyi olan bu addımı atarmı?! Mən televiziyalarımızdan narazıyam. Bayağılığı, səviyyəsizliyi bizim bəzi telekanallar yayır. Televiziyalarımız musiqidən başı çıxmayan, bayağı, səviyyəsiz müğənniləri tərifləyə-tərifləyə efirə çıxarmasalar, bayağılıq bu dərəcədə ayaq açıb yeriməz. Biri çıxıb Nəsiminin qəzəlini eybəcər şəklə salır, TV-lər onu az qala «qəhrəman», «ulduz» elan edir. Eləcə də musiqi anlayışı olmayan, Azərbaycan mədəniyyətinə, incəsənətinə aidiyyəti olmayan digərlərini. Biri çıxıb xalq artistini təhqir edir, kimsə ona irad bildirmir. Soruşuram, niyə şəhidliyi seçmiş övladların anaları təbliğ edilmir? Verilişlərə, müəllif proqramlarına bu fədakar, şəhid böyütmüş, layiqli Vətən övladı tərbiyə etmiş analar dəvət edilmir?
Milli Televiziya və Radio Şurası bunlarla bağlı ölçü götürməlidir. Axı insan nə qədər şit, səviyyəsiz, bayağı verilişlərə baxar? Özlərini təmizə çıxarmaq, haqq qazandırmaq üçün də deyirlər, guya tamaşaçı bunları istəyir. Bu, xalqı aşağılamaqdır. Guya ki, bizim xalqımız bayağı verilişləri, səviyyəsiz, ucuz şouya köklənmiş teleserialları bəyənir? Bu, xalqa hörmətsizlikdir. Burada mentalitet, Azərbaycan xalqının əsrlərdən bəri qoruya-qoruya əziz tutduğu adət-ənənələrin dağıdılması prosesi gedir.
Ölkəmiz müharibə şəraitindədir. Torpaqlarımız işğal altındadır, amma bizim telekanallarda hər dəqiqə çal-çağır, toy-bayramdır. Bir tərəfdən bu cür əxlaqsız videolar, video-çarxlar internetdə yayılır. Bunu edənləri tapıb müəyyənləşdirmək çətin iş deyil. DİN də, DTX-də bu məsələlərə ciddi yanaşmalı və xalqın ləyaqətini tapdalamaq istəyində olanları sərt cəzalandırmalıdır ki, başqalarına da görk olsun.
Məlahət Rzayeva