Ayan 14 yaşlı qoşulub qaçan qızın müdafiəsinə qalxdı

Yazıçı isə deyir ki, bu tipli problemlərin kökündə savadsızlıq, cahillik dayanır



Xəzər TV-də yayımlanan "Bizə danış” verilişinə 14 yaşlı qız müraciət edib. O, 14 yaşında qoşulub qaçdığını və 6 aylıq hamilə olmasına rəğmən oğlanın ailəsi tərəfindən evdən atıldığını bildirib. 14 yaşında özündən 13 yaş böyük oğlana qoşulub qaçan yeniyetmə qız Xoşqədəm Hidayətqızından kömək istəyib.

Verilişin ekspertlərinin və aparıcının tənqidlərinə tuş gələn qız göz yaşlarını tuta bilməyib. Müğənni Ayan Babakişiyeva isə sosial şəbəkə istifadəçilərinə hesabından etdiyi paylaşımla bərk qəzəbləndiyini nümayiş etdirib. Müğənni iki gün öncə sevgilisinə qoşulub qaçan 14 yaşlı qızı tənqid atəşinə tutanlara sərt reaksiya verib.

Müğənni sosial şəbəkə istifadəçilərinin yetkinlik yaşına çatmayan qızı qınaq atəşinə tutmalarını anlaşılmaz addım kimi dəyərləndirib: 

"Bir neçə səhifə bu xəbəri paylaşıb və aşağıda camaat yazır ki: "Kül sənin qız başına” və başqa təhqiredici sözlər... Bu qızcığaz hələ 14 yaşındadır. Bəs bunu qaçıran namussuz hələ qızdan da 13 yaş böyükdür. Bu bilmir ki, ən böyük günahı alıb boynuna? Niyə görəsən, həmişə qadınlar-qızlar, analar qınaq atəşinə tutulur?

Bir şeyi unutmayın ki, kişi istərsə, qadınını mələk də edər, fahişə də. Bəsdir artıq! Ən çox da qınayan elə qadınların özləridir. Bir özünüzü o qızcığazın yerinə qoyun. Durub burada deməyin ki: "A... , yox, mən tərbiyəli qadınam”. Başımıza sabah nə gələcək - onu bir tək tanrımız bilir. Sahiblənməyi bacaraq. Baltalamaq onsuz da asandır!”.

Yazar Cəlil Cavanşir isə "Şərq”ə açıqlamasında bütün cəmiyyətlərdə buna bənzər hadisələrin baş verdiyini deyib. Sadəcə olaraq Azərbaycan cəmiyyətində özünü ifrat vəziyyətdə büruzə verir. Yazarın sözlərinə görə, bu tipli problemlərin kökündə savadsızlıq, cahillik dayanır: 

"Ailələr istənilən halda övladına sahib çıxmalıdır. Amma bu məsələlərdə dövlətin qayğısı, diqqəti vacibdir. Ailələr sahib çıxmasa da, dövlət sahib çıxmağı bacarmalıdır. Problemin kökü cəhalətdir, illərdir dəyişməyən mentalitetdir, geri düşüncədir”.

Şəymən