Aygün Bəylərə cavab:“Başa “kepka” qoymaq sənətkarlıq deyil”
Əməkdar artist Aygün Bəylərlə Röya Ayxan arasındakı yeni qalmaqal başlayıb. A.Bəylər "Səhər-səhər” verilişində Elgiz Əkbərin "Röya sənətkardır” deməsinə etiraz edərək, verilişi tərk edib: "Hansı sənətdən danışırsan? Əsəbiləşdirirsən məni... Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur. Şou-biznesdəkilərin 80 faizi o gündədir. Sənətkar mənəm ey. Sənin onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Nigarı (Nigar Camal - red.) Röyanın yanına qoysan, sənətdə onu sökər. Qorxmuram... Mən sənət üçün doğulmuşam.
Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən. Hansı oxuyanda musiqi təhsili var? Estrada da, ərəb mahnısı, muğam da oxuyuram. Kimə deyim? Xoşuma gəlmir sənəti olmayandan danışırsan. Bəlkə xalq iyrənir? Mən onun səsinə qulaq asa bilmirəm. İlk gələn vaxtlar məndən məsləhət aldı ki, tək gəlmisən, necə edim mən də?
Çox söhbətlər var ey. Çağırırlar, tədbirə gedib oxuyurlar. Biz o vaxt tədbirdə sənətkarlar görəndə qorxurduq salam verməyə. Bunlar yox. Adamın varsa, ödül də alacaqsan. Başına papaq qoy, makiyajsız al bunu. Kimə görə sənətkardı? Buna görə oxumaqdan iyrənirəm. Röyadan qabaq gələnlər var. Mənim fikrim hamıdan artıq olmalıdır. Mən əziyyət çəkmişəm. Saç yapışdırıb, klip çəkib sənətə gələ bilməzsən”.
Aygün daha sonra "Sənəti olmayan yanında belə danış” deyib, efiri tərk edib. Daha sonra isə geri qayıdıb.
Qeyd edək ki, A.Bəylər illər öncə müsahibəsində "Röya sənətkar deyil” demişdi.
Röyanın prodüseri Kənan Bayramov "Şərq”ə açıqlamasında "İnanın, Röyanın haqqında Aygün Bəylər kimilərin söz deməsi bizim üçün, xüsusilə Röya üçün maraqlı deyil. Sənətkar sözünü tez-tez hallandırıb. Başa "kepka” qoymaq sənətkarlıq deyil.
Qeyd edib ki, başına "kepka” qoyub sənət nümayiş etdirsin. Aygün bəylər başına "kepka” qoymağı sənətkar üçün göstərici hesab edirsə, bu da onun düşüncəsinin səviyyəsini göstərmiş olur. Hər ikisi əməkdar artistdir. Dövlət tərəfindən hər ikisinin statusu eynidir. Bu, başqa məsələdir. Qaldı tamaşaçı sevgisinə, bu artıq tam göstəricidir. Röyanın tamaşaçı tərəfindən nə qədər sevilib-sevilmədiyi göz önündədir. Röyanın sənətini qəbul etməyənlər varsa, bir öz yaradıcılıq işlərinə nəzər yetirsinlər, bir də Röyanın uğurları ilə maraqlansınlar. Böyük fərq göz önündədir. Bu gün Röya ən böyük tamaşaçısı olan sənətçidir. Bunu kimsə qəbul etmirsə, bu da onun problemidir.
İnanın, Röyanın da, mənim də o qədər işlərimiz var ki, Aygün kimilərlə baş ağrıtmağa dəyməz. Aygün kimilər boş danışarkən Röya konsertlərə, yeni layihələrə zaman xərcləyir. Mənim də Aygünlə vaxt itirməyim yersiz olar. Mənim təşkil etdiyim konsertləri, layihələri, televiziya verilişlərini bundan sonra Aygünün həyata keçirməsi üçün illər lazımdı. Röyanın bir ildə əldə etdiyi yaradıcılıq uğurlarını Aygün 14 ildə edə bilməyib. Sənət təkcə mikrofon əlinə götürüb ifa etmək də deyil. Sənətkarın ifasından tutmuş səhnə mədəniyyətinə, tərzinə, üslubuna, danışığına qədər biri-birini tamamlamırsa, o, sənətkar sözünə layiq deyil.
Çobanın da səsi ola bilər. Amma ona sənətkar deyillər? Bəzi səsi olanlar var ki, səhnədə olsalar da, düşüncə tərzləri, davranışları elə çoban qədərdi. Röya lazım olan cavabını verib. Biz hər adamın dediyinə reaksiya versək, hər komentə, hər açıqlamaya cavab verməli olsaq, gərək işimizi atıb ancaq bununla məşğul olaq. Bizim Aygün Bəylər kimi boş vaxtımız yoxdu. Efirdə danışıq tərzini bilməyən biri ilə sənət mübadiləsi aparmaq da Röyanın tərzi deyil. Hərənin bir sənət çəkisi var. Bunu da tamaşaçı sevgisi ilə təyin edirlər. Röyanın çəkisini tamaşaçı təqdim edir.
Qaldı verilişdə Nigarı sənətkar adlandırır və bildirir ki, Nigar sənət baxımından Röyanı "sökər”, görünür, Aygün Bəylər kimilərin gözündə Nigar sənətkar görünə bilir. Bir də Azərbaycan tamaşaçısının rəyini soruşun görün Röya ilə Nigarı müqayisə etmək istəyirlər? Ola bilər Nigarın da fanatları var. Amma yenə qeyd edirəm, səhnədə kimin çəkisi nə qədərdi, bunu ancaq tamaşaçı təyin edə bilir. Subyektiv fikirlər göstərici sayıla bilməz. Aygün deyir ki, guya, Röya ondan səhnəyə gələndə məsləhət alıb.
Aygün yaşda Röyadan böyükdü, əgər ilk addımlarını atanda özündən böyükdən məsləhət qəbahət sayılırsa, bundan sonra heç bir gəncə məsləhət bilməzdim ki, yaşda özlərindən böyüklərdən tövsiyə alıb addım atsınlar. Amma Aygünün bu sözünün də səmimiliyinə inanmıram. Röya Aygündən düşünmürəm ki, məsləhət almağa ehtiyac görsün.
Olsa belə, bu, qəbahət deyil. Məsləhət almaq sənətdə onun üçün hansısa işlərdə kömək olmaq demək deyil. Röyaya verdiyi məsləhətlərin bir hissəsini Aygün özünə məsləhət bilsə, yəqin ki, 15 ildi gəldiyi yolda daha böyük uğurlara imza ata bilərdi. Aygün hansı böyük layihələrin müəllifidir? Bunu bir də ondan soruşun?!”.
Tahirə