Bakı ideyaların mübadiləsi platformasına çevrildi
"Əminliklə demək lazımdır ki, Prezident İlham Əliyevin liderliyi altında Azərbaycanla bağlı beynəlxalq platformalar daha da şaxələnəcək"
2008-ci ilin 2-3 dekabr tarixində Sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi”nin əsası qoyulub. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi Bakıya dəvət edilərək Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı təşkil olunub. Beləliklə, mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olunub. Konfransda "Mədəniyyətlərarası dialoqun təşviqinə dair "Bakı Bəyannaməsi” də qəbul edilib. Prosesin davamı olaraq 2010-cu il sentyabrın 23-də Prezident İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edilib. 2011-ci ilin 7-9 aprel tarixində Bakıda YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun tərəfdaşlığı ilə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub.
10 ildir Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə uğurla davam etdirilən beynəlxalq forumların əhəmiyyəti ilə bağlı "Şərq”ə danışan millət vəkili Zahid Oruc deyib ki, "Bakı prosesi”nin başlanması Azərbaycanın regional və beynəlxalq miqyasda məqsəd və məramını ortaya qoyur. Deputat bildirib ki, paytaxt Bakı sülh, təhlükəsizlik, sivilizasiyalar arası dialoqlar və mədəni əlaqələrin formalaşması üçün öz iradəsini dəfələrlə sübuta yetirib:
"Ərazisi təcavüzə məruz qalmış bir dövlətin qlobal iddialarla çıxış etməsi çoxları tərəfindən düzgün anlaşılmırdı. Bəziləri düşünürdü ki, qonşusu Ermənistanla müharibə şəraitində olan Azərbaycan müxtəlif formasiyaları, ayrı-ayrı idarəetmə quruluşlarını və kəskin şəkildə biri-birindən fərqlənən mədəniyyətləri "dəyirmi masa" ətrafında toplaya bilməz.
Bəlkə də başqa dövlətlər buna risk kimi baxırdılar. Çünki bu kimi təşəbbüslər əsasən dünyanın super gücləri tərəfindən həyata keçirilirdi. Ancaq Azərbaycan bunu bacardı və Bakını ideyaların mübadiləsi platformasına çevirdi.
Ötən illər ərzində Azərbaycanı yalnız enerji resurslarına görə tanıyan dövlətlərlə ən üst səviyyədə yeni münasibətlər sistemi formalaşdı. Azərbaycan uğurlu şəkildə bu ideyaların ixracında rol oynamağa başladı. Şahidiyik ki, müxtəlif konflikt tərəfləri Bakıda çox asanlıqla bir masa arxasına əyləşir, burada bəşəriyyəti narahat edən yoxsulluq, təbəqələşmə və Yaxın Şərq böhranı üçün çözüm yolları axtarırlar. Yaxşı xatırlayırıq ki, ABŞ və Rusiya arasında qarşıdurmada, eləcə də ABŞ-la İran arasındakı konfliktlərdə həmin ölkələrin nümayəndələri məhz Bakını ortaq məkan kimi seçiblər”.
Z.Oruc bəyan edib ki, əgər Azərbaycan regional təcrid siyasəti yeritmiş olsaydı, Bakının adı xarici informasiya orqanlarına düşməz, tanınmış beynəlxalq simalar Azərbaycana gəlməzdi:
"Neft və qaz dünya üçün lazımlı ehtiyatlardır. Bunların üstünlüyünü inkar etmirik. Ancaq bununla yanaşı Bakımız mədəniyyətlər, dinlərarası dialoqlar, fərqli sivilizasiyalar məkanı kimi də tarixə adını yazdırır. Diplomatik cəbhədə mövqeyini möhkəmləndirir. Əminliklə demək lazımdır ki, Prezident İlham Əliyevin liderliyi altında Azərbaycanla bağlı beynəlxalq platformalar daha da şaxələnəcək. Arzu edərdim ki, beyin mərkəzləri, siyasi institutlar və təhlil qrupları çevrəsində də beynəlxalq tədbirlər keçirilsin”.
İsmayıl