""Cənub Qaz Dəhlizi"ndə Azərbaycan fövqəladə dərəcədə əhəmiyyətli mövqedə çıxış edir”.
Bunu "Sherg.az”a millət vəkili Tahir Kərimli Azərbaycanın liderliyi ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi” layihəsinin qlobal və tarixi önəmindən danışarkən söyləyib.
O bildirib ki, digər qaz ixrac edən ölkələrin əksinə Azərbaycanın təbii qazı dünya bazarlarına çıxarması dövlətimizin uğurudur:
"Azərbaycan bütün Mərkəzi və Ön Asiyanı, Xəzər dənizi regionunu, Cənubi Qafqazı Avropa ilə birləşdirə bildi. Gürcüstan və Türkiyədən keçməklə qaz ehtiyatlarımız Avropaya çıxarılır. Bu dövlətimizin regionda, Avropada əhəmiyyətini artırır.

"Cənub Qaz Dəhlizi" vasitəsilə dünya bazarına çıxarılan qazın satışı ölkənin nüfuzunun artması ilə yanaşı, gəlirlərinin təmin edilməsinə də müsbət təsir göstərir. Azərbaycan bununla özünün gələcəyini təmin etmiş oldu. Ölkə başçısının qeyd etdiyi kimi, respublikamız 100 illərlə tükənməyəcək qaz ehtiyatlarına sahibdir. Bundan səmərəli istifadə etmək isə öz əlimizdədir. "Cənub Qaz Dəhlizi" layihəsinin əsas təşəbbüskarı və baş icraçısı Azərbaycanı hesab etmək olar. Dəhliz daxilində əsası qoyulan TAP və TANAP layihələri hər biri də ayrıca gəlir gətirəcək kəmərlərdir. 11 ölkənin "Cənub Qaz Dəhlizi"nə investisiya qoyduğunu nəzərə alsaq, bu layihənin region üçün nə qədər əhəmiyyətli olduğunu anlayarıq”.
T. Kərimli onu da əlavə edib ki, Cənub Qaz Dəhlizinin Azərbaycanın gələcək iqtisadi rifahının qarantıdır:
"Eyni zamanda bu, strateji və siyasi təhlükəsizliyimiz baxımından da belə beynəlxalq layihələrin əhəmiyyəti yüksəkdir. Hətta bu layihəni Azərbaycanın diplomatik qələbəsi də hesab edə bilərik”.
Qeyd edək ki, dünən Səngəçal terminalında "2Cənub Qaz Dəhlizi"nin açılış mərasimi baş tutub. Dəhliz Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
Aysel Aslan