“Azərbaycan dünyaya konfliktlərin həlli üçün anlaşma yolunu təqdim edir”

Bu gün Bakıda "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başladı.
Mötəbər beynəlxalq tədbir haqqında «Sherg.az»a danışan politoloq Elçin Mirzəbəyli qeyd etdi ki, bu, çox önəmli platformadır:
- «Bakı prosesi» 2008-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü ilə başlayıb. Və bu müddət ərzində keçilən yolda nəzər salanda hər il həm coğrafi hüdudlar baxımından, həm də iştirakçı dövlətlərin sayı baxımından əhəmiyyətli artımın şahidi oluruq. 
Zaman keçdikcə bir daha sübut olunur ki, Azərbaycan sivilizasiyaların qarşılaşması, fərqli etnik və dini qrupların qarşılıqlı anlayış çərçivəsində fikir mübadiləsi aparması üçün ən əlverişli məkandır. 
Dünya başqa meylləri – konfliktlərə sürüklənən imperiya maraqlarını da müşahidə edir. Belə bir gərgin zamanda Azərbaycan dünyaya konfliktlərin həlli üçün qarşılıqlı anlaşma yolunu təqdim edir. Cənab Prezident də çıxışında bir neçə məqama diqqət cəlb etdi. Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin əslində dialoqa xidmət etdiyini vurğuladı. Azərbaycanın təşəbbüskarı olduğu layihələr bir neçə dövləti bir araya gətirir. Bu da o deməkdir ki, iqtisadiyyat dövlətlərarası dialoqa yol açır. 
Azərbaycan diskriminasiya, dini, irqi ayrı-seçkiliyin alternativinin multikulturalizm olduğunu və bunun bizim dövlət siyasətimizin əsasını təşkil etdiyini dünyaya göstərir. VəForumda da insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrənilir.
Məlahət