Vardevanyan: Ermənistan Konstitusiya Məhkəməsi hökumət proqramının hüquqi əhəmiyyətini kiçildib

Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin hökumətin 2031-ci ilədək olan proqramında Erməni Apostol Kilsəsinin “islahatı” ilə bağlı müddəaların konstitusiyaya uyğunluğuna dair müraciətini rədd etməklə proqramın hüquqi əhəmiyyətini kiçildib.

Sherg.az xəbər verir ki, bu fikri parlament sədrinin müavini, “Güclü Ermənistan” müxalifət fraksiyasının üzvü Aram Vardevanyan bildirib.

Onun sözlərinə görə, məhkəmə hökumət proqramını konstitusiya nəzarətinin deyil, siyasi müzakirələrin predmeti kimi qiymətləndirib. Vardevanyan hesab edir ki, bu yanaşma məhkəmənin mübahisəli məsələyə hüquqi qiymət verməkdən yayınması deməkdir.

Qeyd edək ki, müxalifət fraksiyaları hökumət proqramında II Qareginin katolikos vəzifəsindən uzaqlaşdırılması və Erməni Apostol Kilsəsinin yeni nizamnaməsinin qəbul edilməsi ilə bağlı müddəaların konstitusiyaya uyğunluğuna etiraz etmişdilər.

Vardevanyan vurğulayıb ki, Ermənistan tarixində hökumət proqramının və ya onun təsdiqi prosesinin Konstitusiya Məhkəməsində mübahisələndirilməsi presedenti olmayıb.