Dünya İqtisadi Forumunun illik hesabatında ölkəmiz 7 mümkün baldan 4,69 bal toplayıb
“Reytinqdə yüksək yer tutmağımızın səbəbi ondan ibarətdir ki, hökumət bundan sonra da neftin qiymətinə bel bağlamayacaq. Götürdüyü kursu davam etdirməyi qarşısına məqsəd qoyub”
Azərbaycan Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub. Məlumata görə, ümumi daxili məhsula alternativ qismində hazırlanmış "İnklüziv inkişaf indeksi” insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir.
Qeyd edək ki, cari hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. Hesabata əsasən, inkişaf etməkdə olan ölkələr indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf etmiş ölkələr indeksində isə Norveç, İslandiya və Lüksemburq liderlik edirlər. Ekspertlər Azərbaycanın sözügedən reytinqdə 3 yerə yüksəlməsini təqdirəlayiq hesab ediblər və bunun səbəblərini açıqlayıblar.
Məsələ ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, burada söhbət ölkədə aparılan iqtisadi islahatların xalq tərəfindən müsbət dəyərləndirilməsindən gedir.
Ekspertin sözlərinə görə, reytinq ölkə iqtisadiyyatının xarici şoklardan və xarici amillərin təsirlərindən sığortalanması baxımından daxili iqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlərin insanlar tərəfindən necə dəyərləndirildiyini ortaya qoyur: "Vətəndaşlar görülən islahatları həm sosial, həm də maddi cəhətdən hiss edirlər. İnklüziv inkişaf indeksi əhalinin öz ölkələrindən mövcud iqtisadi vəziyyəti qiymətləndirdikləri meyarı özündə əks etdirir. Bilirsiz ki, dövlət büdcəmiz və ölkəmizin gəlirlərinin böyük hissəsi neft gəlirlərindən asılı olub. 2014-cü ilin yayından bu yana neftin qiyməti üç dəfə aşağı düşüb. 2016-cı ilin yanvarında neftin qiyməti hətta 30 dollardan da aşağı enib. 2015-ci ildə manat iki dəfə dəyərdən düşüb, növbəti ildə isə sərbəst məzənnə rejiminə buraxılıb. Bütün bu arzuolunmaz tendensiyalar 2017-ci ilin fevralın ortasına kimi davam edib. Həmin tarixdən sonra isə proses dayanıb. Çünki neftin qiymətinin ucuzlaşması baş verməyib. Ölkədə makroiqtisadi sabitliyi qorumağın çətinləşdiyi bir dövrdə hökumət 2015-ci ildə manatla bağlı mühüm addımlar atdı. 2016-cı ilin yanvarından etibarən ölkənin ixrac potensialının sürətləndirilməsi istiqamətində ciddi işlər görüldü. Prezident tərəfindən bir sıra müvafiq qərar və sərəncamlar verildi, hüquqi normativ aktlar imzalandı. Eyni zamanda hökumətə mühüm tapşırıqlar verildi, struktur islahatları aparıldı, islahatlara nəzarət mexanizmi təşkil edildi. Bütün bunlar ölkədə makroiqtisadi sabitliyin əldən getməsinin qarşısını aldı. Bunun əsas göstəricilərindən biri də o idi ki, əhalinin sosial ödənişləri - maaş və pensiyaların ödənilməsi, müavinətlərin verilməsi sahəsində heç bir problem yaşanmadı. Ölkənin, xüsusən də Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları daxil olmaqla ümumi valyuta ehtiyatları tükənmədi. Əksinə, keçən ildən etibarən həm görülən iqtisadi islahatlar nəticəsində, həm də neftin qiymətinin ucuzlaşmasının dayanması nəticəsində yaxın gələcəyimizdəki çox təhlükəli və kəskin şokdan, xarici təsirdən yaxa qurtara bildik”.
Ekspertin sözlərinə görə, hamının hər şeydən razı olduğunu demək olmaz. Amma əhalinin intellektual səviyyəsi yüksək olan təbəqəsi görülən işləri görür və aparılan islahatların nəticəsini özündə hiss edir: "Üzləşdiyimiz iqtisadi problemlərdən vətəndaşlarımız çox da böyük itkilərlə çıxmadı. Düzdür, alış-veriş azaldı, əhalinin real gəlirlərində azalma oldu, ancaq bütövlükdə iqtisadi maraqların əldən getməsinin qarşısı alındı, iqtisadi təhlükəsizlik nöqteyi-nəzərdən özümüzü qoruduq. Hazırda islahatlar davam etdirilir. Reytinqdə yüksək yer tutmağımızın səbəbi ondan ibarətdir ki, hökumət bundan sonra da neftin qiymətinə bel bağlamayacaq. Götürdüyü kursu davam etdirməyi qarşısına məqsəd qoyub”.
İsmayıl