Azərbaycan jurnalisti, təhlükələrə hazır ol!
Media ekspertləri və baş redaktorlar ekstremal situasiyadan peşəkarlıqla çıxmağın yollarını göstərirlər
(əvvəli ötən sayda)
Ekstremal vəziyyətlər üçün jurnalistlər xüsusi yetişdirilir, təcrübə toplayırlar. Amma bir sıra hallarda hadisələr gözlənilmədən baş verir. O zaman isə bu və ya digər formada hadisəyə şahidlik edən jurnalistin, foto-reportyorların üzərinə xüsusi məsuliyyət düşür. Bir müddət əvvəl Rusiya səfirinin Türkiyədə öldürülməsi dünya gündəmini zəbt etdi. Rusiyalı səfirin ölüm anını çəkən "Associated Press” agentliyinin fotoqrafı Burhan Özbilici təsadüfən hadisə yerinə gəldiyini dedi. Onun sözlərinə görə, standart bir tədbirdə qara kostyumlu və qalstuklu şəxsin tapança çıxardığını görəndə şoka düşüb:
"İlk anda düşündüm ki, bunların hamısı diqqət cəlb etmək üçün bir oyundur. Amma sonradan hər şeyin qabaqcadan düşünülmüş bir amansız cinayət olduğunu anladım. Hamı kimi qorxmuşdum, amma divara söykənib öz işimlə - foto çəkməklə məşğul oldum”.
Burhan Özbilici hələ də hadisənin şokunu yaşadığını deyib. Fotoqraf onu da vurğulayıb ki, qatil səfirə atəş açan zaman zaldakılar dəhşət içində sürünüb gizlənməyə çalışırdılar: "Yanımda bir insan öldü, gözümün önündə bir həyat itdi”. Məlumdur ki, jurnalistin özünü itirmədən, həyatını təhlükəyə ataraq çəkdiyi fotolar bütün dünya mediasında yayıldı, manşetlərə çıxdı. Fotomüxbir ən kritik anda fotokamerasının yaddaşına köçürdüyü şəkillərlə qanlı olayın dünya ictimaiyyətində işıqlandırılmasına nail oldu. Amma ümumilikdə bu hadisə jurnalistlərin, fotoqrafların, reportyorların ekstremal vəziyyətlərdə necə işləməyini, hansı formada davranmalı olduğunu bir daha gündəmə gətirdi. Müharibə, terror və digər təhlükəli durumlarla üzləşən media nümayəndələri üçün sadəcə təcrübə, peşəkarlıq amili və peşə sevgisi kifayət edirmi, yoxsa, həmin anda jurnalistlərdə başqa xüsusiyyətlərin olması da vacibdir?
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli "Şərq”ə açıqlamasında deyib ki, jurnalistlərin ekstremal durumlarda davranması ilə bağlı xüsusi qaydaları var. Onun sözlərinə görə, media işçiləri müharibə və digər ekstremal vəziyyətlərin olduğu yerə getdikləri zaman əvvəlcədən hazırlaşmalıdır:
"Əlavə olaraq jurnalistlərin fəaliyyəti və həyatı sığorta olunmalıdır. Əgər jurnalist təhlükəli bölgəyə gedirsə, xüsusi geyimlərlə təchiz edilməlidir. Bunların hamısı öncədən bəlli olan təhlükəli yerlərə gedildiyi zaman həyata keçirilir. Amma terror hadisələri gözlənilmədən baş verir və o zaman jurnalistlərin hazırlıq üçün imkanları olmur. Hazırda dünyanın hər yerində terror hadisələri baş verir. Bunu nəzərə alaraq əksər peşəkar redaksiyalar, media orqanları öz əməkdaşları üçün təhlükəsizlik təlimləri keçirlər. Həmin təlimlərdə peşəkar qurumların əməkdaşları da iştirak edir və jurnalistləri məlumatlandırırlar. Yəni həm öz sağlamlıqlarını qorumaq, həm də oradan lazımi informasiyaları almaq üçün hansı üsullara əl atmaq lazımdırsa, onları media nümayəndələrinə izah edirlər. Hesab edirəm ki, müvafiq qurumlar bu məsələni xüsusi nəzarətdə saxlamalıdır. Çünki indiki halda ekstremal durumlar həddindən artıq çoxalıb. Fikrimcə, jurnalistlərin təlimlərdə iştirak etməsi daha intensiv hal almalıdır. Jurnalistlər ixtisasından asılı olmayaraq, təhlükəsizlik təlimatları barədə məlumatlı olmalıdırlar”. Ekspert deyib ki, Türkiyədə məlum hadisəni lentə alan jurnalist əvvəlcədən təhlükəsizlik qaydalarına yaxşı bələd olub: "Bu baxımdan o öz sağlamlığını qorumaqla yanaşı, hadisəni də fotolaşdırmağı bacarıb. Bizim jurnalist təşkilatlarımız dəfələrlə media nümayəndələrinin təhlükəsizliyi ilə bağlı təlimlər keçirib. Ancaq Türkiyədəki hadisə göstərdi ki, belə təlimlər sadəcə bir qrup jurnalistlər üçün deyil, ümumilikdə bütün media nümayəndələri üçün keçirilməlidir. Biz çox vaxt beynəlxalq tədbirlərə qatılırıq. Əksər ölkələrdə jurnalistlər üçün vahid formada təhlükəsizlik gödəkçələrinin tikilməsi prosesinə başlanılıb. Bunlar jurnalistlərin seçilməsi, müxtəlif
proseslərdən qorunması üçün olduqca zəruridir. Düzdür, bahalı geyimlərdir, amma hesab edirəm ki, artıq Azərbaycanda da bunun tətbiq olunmasının vaxtı çatıb”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev heç kimə "Associated Press” agentliyinin fotoqrafı Burhan Özbilicin yaşadıqlarını yaşamasını arzu etməyib:
"Amma istənilən jurnalist onun çəkdiklərini peşəkar səviyyədə təkrarlamaq istərdi. Dünya səfirin qətli ilə bağlı xəbərləri məhz onun obyektivindən çıxan fotolarla gördü. Ekstremal şəraitlərdə işləmək təcrübə ilə yanaşı, bəzi şəxsi keyfiyyətlər də tələb edir. Məsələn, bu şəraitdə işləmək istəyən media təmsilçisi ölümdən qorxmamalıdır. İstənilən şəraitdə işini davam etdirməlidir. Amma bunu hər jurnalistdən, fotoqrafdan tələb etmək olarmı? Digər tərəfdən, adətən ekstremal şəraitdə işləyən KİV təmsilçilərinin çoxu öz sənətlərinin vurğunu olanlar olur. Bu sevgi onları ən çətin şəraitdə də işlərini davam etdirməyə motivə edir”.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə bildirib ki, jurnalistika çoxdan təhlükəli peşələrin sırasına daxil olub:
"Bu acı reallığı Qərbdə də, Şərqdə də qəbul edirlər. Peşə borcunu yerinə yetirərkən ölən jurnalistlərin statistikası ortaya qorxunc mənzərə çıxarır. Təəssüf ki, biz ağır şərtlər altında yaşamağa və işləməyə məhkumuq. Bu isə o deməkdir ki, jurnalistika insandan həm də cəsarət, soyuqqanlılıq tələb edir. Sözügedən fotoların müəllifi Burhan Özbilici əlahiddə cəsarət və soyuqqanlılıq nümayiş etdirməklə bir andaca dünyanın ən məşhur adamına çevrildi. Mən, siz, yaxud başqa jurnalist həmin vaxt analoji qaydada davrana bilərdikmi? Bu suala birmənalı cavab vermək mümkün deyil.
Bəlkə də həmin vaxt biz də qəhrəman ola bilərdik. Ya da əksinə, masanın altında gizlənib canımızın qeydinə qalardıq”. Ekspert deyib ki, Rusiya səfirinin Ankarada qətlə yetirilməsi bir daha sübut etdi ki, jurnalist həm cəsur, həm də soyuqqanlı olmağı bacarmalıdır: "Özbilici həm də ona görə sağ qaldı ki, zamanında doğru mövqe seçə bildi. Kiçik bir ehtiyatsızlıq Burhan bəyin həyatına son qoya bilərdi.
Azərbaycanda jurnalistlərin fəaliyyət göstərməsi üçün münbit şərait var. Amma istənilən halda biz ekstremal vəziyyətdə fəaliyyət göstərməyə hazır olmalıyıq. Evdən çıxanda küçədə-bazarda hansı situasiya ilə qarşılaşacağımızı, başımıza nələrin gələcəyini təxmin etməyimiz mümkün deyil. Buna görə də jurnalist ehtiyatı əldən verməməlidir”.
"Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədli deyib ki, fotomüxbir, ekstremal şəkildə çalışan reportyorlar ilk növbədə özlərini qorumalıdır, bu aksiomdur:
"Hərbi qaydalarda ilk məsələ özünü qorumaqdır, çünki sən özünü qorumasan, tapşırılan işin öhdəsindən gələ bilməyəcəksən. Fotomüxbir həmin anda başqa nə edə bilərdi ki? Hadisə anında nə terrorçunu zərərsizləşdirmək onun işidir, nə də insanları təxliyyə etməyə görəvli deyil. Onun işi sadəcə, öz təhlükəsizliyini qorumaqla, dünyanı sarsıdan hadisənin fotolarını lentə almaqdır. Bu həm də gələcəkdə tarix üçün lazımdır. Bu gün üçün isə hadisənin işıqlandırılması baxımından fotomüxbirin peşəkarlığı yüksək qiymətləndirilməlidir. Habelə onun çəkdiyi şəkillərdə əks olunan bəzi detalların istintaqçılara faydası dəyə biləcəyi də ehtimal olunan variantdır. O başqa məsələdir ki, fotomüxbir öz işini görməklə bərabər hansısa köməyə ehtiyacı olan adama yardım göstərə bilər. Bu hadisə anında bir insan kimi onun edə biləcəyi bir işdir. Amma peşəkarlıq sadəcə özünü qorumaqla, hadisə anının şəkillərini çəkməyi tələb edir”.
"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədovun sözlərinə görə, burada birinci peşə sevgisi rol oynayır:
"İstənilən ekstremal hadisədə insan amili vacib rol oynayır. Belə hadisələrdə hər bir jurnalist birinci öz can güvənliyini düşünür. Hesab edirəm ki, həmin an fotoqraf özünün təhlükəsizliyindən əmin olduqdan sonra fotoaparatın düyməsinə basıb. Artıq ilk addımı atdıqdan sonra peşəkarlıq və təcrübə öz sözünü deyir. Soyuqqanlılıq da burada vacib rol oynayır. İstənilən hadisədə jurnalist birinci vəzifəsinin xəbər çatdırmaq olduğunu bilməlidi. Xəbər çatdırmaq və verilən tapşırığı yerinə yetirmək üçün isə gərək təhlükəsizliyini düşünəsən. Ani qəhrəmanlıq hissi həyat bahasına başa gələ bilər. Təhlükəli vəziyyətlərdə insanın təcrübəsi də rol oynayır. Artıq qanında olan peşə instinktləri və yaşamaq hissi bütün vəziyyətlərdən jurnalisti üzüağ çıxara bilər”.
"Yeni Çağ” qəzetinin və saytının rəhbəri Aqil Ələsgər vurğulayıb ki, jurnalistlərdə istedadla yanaşı, bu sahəyə xüsusi maraq, sevgi də olmalıdır:
"Lap neçə universitet bitirsə belə, peşəni sevməsə, onun uğur qazanacağı mümkünsüzdür. Bu işdə nəzəriyyə ilə yanaşı, praktika da mühüm rol oynayır. Amma konkret olaraq ekstremal vəziyyətlərdə çalışan jurnalistlərdən söhbət gedirsə, bu sahədə xüsusi təlim keçməsi, yetişməsi, təcrübəyə yiyələnməsi vacibdir. Təəssüf ki, Azərbaycanda konkret sahələrlə bağlı jurnalistika fəaliyyəti qənaətbəxş deyil. Bir neçə nəfəri çıxmaq şərti ilə Azərbaycanda hərbi sahəni mükəmməl bilən media nümayəndələri yoxdur. Eyni zamanda araşdırmaçı jurnalistika sahəsində də vəziyyət bərbaddır. Araşdırma yazan jurnalistlərin yaş həddi durmadan yuxarı qalxır. Demək olar ki, 30 yaşdan aşağı araşdırma yazılar yazan media işçiləri yoxdur”. A.Ələsgərə görə, jurnalistlərlə bağlı təlimlər, kurslar davamlı şəkildə olmalıdır: "Bir müddət əvvəl cəbhə xəttində yaşanan proseslərlə bağlı medianın arzuolunmaz fəaliyyəti göstərdi ki, ölkəmizdə hərbi jurnalistikanın inkişafına ehtiyac var. Bununla yanaşı, hesab edirəm ki, ekstremal vəziyyətlər üçün də jurnalistlərə xüsusi təlimlər keçirilməlidir. Dünyanın bir çox ölkəsində belə təlimlər keçirilir”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb