- Korrupsiya halları haqqında mütləq kiminsə xəbər verməsinə ehtiyac yoxdur, zatən hər şey göz önündədir
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb. Qanun layihəsi bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Şəxsi maraqların müdafiəsi, özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və ya güzəştlər əldə etmək məqsədilə bilə-bilə yalan və ya böhtan xarakterli məlumatların verilməsi korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verilməsi hesab edilmir.
Layihəyə əsasən, verilmiş məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödəniləcək.
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti, sosial məsələlər üzrə ekspert İlqar Hüseynli Sherg.az-a açıqlamasında qeyd etdi ki, korrupsiya halları haqqında mütləq kiminsə xəbər verməsinə ehtiyac yoxdur, zatən hər şey göz önündədir:
- Qanunun mexanizmi bəlli deyil. Qanun qəbul olunsun, bilinsin ki hədəflər nədir. Hədəflər hələ bilinmir. Qanun nəyə xidmət edəcək, məlum deyil. Bu qanun nəyə xidmət edəcək, faydası olacaqmı, praktik həlli zamanı bilinəcək. Korrupsiya halları haqqında mütləq kiminsə məlum verməsinə ehtiyac yoxdur. Zatən məmləkətin məmurlarının böyük əksəriyyəti korrupsiya ilə məşğuldur. Korrupsiyanı üzə çıxarmaq istəyirlərsə, getsinlər, şadlıq evlərini, müəssisələri, tikinti şirkətlərini yoxlasınlar. Hərəsinin arxasında bir korrupsioner məmur dayanır. Pulu necə qazanırlar, necə leqallaşdırırlar, necə olur ki milyardlıq mülklərə sahibdirlər, lazımi qaydada araşdırma aparılsa, hər şey üzə çıxar. İllərdir bu barədə deyilir, nə dəyişib? Qanun qəbul olunsa, kimsə bir başqasını şərləyəcək, deyəcək, filankəs məndən filan qədər pul istədi, bu olacaq, korrupsiya ilə mübarizə.