Azərbaycan niyə məhz “Polonez” silahlarını aldı? - Polkovnik açıqladı

Şair Ramaldanov: " Artıq Beynəlxalq qurumlar Azərbaycanın başqa yolunun qalmadığını anlayırlar. Müharibə başlayarsa, dağıdıcı qüvvəyə malik silahlar işğalçını darmadağın etmək üçün istifadə olunacaq"



"Hər hansı yeni silahın, müasir raket kompleksinin Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə verilməsi ordumuzun qüdrətini daha da artırır”.

Bunu "Sherg.az”a Belarus Respublikasından alınan "Polonez” silahlarının əhəmiyyəti barədə danışarkən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib. 

O bu hadisəni həm də siyasi uğur adlandırıb:

"Belarus və Azərbaycan arasında silahın alınması üçün danışıqlar başladıqda ermənilər bu prosesə mane olmağa çalışırdılar. Hətta həmin silahın satılmaması üçün Belarusa müraciət də etmişdilər. Amma Azərbaycan "Polonez” silahlarını ala bildi. Qarşı tərəfin müraciətinin qəbul edilməməsi isə bizim siyasi nailiyyətimizdir.

Azərbaycan Silahlı Qüvvələri lazımi qədər müasir silahlarla təmin edilib.Çünki son illərdə Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həll ediləcəyinə inam artır. Artıq Beynəlxalq qurumlar da Ermənistanın danışıqlardan qaçmasını, Azərbaycanın başqa yolunun qalmadığını anlayırlar. 

Müharibə başlayarsa, dağıdıcı qüvvəyə malik silahlar işğalçını darmadağın etmək üçün istifadə olunacaq. Həmçinin Azərbaycan ordusunun şəxsi heyətində itkiləri minimuma endirmək də əsas məqsəd kimi qarşıya qoyulub. Hərbi mütəxəssislərin, əsgərlərin qorunmasına maksimum şərait yaradılması üçün ölkə başçısı ordunu müasir silahlarla silahlandırır”.

Azərbaycan "Polonez silahlarını aldıqdan sonra ermənilərin təşvişə düşdüyünü diqqətə çatdıran Ş.Ramaldanov Naxçıvan istiqamətində törədilən təxribatları, digər bölgələrdə atəşkəsin pozulmasını düşmənin narahatlığını sübutu kimi dəyərləndirir:

"Ermənilər və populist çıxışları ilə seçilən, baş nazir Paşinyan bu təsiri neytrallaşdırmağa çalışır. Amma ermənilər anlayır ki, Azərbaycanın gücünün qarşısında dura bilməyəcəklər. Düşünürəm ki, Azərbaycanın işğaldakı torpaqlarını azad etməsi üçün tarixi məqam yetişib”.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik "Polonez”lər Ordumuzun silahlanmasına daxil edilib.

Aysel Aslan