Eks-prezident Robert Koçaryan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti dəfə açıqlama verib. Koçaryan bəyan edib ki, erməni tərəfi Qarabağla bağlı hazırda mövcud olmayan kompleks və məqsədyönlü mövqe yaratmalıdır: "Mən yarımçıq bəyanatlar eşidirəm, münaqişənin tənzimlənməsinin müxtəlif elementləri ilə bağlı yarımçıq mövqelər görürəm, ancaq işlənmiş, ümumi bir mövqe hazırda yoxdur. Nikol Paşinyanın bəzi bəyanatlarında müəyyən dərəcədə problemdən uzaqlaşma, onu Qarabağ tərəfinə çəkmək cəhdlərini görürəm. Ancaq bu, alınmayacaq.
Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, Qarabağın təhlükəsizliyinin təmin edilməsi məsələsindəki iştirak dərəcəsi o qədər böyükdür ki, bundan yayınmaq mümkün olmayacaq. Heç kim - nə həmsədrlər, nə bəynəlxalq ictimaiyyət bunu ciddi qəbul etməyəcək. Buna görə də yaxşısı ümumi mövqe formalaşdırmaq, onu "dqr”lə razılaşdırmaq və ciddi şəkildə əməl etməkdir. Mövqe formalaşdıqdan sonra onun davamlılığı barədə danışmaq olar”. Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrəvandakı açıqlamaları ilə bağlı fikirlərini bölüşüb. Paşinyan Boltonun dekabrda keçiriləcək parlament seçkilərindən sonra "Qarabağ məsələsində qəti addımların atılacağı” barədə sözlərinə sərt reaksiya verib. Baş nazir bildirib ki, Con Boltonun onun adından danışmağa haqqı yoxdur. Həmçinin qeyd edib ki, seçkilərin nəticələri həqiqətən müəyyən imkanlar verə bilər. Lakin o, Ermənistan rəhbərliyi üçün qəbuledilməz heç bir anlaşmaya getməyəcəklərini söyləyib. Bəzi ekspertlərə görə, Paşinyan dekabr seçkisindən sonra da indiki mövqeyində israrcı olacaq.
Məsələni "Şərq”ə dəyərləndirən siyasi elmlər namizədi Zaur Məmmədov baş nazir Paşinyanın seçkidən sonra fərqli mövqe sərgiləyəcəyini deyib. Ekspertin sözlərinə görə, seçkidən sonra çox şey dəyişə bilər:
"Məlum məsələdir ki, dekabr ayında növbədənkənar parlament seçkiləri keçiriləcək. Paşinyan seçicilər arasındakı reytinqini qorumaq məcburiyyətindədir. Ona görə də bu cür radikal çıxışlar edir. Reallıq isə odur ki, Paşinyan seçkilərdən sonra artıq kütlənin deyil, siyasi arenanın başında olacaq. Amma şübhəsiz ki, Azərbaycan tərəfi Paşinyanı çox gözləməyəcək”.
Analitik eks-prezident Robet Koçaryanın sözlərini də şərh edib:
"Koçaryan siyasi arenadan kənarda qalmış bir fiqur olduğu üçün müxtəlif bəyanatlarla hələ də siyasətdə olduğuna eyham vurur. Sabiq prezident yaxşı başa düşür ki, heç kim qondarma Dağlıq Qarabağ respublikasının nümayəndələri ilə dialoqa girməyəcək. Əslində Paşinyan da bunu bilir. Lakin məsuliyyəti boynundan atmağa çalışan baş nazir populizmə ciddi töhfə verərək, siyasi imicini küçədən qazanan inqilabçı kimi erməni cəmiyyətini "yedizdirməklə” məşğul olur”.
İsmayıl