"Azərbaycan Paşinyanın bəyanatlarını ciddiyə almamalıdır" - Populistdir





"Nikol Paşinyanın açıqlamaları Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri erməni tərəfinin qondarma Dağlıq Qarabağı danışıqlara cəlb etmək cəhdinin davamıdır”.

Bu barədə "Sherg.az”a AĞ Partiyanın sədri, siyasi fəal Tural Abbaslı Tural Abbaslıbildirib. 

O xatırladıb ki, Dağlıq Qarabağa aid olan erməni və azərbaycanlı icmaları dolayısıyla danışıqlarda təmsil edilirlər:

"N.Paşinyan populist şəxsdir. Onun daxili və ya xarici siyasətlə bağlı aydın təsəvvürləri yoxdur. Hətta Avropa və Rusiya ilə münasibətlərini necə quracağını da bilmir. O sadəcə siyasi hadisələrin axarı ilə hakimiyyətə gəlmiş şəxsdir. O çalışır ki, belə populist bəyanatlarla erməni cəmiyyətindəki mövqelərini möhkəmləndirsin.

N.Paşinyan hakimiyyətə gəlməzdən əvvəl verdiyi vədlərə əməl edəcək gücdə deyil. Həmçinin bununla bağlı ona qarşı ittihamlar səsləndirilir. Ona görə, baş nazir özünü təsdiqləmək, bəzi siyasi dividentlər qazanmaq istəyir. Bu cür populist bəyanatları da məhz belə məqsədlərinə xidmət edir”.

T.Abbaslı düşünür ki, Azərbaycan Paşinyanın bəyanatlarını ciddiyə almamalıdır:

"Paşinyan kimi populist siyasətçilərə ən yaxşı cavab güclü Azərbaycan ordusunun formalaşdırılması olmalıdır. Danışıqların nəticə verəcəyinə nə Azərbaycan, nə də Ermənistan cəmiyyətləri inanır. Hər kəs bilir ki, münaqişə hərb yolu ilə həllini tapacaq”.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan qondarma Dağlıq Qarabağı rəhbərliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda üçüncü tərəf kimi iştirak etməsini təklif edib.

Aysel Aslan