"Azərbaycan - Rusiya münasibətlərində anlaşılmaz məqamlar çoxalıb" - ŞƏRH





"Dağlıq Qarabağ problemi həllini tapmasa, istənilən anda konflikt ağır forma alar, genişmiqyaslı müharibə başlaya bilər. Bu baxımdan, münaqişənin həlsiz qalması Rusiyaya da sərf etmir”.

Bunu "Sherg.az”a Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında keçirilən görüş barədə danışarkən politoloq Tofiq Abbasov söyləyib. 

O vurğulayıb ki, Rusiya bu prosesdə həm maraqlı tərəfdir, həm də vasitəçi ölkədir:

"Son vaxtlar ermənipərəst lobbi Rusiya Xarici İşlər Nazirliyində fəaliyyətini genişləndirib. Təsadüfi deyil ki, Nikol Paşinyan da bu fonda özünün müdafiə olunduğunu hiss edir. Əslində belə deyil. 2016-cı ilin aprelində baş verən hadisələr göstərdi ki, erməni siyasətçiləri durmadan danışıqlardan yayınaraq, döyüş əməliyyatlarının başlamasına şərait yaratdı. Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların başlamalı olduğunu anlayır.

Azərbaycanla Rusiyanın münasibətlərində isə anlaşılmaz məqamlar çoxalıb. Təsadüfi deyil ki, Rusiya XİN rəsmiləri Azərbaycanın mövqeyini əks etdirməyən, dəyişkən bəyanatlarla çıxış edirlər. Hesab edirəm ki, Rusiya və Azərbaycan rəhbərləri arasında olan qarşılıqlı münasibətlər ikitərəfli əlaqələrin qarantına çevrilir. 

Problemlər yaranıbsa, iki dövlətin prezidentləri müzakirə apararaq, məsələyə əncam çəkə bilərlər. Ona görə, bu istiqamətdə sonrakı proseslərə də nikbin baxıram. Vladimir Putin və İlham Əliyev arasında avqust ayında baş tutacaq görüşdə ciddi müzakirələrin, müxtəlif dəyişikliklərin şahidi olacağıq”.

Qeyd edək ki, bu gün Kremldə keçirilən görüşdə dövlət başçıları iki ölkə arasında münasibətləri müzakirə ediblər. V. Putin Moskvanın Azərbaycan prezidentinin növbəti səfərinə hazırlaşdığını, səfərin avqustun 30-da baş tutacağını söyləyib:
"O ki qaldı ikitərəfli münasibətlərimizə, bunu sizin avqustun 30-da Rusiyaya səfəriniz zamanı əsaslı və dərindən müzakirə edəcəyik".

Aysel Aslan