"Azərbaycan və Rusiyanın keçmişdən bu günə qədər gələn bir dostluq, əməkdaşlıq əlaqələri var”
Bu barədə "Sherg.az”a dünən Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfərini dəyərləndirərkən politoloq Çümşüd Nuruyev bildirib.
Onun sözlərinə görə, Rusiya dünya siyasətində əsas aktorlardan biridir:
"Uzun müddət Rusiya və Azərbaycan eyni dövlətin tərkibində olub. Bu faktor hər iki dövlətin münasibətlərində mühüm rol oynayır. Bundan əlavə Azərbaycanda mövcud olan sənaye, kənd təsərrüfatı, hərbi və xidmət kimi sahələr Rusiyanın qurduğu strukturlara daha yaxındır. Həmçinin Azərbaycan uzun müddət dünyaya Rusiyan vasitəsi ilə çıxıb.
Bu yolla biz özümüzü dünyaya aça bilmişik. İndiki vaxtda Rusiya Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafı, son zamanlar hər iki ölkə başçısının bir-birilərinə səfərlərinin artması bütün amillərdən öncə cənab prezidentimizin Moskvada təhsil alması və orada böyük əhatə dairəsinin olması ilə bağlıdır. İkincisi, uzun müddət Ümummilli liderimiz Heydər Əliyev SSR-də vəzifəli şəxslərindən biri olub. Ulu öndərimiz SSR-də böyük nüfuz qazanıb və hazırda Azərbaycan ondan xeyir görür. Üçüncüsü də, biz qonşu dövlətlərik. İki ölkə arasında qonşuluq münasibətləri ilə yanaşı həm də tərəfdaşlıq və əməkdaşlıq əlaqələridə mövcuddur. Həmçinin Azərbaycan Cənubi Qafqazın açar dövlətidir. Bundan əlavə Azərbaycan və Rusiya münasibətlərinin bu səviyyədə olması ölkəmizə bir çox müsbət amillər vəd edir. Çünki Rusiya həm ATƏT-in həmsədir dövlətidir, həm bizim qonşumuzdur, həm də ölkəmizlə iqtisadi əlaqələri yüksək səviyyədədir.
V.Putinin bu səfəri əvvəlcədən razılaşılmış və cənab prezidentimizin dəvəti ilə baş tutan bir görüşdür. Azərbaycan və Rusiya arasında olan bir sıra razılaşmalar artıq Soçidə həll olub. İndiki səfər əvvəlcə baş tutan görüşün siyasi nəticəsidir. Bununla yanaşı, Azərbaycanın dünyaya bir idman ölkəsi kimi açıldığı dünya çempionatında V.Putinin iştirak etməsi çox mühüm məsələdir. Həmin gün Avropa telekanallarında Azərbaycanla bağlı hər bir saatdan bir beş dəqiqəlik xəbərlər yayımlanırdı. Rusiya və Monqolustan prezidentlərinin həmin çempionatı izləməsi o dövlətlərin Azərbaycana verdiyi dəyərin təzahürüdür".
Kənan Eynuroğlu