"Azərbaycan silahları xaricə satılır" - Artıq sifarişlər var





"Hərbi sənayenin bu qədər böyük nailiyyətlər qazanması ilk olaraq, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin birbaşa dəstəyi və göstərişləri ilə bağlıdır”.

Bunu "Sherg.az”a Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda görülən işlər barədə danışarkən ehtiyatda olan polkovnik Şair Ramaldanov söyləyib. O bildirib ki, Birinci Qarabağ Müharibəsində yaşanan çətinliklər artıq həll edilib:

"Həmin illərdə xaricdən silah-sursat alınması çətin idi. Qiymət və keyfiyyət məsələsində, silah satışına məhdudiyyət tətbiq olunması və s. səbəblərdən müharibə şəraitində mənfi nəticələrini göstərdi.

Bu gün isə hərbi sənayenin inkişafı barədə məlumatlar, rəqəmlər mətbuatda geniş yer alıb. Azərbaycan silahlı qüvvələrinin bir hissəsini öz ölkəmizdə istehsal edilən silah-sursatla təmin edə bilir. Bəzi silahların komponentləri hələlik digər ölkələrdən alınıb, gətirilir, burada quraşdırılır. Ancaq bəzi sursatlar sırf Azərbaycanda istehsal edilir. Problem olan mərmilərin hazırlanmasıdır. Bu sahədə də nazirliyin məlumatına görə, yüksək səviyyədə işlər görülür və yekunlaşmaq üzrədir”.

Ş.Ramaldanovun qənaətincə, müharibənin bir tərəfi döyüşdür, digər vacib tərəfi isə təminatdır. Onun sözlərinə görə, lazımi şəkildə tələb olunan təminat pozulsa, bu döyüşün də pozulması deməkdir:

"Hərbi sənayenin inkişafı həm də dövlətin inkişafının göstəricisidir. Dövlətin iqtisadi potensialının yüksəlməsi hərbi sənayedə də özünü göstərir. Hər dövlətin işi deyil ki, hərbi sənayeni inkişaf etdirmək, yaratmaq, qısa müddətdə ayağa qaldırmağa müvəffəq olsun. Artıq müəyyən ölkələrdən sifarişlər var, Azərbaycan istehsalı silahlar xaricə satılır. Bizimlə müqavilələr imzalayan dövlətlərin sayı getdikcə artır. Bu sahədə də Azərbaycan göstərdi ki, nə qədər çətin olsa da, inkişafın öhdəsindən gələ bilər. Sözügedən sahə ölkə prezidentinin nəzarəti altında daha da inkişaf edir.

Respublikanın hərbi sənayesi kustar və ya sıradan çıxmış üsullarla hazırlanmır. Müasir tələblərə uyğun, yeni texnologiyalardan istifadə ilə bu silahlar hazırlanır. Hərbi sənayenin mütəxəssisləri yüksək peşəkarlıq nümayiş etdirirlər. Hərbi sənayesi yüksək şəkildə inkişaf etmiş ölkələrdə təcrübə keçmiş mütəxəssislər orada olan qabaqcıl sənaye biliklərini ölkəmizə gətiriblər. Bu sahədə fəaliyyət göstərən zavod və fabriklərin tikilməsi həm də yeni iş yerləri deməkdir.

Hərbi sənaye ölkənin inkişafının vacib qoludur. Ona görə, hər kəs hərbi sənayenin inkişafını müsbət qarşılayır”.

Qeyd edək ki, müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycan qəzetində "Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir" adlı məqalə ilə çıxış edib. Y. Camalov bildirib ki, nazirliyin Elmi-Tədqiqat İnstitutunda 2017-ci ildə 31 mövzu, o cümlədən müdafiə təyinatlı məmulatların yaradılması işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Əsas mövzular sırasında 57 mm-lik (S-5 tipli) və 80 mm-lik (S-8 tipli) idarə olunmayan aviasiya raketlərinin, 25, 50, 100 və 250 kq-lıq qəlpəli-fuqaslı aviabombaların, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusu və onun qumbarası var.

Aysel Aslan