"Azərbaycan tarixi-mədəni irsinin təbliği baxımından böyük məsafə qət edib" - Deputat
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 9-da YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, mədəniyyət naziri Təşkilat Komitəsinin sədri təyin olunub. Təşkilat Komitəsi 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirəcək.
Sərəncamda deyilir ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən YUNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi etmiş Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir YUNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməkdədir.
Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti 43-cü sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.
Sərəncamı müsbət dəyərləndirən millət vəkili Zahid Oruc "Sherg.az"a bildirib ki, yeni sərəncam milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması istiqamətində böyük rola malikdir.
Deputatın sözlərinə görə, son dövrlər Azərbaycanı beynəlxalq aləmlə yaxından bağlamaq üçün mədəni, siyasi, diplomatik və iqtisadi müstəvidə münasibətlərimizi çatdırmaq naminə çox mühüm addımlar atılır:
"Bu gün hər bir ölkə dünyada mədəniyyət cəhətdən geridə qalmaq istəmir. Bütün dövlətlər çalışır ki, tarixinin olduğunu təsdiq etsin, xarici əlaqələr sistemində yer alarkən xalqının azadlığının, tarixi incilərinin olduğunu ortaya qoysun. Bu baxımdan Azərbaycan tarixi-mədəni irsinin təbliği baxımından böyük bir məsafə qət edib. Uzun illər ərzində Azərbaycanın beynəlxalq məkanda mədəniyyətlərarası əlaqələr və humanitar müstəvidə ən böyük təmsilçisi Azərbaycanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyeva olub.
Həqiqətən də bu belədir və Azərbaycan qadınının çevik, qabiliyyətli, peşəkar obrazını görmüşük. Ölkəmizin xarici əlaqələrinin qurulması, mövqeyinin möhkəmlənməsi istiqamətində kiçik xərclər ortaya qoyulur. Birləşmiş Ştatlar dünyada 10 milyarddan artıq vəsaiti lobbi maraqları üçün xərcləyir. Bu təşkilatların hamısı konqresdən maliyyələşirlər, onlar hörümçək toru kimi dünyanı sarıblar.
Amma hamı başa düşür ki,mədəniyyət müstəvisində Avropa dünyanı bu cəhətdən ələ götürməyə çalışır. Onların musiqisi, texnologiyası hər birimizi məişətinə təsir edir. Azərbaycan ötən dövr ərzində humanitar müstəvidə dəfələrlə müxtəlif formalar, dialoqlar keçirməklə sübuta yetirmək istəyirdi ki, biz yalnız neft ixrac eləmək istəmirik. Neft ixracı dövlət rəhbərinin gücü və iradəsi ilə ərsəyə gələn və sülhə xidmət edən bir enerji siyasətidir. Lakin neftdən də qiymətli, tükənməz sərvət var. Bu sərvət hər bir xalqın yaratdığı folklor, ədəbiyyat və tarix nümünələridir”.
Mədəniyyət dövlət siyasətinin xarici əlaqələrdə ayrılmaz tərkib hissəsi olduğunu deyən Z.Oruc diqqətə çatdırıb ki, 2019-cu ildə sessiyanın Bakıda keçirilməsi çoxlu sayda dünya dövlətləri təmsilçilərinin iştirakı anlamına gəlmir:
"Bu sessiya bizim müxtəlif ölkələr vasitəsilə dünyaya yaymaq istədiyimiz mövqeyi göstərəcəkdir. Hər addımda ölkə başçısı tərəfindən idman, iqtisadiyyat və digər sahələrdə torpaqlarımızın bütövlüyü uğrunda mübarizənin necə aparıldığının şahidi oluruq. Görürük ki, bütün bunlar əbəs deyil. Hansısa vəsaitləri xərcləyib, xarici nümayəndələri bura gətirib, Bakını göstərməklə məhdudlaşmırıq. Ötən dövr ərzində Azərbaycanın xarici aləmdə tərəfdaşları, dostları artı. Ölkə başçısının belə sərəncamlara imza atmasını təqdir edirik. Çünki beynəlxalq platforma olmaq, öz ölkəsinin paytaxtını siyasi, diplomatik və mədəni mərkəzə çevirmək asan deyil. Bu gün Azərbaycanın imkanları var ki, Bakını müxtəlif dövlətlərin maraq və mənafelərinin birləşdiyi bir platformaya çevirəsən. Yəni, islamla Avropa dəyərlərini bir-biri ilə əlaqələndirməyi bacarmaq lazımdır. Bu baxımdan prezidentin apardığı siyasəti alqışlamalıyıq. Belə sərəncamların imzalanması dövlətimizin xaricdə nüfuzunun artması və maraqlarının yayılması üçün çox vacibdir”
Yeganə Bayramova