"Azərbaycan terrorçuluğa qarşı mübarizənin ön cərgəsində dayanır" - Politoloq




"Azərbaycanın "Qlobal terrorçuluq indeksi” məruzəsində üç pillə irəliyə getməsi son illər ərzində bu istiqamətdə atılan addımların, görülən tədbirlərin göstəricisidir”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert bildirib ki, Azərbaycan təkcə ölkəyə təhdid yaradan amillərə qarşı mübarizə aparmır. Eyni zamanda terrorçuluğa qarşı mübarizənin ön cərgəsində dayanır: 

"Bu baxımdan təşkilatın reytinqi təəccüblü qarşılanmamalıdır. Azərbaycan dövlətinin yürütdüyü siyasətin təməlində sabitlik faktoru dayanır. Cənab Prezidentin vurğuladığı kimi sabitlik və inkişaf Azərbaycanın ən mühüm hədəflərinə doğru aparan əsas yoldur. O baxımdan sabitliyin təmin edilməsi eyni zamanda inkişafın təmin edilməsi anlamına gəlir. İllər boyu bu istiqamətdə aparılan siyasət beynəlxalq təşkilatlar tərəfindən də xüsusi olaraq dəyərləndirilir. Azərbaycan bu göstəricilərə görə təkcə Cənubi Qafqazın deyil, həm postsovet məkanında, həm də daha geniş regiona ərazinin böyük lideridir”.

Analitik bildirib ki, bu reallıq artıq hamı tərəfindən qəbul edilən faktordur:

 "Azərbaycanın beynəlxalq reytinq cədvəllərində yüksək yer alması, ölkəmizdə çirkli pulların yuyulmasına qarşı mübarizə aparması beynəlxalq nüfuzunun daha da artmasına gətirib çıxarır. Bu da Azərbaycana investisiyaların cəlbi baxımından çox mühüm əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, Azərbaycan öz reytinqini üç mövqe yaxşılaşdırıb və "Qlobal terrorçuluq indeksi” məruzəsində 98-ci yeri tutub. Dünya iqtisadiyyatı institunun təqdim etdiyi məlumata görə, mövcud reytinqin ilk sətirlərində terrorçuların fəaliyyəti və terror təhlükəsi kifayət qədər yüksək olan, sonuncu yerlərdə isə, ən təhlükəsiz ölkələr yer alıb. Azərbaycan 138 mümkün yerdən 98-ci sırada qərarlaşıb və bu, göstərir ki, ölkədə praktiki olaraq, terror təhlükəsi yoxdur. Azərbaycan, bu göstəriciyə əsasən regionda liderə çevrilib.

İsmayıl