Azərbaycan və Türkiyə dünyanın gündəmi oldu
TANAP Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çox vacib layihədir
İyunun 12-də Azərbaycan daha bir uğura imza atdı. Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində XXI əsrin layihəsi adlandırılan TANAP uğurla reallaşdırıldı. Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, oradan Avropaya nəql edəcək qlobal layihə sözün həqiqi mənasında bölgənin taleyini dəyişdirəcək əhəmiyyətli hadisə hesab olunur. Cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək boru xəttinin ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrə yüksələcək.
Göründüyü kimi, TANAP Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çox vacib layihədir. Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevriləcək layihə milli iqtisadiyyatımızın inkişafında da mühüm rol oynayacaq. Qarşılıqlı əməkdaşlığın, işguzar əlaqələrin inkişafına töhfə verəcək. Regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir edəcək. Məhz bu baxımdan müxtəlif xarici ölkələrin rəsmiləri, tanınmış beynəlxalq qurumların rəhbərləri TANAP-ın qlobal əhəmiyyətini vurğulamağı özlərinə borc bilirlər.
ABŞ rəsmisi: "TANAP Azərbaycan qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir”
ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini, xanım Sandra Oudkirk deyib ki, Trans-Anadolu təbii qaz boru kəməri Azərbaycan təbii qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir. Layihənin Cənub Qaz Dəhlizinin böyük bir hissəsi olduğunu qeyd edən Oudkirk boru kəmərinin bölgənin enerji bazarındakı rolunun əhəmiyyətli olduğunu vurğulayıb: "Azərbaycan təbii qazını daşıyacaq boru kəməri mənbələrin şaxələndirilməsini təmin edəcək. Bu layihə Azərbaycan qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir. Digər tərəfdən də qazı tədarük edən ölkənin enerji təhlükəsizliyinə mühüm töhfədir. Birbaşa yatırımı və kommersiya maraqlarının olmamasına baxmayaraq ABŞ mənbələrin müxtəlifliyi və enerji təhlükəsizliyinə töhfə verdiyi üçün bu layihəni dəstəkləyir”. Digər enerji layihələrinin TANAP-a birləşməsini də qiymətləndirən Oudkirk bildirib ki, bu layihənin infrastrukturu inkişaf etdirilə və genişləndirilə bilər: "Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetrdir və iki dəfəyədək artırmaq mümkündür. Layihənin istifadəyə verilməsi çox gözəl hadisədir. Dünyada çətinliklər yaşanarkən TANAP qlobal olaraq yaxşı bir inkişafdadır. Müttəfiq və ortaqlarımızın enerji təhlükəsizliyi bizim üçün çox vacibdir”.
Aİ rəsmisi: "Layihənin reallaşmasına şübhəsi olanlar mövqelərini yenidən nəzərdən keçirməli oldular”
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Denis Danilidis deyib ki, TANAP layihəsinin reallığa çevrilməsi həm Azərbaycan, həm də Avropa İttifaqı üçün xoşbəxt andır. Onun sözlərinə görə, növbəti addım Trans Adriatik Boru Kəmərinin (TAP) açılış mərasimi olacaq: "Cənub Qaz Dəhlizinin vaxtında tam həyata keçiriləcəyinə ümidvarıq. Layihənin reallaşdırılmasına şübhəsi olanlar mövqelərini yenidən nəzərdən keçirməli oldular. Bu, həmçinin hər bir tərəfin layihənin həyata keçirilməsi üçün səylərini birləşdirməsi üçün siqnal oldu. Cənub Qaz Dəhlizi Azərbaycanı və Aİ-ni birləşdirən layihədir. Gəlin, bu cür layihələrin çox olmasına çalışaq”.
Amerikalı ekspert: "Azərbaycanla Avropa ölkələri arasında ticarət tərəfdaşlığı genişlənəcək”
Qlobal siyasət və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys də bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanla Avropa ölkələri arasında ticarət tərəfdaşlığının genişlənməsinə xidmət edəcək. Teysin sözlərinə görə, layihənin birinci mərhələsinin işə düşməsi Azərbaycanı təbii qazın etibarlı tədarükçüsünə çevirəcək ilk addımdır: "Avropa ölkələrinin enerji tədarükünün şaxələndirilməsi ilə bağlı gözləntiləri hər zaman olduğundan daha yüksəkdir. Bundan başqa, layihənin işə salınması nəticəsində Azərbaycanla Avropa ölkələri arasında ticarət tərəfdaşlığı əhəmiyyətli dərəcədə genişlənəcək. Bu, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək, eləcə də azərbaycanlı və avropalı alimlərin rəhbərliyi altında elmi-tədqiqat layihələrinin reallaşdırılmasına təkan verəcək”.
"TANAP üçün şərtlər Rusiyanın "Şimal” və "Cənub” axınlarının şərtlərindən daha yaxşıdır”
Rusiyalı ekspert Darya Qrevtsova bildirib ki, TANAP layihəsi Azərbaycanın maliyyə imkanlarını genişləndirməyə imkan verəcək: "TANAP layihəsi çox uğurludur. Layihə ölkənin gəlirlərini artırmasına səbəb olacaq. Azərbaycan qazının məhz Avropa İttifaqı ölkələrinin bazarına çatdırılması tam təbiidir. Çünki Avrozona çoxsaylı iqtisadi fəal insanlara, çox inkişaf etmiş iqtisadiyyata və enerji resurslarına böyük tələbat deməkdir”. Qrevtsova deyib ki, Azərbaycanı böyük iqtisadi qələbə münasibətilə təbrik etmək lazımdır: "Azərbaycan qazı Rusiya qazı ilə rəqabət aparır. Lakin Azərbaycan və Rusiya müdrikcəsinə davranır”. Rusiyalı ekspert həmçinin bildirib ki, TANAP üçün şərtlər Rusiyanın "Şimal” və "Cənub” axınlarının şərtlərindən daha yaxşıdır. Çünki Aİ ölkələri Azərbaycanı geosiyasi təhdid hesab etmir: "Məhz bu səbəbdən Rusiyaya qarşı Avropanın enerji paketini tətbiq etməyə çox çalışır. Azərbaycan üçün isə istisna edilib və bu, şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin bacarıqlı diplomatik siyasətinin təzahürüdür”.
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmini işində əsas tərəfdaşdır”
Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmini işində əsas tərəfdaş və mühüm oyunçudur. Diplomat bildirib ki, Avropanın təhlükəsizliyi enerji təhlükəsizliyi olmadan mümkün deyil: "Bolqarıstanın məqsədi qonşu ölkələrlə infrastruktur layihələrinin reallaşdırılması planında əməkdaşlığı intensivləşdirmək, regionda qaz şəbəkəsini inkişaf etdirməkdir. Enerji təhlükəsizliyini təmin etmək üçün karbohidrogenlərin nəqli marşrutlarını və tədarük mənbələrini şaxələndirmək, həmçinin uzunmüddətli tədarükü təşkil etmək lazımdır”.
Türkiyəli professor: "TANAP önəmli layihədir”
Türkiyə Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti, Boğaziçi Universitetinin professoru Gürkan Kumbaroğlu bildirib ki, TANAP Türkiyə və Azərbaycan arasında tarixi dostluğu, qardaşlığı daha da gücləndirəcək çox önəmli layihədir: "Çox əhəmiyyətli layihədir. TANAP 3500 km-lik Cənub Qaz Dəhlizi layihəsinin onurğa sümüyüdür. Türkiyənin təbii qazpaylama mərkəzi olmaq hədəfinə dəstəkdir. Türkiyənin qazpaylama habı olmaq hədəfi var. TANAP bu istiqamətdə ilk addım hesab olunur”. Avropanın bu qaza ehtiyacı var: "Avropa bazarı çox böyük bazardır. Avropada hasilat azalır. Hətta Avropanın qaza olan tələbatı sabit qalsa belə idxala ehtiyacı artır. Avropada böyük bazar var. Bu bazara Xəzər qazının və digər mənbələrin qazının çatdırılması və bu nəqlin Türkiyə üzərindən həyata keçirilməsi tərəflər üçün əlverişlidir”.
İsmayıl