“Azərbaycan və Türkiyə liderlik keyfiyyətləri göstərir”

İlham Əliyev: “Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək hərbi çevriliş cəhdinin qarşısını aldı"



"Azərbaycan iqtisadiyyatında hazırda neft və qazın payı 30 faizdir. Biz neftdən əldə etdiyimiz gəliri iqtisadiyyatımıza yatıraraq, onu diversifikasiya edirik". Bunu İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan enerji resurslarından asılılığı azaltmaq istiqamətində iş aparır: "Enerji siyasətimiz imkan verdi ki, Azərbaycan özü də xarici ölkələrə sərmayə qoysun. Müstəqilliyimizin ilk illərində Azərbaycan sərmayə baxımından xaricdən asılı idi. Biz indi özümüz xarici ölkələrə, o cümlədən Türkiyəyə sərmayələr qoyuruq və qoyacağıq. Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 mlrd. dollar təşkil edir. Bu gün enerji məsələlərini müzakirə edəndə Türkiyə və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki enerji resursları və şaxələndirilmiş ixrac şəbəkəsi bizdə var. Biz qarşılıqlı fayda əsasında işimizi qururuq”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Türkiyənin inkişafına sevinir: "Türkiyə və Azərbaycanın münasibətləri barədə təkcə onu xatırlatmaq istəyirəm ki, Türkiyə "20-lər” Sammitinə bir ölkə dəvət edə bilərdi, Azərbaycanı dəvət etdi”. Prezident əlavə edib ki, Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi layihələr uğurla davam etdirilir: "Azərbaycanla Türkiyənin dostluğu daimi, əbədi, sarsılmazdır".
Dövlət başçısı bildirib ki, 100 il əvvəl Bakıda ilk neft çıxarılıb: "Dünyada ilk dəfə dənizdən də neft məhz Azərbaycanda, Xəzərdə çıxarılıb”.
"Əsrin Müqaviləsi”ndən danışan prezident bildirib ki, bu il Azərbaycan müstəqilliyinin 25-ci ildönümü qeyd edəcək: "Azərbaycanın müstəqilliyində enerji layihələri böyük rol oynayıb. Bu gün Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün üç marşrut var. Bunlardan ikisi Qara dənizə, biri - Bakı-Tbilsi-Ceyhan neft kəməri isə Aralıq dənizinə çıxır. Biz ilk dəfə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirdik”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir: "Bu, böyük qaz ehtiyatlarının daşınması üçün kəmərə ehtiyac var idi. Azərbaycan və Türkiyə bu sahədə də liderlik etdi və TANAP layihəsinin tikintisinə start verdi. TANAP-ın daxil olduğu Cənub Qaz dəhlizi layihəsinin dəyəri 45 milyard dollardır. Azərbaycan və Türkiyə Cənub Qaz dəhlizinin həyata keçirilməsində liderlik keyfiyyətlərini göstərir. Enerji ölkələrin təhlükəsizliyində əsas amillərdən biridir”.
Prezident deyib ki, Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir. Bu, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir və bu rol getdikcə artır. O bildirib ki, Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır: "Türkiyənin sabitliyi, inkişafı nəinki Türkiyəni sevən, dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır”.
Prezident qeyd edib ki, bu ilin iyulunda Türkiyə çox çətin bir sınaqdan şərəflə çıxdı: "Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək və böyük qəhrəmanlıq göstərərək hərbi çevriliş cəhdinin qarşısını aldı, dövlətçiliyi, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qorudu. Biz Azərbaycanda sizinlə fəxr edirik”.