"Azərbaycan və Türkmənistan əlaqələrinin inkişafının hər iki ölkəyə və regiona müsbət təsirləri çoxdur”.
Bunu "Sherg.az”a Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistan səfəri və səfər çərçivəsində imzalanan sazişlərdən danışarkən politoloq İlqar Vəlizadə deyib.
Ekspertin sözlərinə görə, Azərbaycan və Türkmənistanın bir çox sahələrdə əlaqələri mövcuddur:
"Azərbaycan və Türkmənistan nəqliyyat, energetika, təhlükəsizlik və humanitar sahələrdə ortaq addımlar atır. İki ölkənin əməkdaşlığının regional əhəmiyyəti böyükdür. Türkmənistandan Avropaya ixrac olunan, eyni zamanda əks tendensiya zamanı bütün işlər Azərbaycan ərazisindən keçir. Eyni zamanda bir sıra Şərq ölkələri ilə Azərbaycan arasındakı ticarət əlaqələrində Türkmənistan tranzit rolunu oynayır. Son illər regionda beynəlxalq enerji layihələri həyata keçirilir. Bununda başlıcası "Cənub Qaz Dəhlizi”dir. Azərbaycanın təşəbbüskarı olduğu bu layihəni gələcəkdə Türkmənistan qazı ilə zənginləşdirmək ehtimalları var. Yəni gələcəkdə "Cənub Qaz Dəhlizi” fəaliyyətə başladıqda "Xəzər” kəməri ilə Türkmənistan qazı bizim vasitəmizlə Avropaya nəql edilə bilər. Artıq bu kimi faktorda Azərbaycan və Türkmənistanın maraqları üst-üstə düşür.

Eyni zamanda bu iki dövlətin yaxınlaşmasına Gürcüstan, Türkiyə, Əfqanıstan kimi dövlətlər də maraq göstərir. Çünki Azərbaycan və Türkmənistanın birlikdə Avropaya açılan layihələri Türkiyə və Gürcüstan ərazilərindən keçir ki, bu da həmin ölkələrə mənfəət gətirir. Eyni zamanda Özbəkistan bu iki ölkənin yaxınlaşmasında çox maraqlıdır. Çünki Özbəkistanın Xəzər dənizinə çıxışı Türkmənistan vasitəsi ilə təmin edilir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa olunandan sonra Türkmənistan və Özbəkistanın malları "Türkmənbaşı” dəmir yolu bərə vasitəsi ilə Azərbaycandan keçməklə Avropaya nəql olunur. Yəni bu kimi məsələlərdə Azərbaycanla Türkmənistan tərafdaş ölkələrdir. Onların münasibətləri köklü maraqlara cavab verir və hər iki dövlətin əlqələri gündən-günə inkişaf edir. Əlbəttə, Türkmənistan da bu münasibətlərin inkişafında çox maraqlıdır. Bu qənaətə gəlməyimi şərtləndirən amil odur ki, Azərbaycan Prezidetinin bu səfəri Türkmənistan tərəfinin xahişi ilə baş tutub. Çünki xatırlayırsınızsa, səfərdən öncə Türkmənistan baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana səfər ediblər".
Qeyd edək ki, ötənlərdə cənab prezident İlham Əliyev Türkmənistana səfər edib. Noyabrın 22-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub. Daha sonra hər iki ölkə başçıları mətbuata birgə bəyanatla çıxış ediblər. Prezidentlərin imzaladığı birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə imzalanmış sərhədlərinin toxunulmazlığına və münaqişənin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olundu.
Ayyət Əhməd