Azərbaycana qarşı qərəzli informasiya müharibəsi aparılır
Ekspertlər hesab edir ki, bu qüvvələrin arxasında ermənipərəst dairələr dayanır
Azərbaycanın beynəlxalq miqyasda nüfuzu hər gün daha da artır, milli dövlətçiliyimiz möhkəmlənir. Hazırda qlobal iqtisadi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan iqtisadiyyatı inkişaf edir, ölkəmiz çox böyük qlobal layihələr həyata keçirir.
Eyni zamanda Dağlıq Qarabağ probleminin donmuş münaqişə halına salınmasına imkan vermir və torpaqlarımızın işğaldan azad olunması üçün əzm nümayiş etdirir. Bu cür müstəqil və milli maraqlara söykənən mövqe bəzi ermənipərəst, islamofob mərkəzlərin xoşuna gəlmir.
Ona görə də məkirli qüvvələr vaxtaşırı ölkəmizə qarşı informasiya təxribatları törətməklə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa cəhd edirlər. Çünki erməni lobbisi və ermənipərəst mərkəzlər yaxşı bilirlər ki, Ermənistan Azərbaycanın hərbi, iqtisadi gücü qarşısında torpaqlarımızı uzun müddət işğal altında saxlaya bilməyəcək.
Azərbaycanın ayrı-ayrı ölkələrlə dostluq münasibətləri, diplomatik gücü Ermənistanı bir qədər də küncə sıxışdırır. Şübhəsiz ki, dövlətimizə qarşı həyata keçirilən çirkin qarayaxma kampaniyasının əsasında hökumətin heç bir qüvvənin qarşısında əyilməməsi, öz mövqeyini qətiyyətlə müdafiə etməsi, ardıcıl və prinsipial siyasəti durur. Bu gün həyata keçirilən qarayaxma kampaniyası ermənipərəst qüvvələrin növbəti dəfə beynəlxalq ictimai rəyi çaşdırmaq, Azərbaycanın nüfuzunu ləkələmək cəhdidir.
Bu məqsədlə guya Azərbaycanın böyük pullar hesabına xarici siyasətçiləri, ekspertləri, rəsmi şəxsləri satın aldığı iddia edilir. Bu informasiya dünya səviyyəli fırıldaqçı, Azərbaycanda özəl maraqları olan və məqsədlərinə çata bilməyən "Corc Soros” kimi fondlar və onun kimi dairələr tərəfindən maliyyələşdirilən, qeyri-şəffaf qurumlar tərəfindən tirajlanır. Araşdırmalar göstərir ki, Azərbaycana qarşı belə iddiaların ortaya çıxmasında və yayılmasında erməni lobbisi və onun təsiri altında olan media və jurnalistlər xüsusi fəallıq göstərirlər.
Məsələn, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Bu dairələr təkcə Azərbaycanı deyil, həm də ölkəmizə xoş münasibət bəsləyən tanınmış ictimai-siyasi xadimləri, rəsmi şəxsləri, ekspertləri də hədəfə götürüblər.
Əgər OSSRP həqiqətən də korrupsiya faktlarını araşdıran bir şəbəkədirsə, nəyə görə erməni lobbisinin satın aldığı siyasətçilər, ekspertlər barədə heç nə yazmır? Hansı səbəbdən erməni lobbisinin Dağlıq Qarabağın işğalını qanuniləşdirmək üçün ABŞ, Fransa, Rusiyada siyasətçiləri necə ələ alması, onlara hansı məbləğlərdə pullar ötürməsi haqqında heç nə verilmir? Bütün bunlar onu göstərir ki, bu təşkilat Azərbaycana düşmən münasibəti ilə seçilən dairələrin ölkəmizə qarşı informasiya müharibəsində bir vasitədir. Ancaq onun arxasında duran dairələr yaxşı anlayırlar ki, bütün səyləri əbəsdir. Azərbaycan o ölkələrdən deyil ki, feyk informasiyalarla onu çaşdırmaq, boyun əyməyə məcbur etmək mümkün olsun.
Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial, düşünülmüş, qətiyyətli siyasətin əsasını Azərbaycan xalqının milli maraqları təşkil edir və heç bir avantüra, qarayaxma kampaniyası, təzyiq cəhdi Azərbaycanı öz yolundan döndərmək iqtidarında deyil.
Milli Məclisin deputatı Asim Mollazadə OCCRP adlanan qurumun "hesabatı” əsasında bəzi KİV-lərdə yayılmış məlumatlarla bağlı açıqlamasında deyib ki, Azərbaycana qarşı olan informasiya müharibəsi ölkəmizin müstəqilliyi və dövlətçiliyimizin qorunması üçün səngərdə aparılan müharibədən az təhlükə kəsb etmir:
"Hazırda dünyada Azərbaycana qarşı informasiya müharibəsi gedir. Bu müharibənin aparılmasında məqsəd dövlətimizi zəiflətmək, ölkəmizin həyata keçirdiyi böyük beynəlxalq layihələrin və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinin qarşısını almaqdır”. Millət vəkili hesab edir ki, bu informasiya müharibəsinin arxasında beynəlxalq erməni şəbəkəsi, onların sahibləri, Azərbaycanla layihələrdə özünü rəqib kimi hiss edən qüvvələr durub: "Bu informasiya müharibəsi Qarabağda səngərdə aparılan müharibədən daha kəskin formada həyata keçirilir. Hərbi təxribatların qarşısını alan Azərbaycana qarşı zərbələr informasiya müharibəsində endirilir. Azərbaycan bu müharibədə layiqli cavablar vermək üçün peşəkar beynəlxalq təcrübədən istifadə etməlidir”.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycan hakimiyyəti, ayrı-ayrı dəyərli vətəndaşlarımız uydurulmuş hadisədə günahlandırılır. Deputatın sözlərinə görə, həmin təşkilat ittiham irəli sürsə də, hər hansı bir sübut ortaya qoya bilmir:
"Bu gün Azərbaycanın uğurları, beynəlxalq aləmdə möhkəmlənən mövqeyi xaricdəki müəyyən anti-Azərbaycan mərkəzlərini çox ciddi narahat edir. Bu zaman ortaya yalan, böhtan və təxribat atılır. Bunun arxasında əlbəttə ki, anti-Azərbaycan dairələri və erməni diasporu durur. Məqsəd Azərbaycanı nüfuzdan salmaq, ölkəmizdə "5-ci kolon” yaratmaq və dövlətimizin artan nüfuzuna ləkə gətirməkdən ibarətdir”. Deputat vurğulayıb ki, vaxtaşırı Azərbaycana qarşı belə kampaniyalar aparılır: "Ona görə də növbəti dəfə Azərbaycana qarşı bu qarayaxma kampaniyasının aparılmasından qətiyyən təəccüblənmirəm. Artıq bu yalanlara inananların sayı durmadan azalmaqdadır”.
Millət vəkili Rasim Musabəyov bildirib ki, Azərbaycana qarşı qarayaxma kampaniyası aparan ermənipərəst qüvvələr istəklərinə nail ola bilməyəcəklər:
"Bəzi qüvvələr Azərbaycana qarşı mütəmadi olaraq qarayaxma kampaniyası aparırlar. Dövlətimizə və onun rəhbərliyinə böhtan atmağa çalışanlar ermənipərəst qüvvələrdir. "Vaşinqton Post” qəzetində Azərbaycanla bağlı qərəzli yazıların dərc olunması ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək məqsədi daşıyır. Azərbaycanın müstəqil, qətiyyətli mövqeyi bəzi qüvvələri qane etmir. Ona görə də bu cür çirkin üsullarla dövlətimizə qarşı addımlar atılır, qərəzli yazılar dərc olunur. Amma həmin məkrli dairələr bilməlidirlər ki, heç zaman öz istəklərinə nail ola bilməyəcəklər”.
İsmayıl