"Azərbaycanda dini mədrəsələrin açılması müzakirə olunur" - AÇLQLAMA




Dini icmaların çox olmasının heç bir ziyanı yoxdur.


Bunu Sherg.az-a Azərbaycanda 749 dini icmanın qeydiyyata alınmasına münasibət bildirərkən kriminalist İlqar Altay deyib. 

Onun sözlərinə görə, ölkəmiz dinlərin kəsişdiyi coğrafi nöqtədə yerləşdiyindən xalqımızın xeyli hissəsi dinə meyllidir:"

"Dini etiqadı olanlar arasında sistemli şəkildə dövlət qeydiyyatından keçmiş və müəyyən dünyəvi formada dinə qulluq etmək istəyən insanlar var. Məsələn, Azərbaycanda dini mədrəsələrin açılması müzakirə olunur. Onların yaradılması cəmiyyətdə müxtəlif fikirlərə səbəb olur. Düşünürlər ki, burada mənfi cəhətlər var. Lakin onlar hamısı dövlətin nəzarətində olan qurumlar olduğundan heç bir problem yaranmayacaq. Bu mədrəsələr dini etiqadları, inancları olan şəxslərin fəaliyyətinə, təhsil almasına müsbət təsir göstərəcək. Bu mədrəsələr normal təməl dini aşılayan işlər görəcək. Burada arxayınlıq yaranır ki, heç bir ifrat addım, radikalizm, dini ekstremizmin mövcudluğu mümkün deyil”.

Ekspert əlavə edib ki, hazırda qeydiyyatdan keçirilən dini icmalar da əvvəlcədən yoxlanılır, onların üzərinə öhdəliklər qoyulur: 

"Sözsüz ki, dövlət qarşısında məsuliyyəti olan qurumun daxilində mənfi halların baş verməsi mümkün olmayacaq. Bununla xarici dövlətlərin Azərbaycanda din pərdəsi altında müxtəlif işlər görməsi önlənir. Ona görə də, dini icmaların sayının artmasının heç bir təhlükəsi yoxdur”.

Qeyd edək ki, Azərbaycanda bu il 101 İslam, 4 qeyri-müsəlman dini icması olmaqla, dövlət qeydiyyatına alınmış dini icmaların ümumi sayı 749-a çatıb.

Aysel Aslan