Azərbaycanda İcbari tibbi sığortanın tətbiqi üçün nələr edilməlidir ? - İZAH

Adil Qeybulla: "Çalışmaq lazımdır ki, həkimlərin peşəkarlığı artırılsın və xəstəxanaya müraciət edən şəxs icbari tibbi sığorta ilə müalicə olunsun"



"İcbari tibbi sığorta sosial müdafiənin mühüm elementidir”.

Bunu Sherg.az-a icbari tibbi sığortanın tətbiq olunmasının hazırkı mərhələsi haqqında danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O diqqətə çatdırıb ki, icbari tibbi sığortasız səhiyyə yoxdur:

"Bu, vətəndaşların sosial müdafiəsinin mühüm elementidir. Bu məsələ uzun müddətdir deyilir və vətəndaşların kateqoriyalara uyğun necə sığortalanması və s. kimi məsələlərlə bağlı mətbuatda çıxış olunub. Bundan başqa dünya təcrübəsindən yararlanmaq mümkündür.

Nazirlər Kabinetinin rəhbərliyi ilə bir sıra pilot rayonlarında bu iş görülür. Düşünürəm ki, pilot rayonları lazım deyildi və bu, birbaşa həyata keçirilməli idi. Hələlik pilot rayonlar olaraq seçilmiş Yevlax və Mingəçevirdə keçirilən layihələr haqqında dəqiq məlumat yoxdur.

Digər tərəfdən ilkin olaraq belə məsələ var ki, hansı həkim xəstəyə daha çox baxarsa, daha çox maaş alacaq. İcbari tibbi sığortada belə bir şey ola bilməz. Bu sığortada xəstənin həkim seçimi yoxdur. Möhür vurulub, diplom verilən həkimlər arasında fərq qoymaq da olmaz. Əslində bu cür fərqlər Sovet dövründən qalmış ənənələrdir. Çalışmaq lazımdır ki, həkimlərin peşəkarlığı artırılsın və xəstəxanaya müraciət edən şəxs icbari tibbi sığorta ilə müalicə olunsun. Xəstənin həkim seçimi ancaq özəl sektorda mümkündür. Ona görə, icbari tibbi sığortada belə subyektiv prinsiplər önə çəkiləcəksə, əvvəldən sığorta uğursuzluğa məhkum olacaq”.

Bundan əlavə, A.Qeybulla diqqətə çatdırıb ki, icbari tibbi sığortaya ayrılan vəsaitlərin adekvat bölgüsü və həkimlərin maddi rifahın yüksəldilməsi, tibb məntəqələrinin maddi texniki bazasının artırılması istiqamətinə yönəldilməsi vacibdir:

"Məsələn, hesablamalarımıza görə, Azərbaycan səhiyyəsinə təxminən 5 milyard manat vəsait lazımdır. Bu gün isə büdcəmizdə o qədər pul yoxdur. Əgər yüksək səviyyədə səhiyyə qurmaq istəyiriksə, bugünkü səhiyyəyə ayrılan vəsaitlərin insanların rifahına yönəlməsini ayrı-ayrı sahələrdə mənimsənilməməsini təmin etməliyik. Bu məsələlər çox ciddidir və ictimai nəzarətin də təmin olunması önəmlidir”.

Aysel Aslan