Elnur Rüstəmov: "Kimsə psixoloqa müraciət edəndə ətrafdakılar “dəli olmusan?” sualını verir"
"Tək Azərbaycanda deyil, bütün dünyada psixi pozuntuları olan insanların sayı artıb”.
Bunu "Sherg.az”a psixi xəstələrin sayının artmasına münasibət bildirərkən psixoloq Elnur Rüstəmov deyib.
Onun sözlərinə görə, ciddi psixi xəstəliklər, şizofreniya kimi problemlərin göstəricilər uzun illərdir dəyişmir:
"Hətta XX əsrdə nasistlər Almaniyada hakimiyyətə gəldikdə, psixi xəstələri məhv edirdilər. Buna baxmayaraq, indi də Almaniyada şizofreniyadan əziyyət çəkən şəxslərin sayı başqa yerlərlə eynidir. Statistika açıqlandıqda, konkret hansı xəstəlikdən əziyyət çəkənlərin sayının artdığını qeyd etmək lazımdır.
Çünki ümumi psixi xəstəliklərin artdığını bildirmək insanları yanlış yönləndirər, səbəbsiz panika yaradar. Adi depressiyanın özü də psixi xəstəlikdir. Rəqəmlər ortaya qoyulduqda komitə açıqlamalıdır ki, hansı xəstəlikləri əsas götürüblər. Bunu dəqiqləşdirmək lazımdır”.
E.Rüstəmov psixi xəstəlikləri olan şəxslərin sayının açıqlanan göstəricilərdən daha çox olduğunu deyir:
"Sadəcə cəmiyyətdə psixoloqa getməyə hələ də qorxu, çəkingənlik var. Kimsə psixoloqa müraciət edəndə ətrafdakılar "dəli olmusan?” sualını verir. Anlamaq lazımdır ki, psixoloq psixi cəhətdən sağlam olan, insanlarla da məşğul olur. Ona görə, maariflənmə işi aparmaq lazımdır. Ətrafımızda da psixoloji narahatlıqları olan şəxslər kifayət qədərdir. Üstəlik ailədaxili konfliktlərdən əziyyət çəkən ailələr, burada böyüyən uşaqlar da çoxdur.
Həmin övladların psixologiyasında da problemlər yaranır. Sosial, psixoloji maariflənmə aparıb, belə problemləri maksimum aradan qaldırmağa çalışmaq lazımdır. Çox istədim ki, gələcəkdə psixoloji xəstələrlə bağlı statistika açıqlanarkən, daha ətraflı formada məlumat verilsin. Yaxşı olar ki, keçirilən testin növü də ictimaiyyətə çatdırılsın".
Qeyd edək ki, hazırda Azərbaycanda 96 min 848 nəfər psixi xəstəliklərdən əziyyət çəkir. Dövlət Statistika Komitəsindən açıqlanan sonuncu statistik göstəricilərə əsasən il ərzində 3 min 863 nəfərə ilk dəfə psixi xəstəliklərə bağlı diaqnoz qoyulub. Müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı isə 769 nəfər artıb.
Aysel Aslan