"Azərbaycanda quş qripi təhlükəsi yoxdur" - ÖZƏL

Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının Tehran vilayətində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyən edilib. 
Bununla əlaqədar olaraq, İran İslam Respublikasının Tehran vilayətindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb: 
"Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İran İslam Respublikasının Tehran vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub”.
Qonşu ölkədə yayılan bu xəstəliklə bağlı ölkəmizdə hansı profilaktik tədbirlər görülür? "Quş qripi” İrandan Azərbaycana keçə bilərmi?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli "Şərq”ə açıqlamasında deyib ki, sadəcə İranda yox, digər ölkələrdə hansısa bir xəstəlik yayılan kimi DBX bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı vasitəsilə məlumat əldə edir.
Hazırda ölkədə quş qripi ilə bağlı epizootik vəziyyətin qeydə alınmadığını vurğulayan Y. Xanvəli quş qripinə görə ötən aydan monitorinq keçirildiyini deyib: 
"Noyabrın 12-də ölkə ərazisi üzrə həm ev quşları, həm də çöl quşlarına görə monitorinqlərə start verilib. Monitorinq zamanı köçəri quşların müvəqqəti məskunlaşdığı ərazilərdən, o cümlədən Abşeron, Şabran, Salyan və Lənkəran, Ağcabədidə olan Milli Park və qoruqlarda müvəqqəti məskunlaşan köçəri quşlardan 42 patoloji material, 460-dan artıq ev quşundan isə qan nümunələri götürülərək QTA-nin labaratoriyasına təqdim olunub.
Təsərrüfatlardan aldığımız və çöl quşlarına görə aparılan monitorinqlər zamanı quşlarda hər hansı xəstəlik törədicisinin olduğu müəyyən edilməyib. Ölkəmizdə quş qripinə görə epizootik vəziyyət sabitdir. Quşçuluq təsərrüfatları ilə əlaqələrimiz də daimi olaraq davam edir. Bu günə kimi ölkəmizdə narahatedici heç bir fakt qeydə alınmayıb”.
DBX sözçüsünün sözlərinə görə, çöl quşlarının miqrasiyası Şimaldan Cənuba doğru hərəkətdədir. Quşların hərəkəti Ural və Sibirdən başladığı üçün heç bir narahatçılıq qeydə alınmayıb: 
"ÜST-ün son məlumatına görə, quş qripi yeni qeydə alınan ölkələr Laos, ABŞ, Cənubi Afrika ölkələri və Səudiyyə Ərəbistanıdır. Ən çox quş qripi qeydə alınan ölkələr isə Çin və Vyetnamdır. Son olaraq onu da deyim ki, növbəti monitorinq yaxın günlərdə start götürəcək. Komitə müvafiq qurumlarla birlikdə ölkədəki sabitliyin qorunması istiqamətində təşkilatı- əsərrüfat tədbirləri həyata keçirir”.
Şəymən