"Azərbaycanda xarici yumurtalar şişirdilmiş qiymətə satılır" - Sui-istifadə

Azərbaycanın yerli quşçuluq fabrikləri ölkə bazarlarını keyfiyyətli yumurta ilə təmin edə bilərlər.




Dövlət Gömrük Komitəsi Azərbaycandan xaricə ixrac olunan yumurtanın sayı və ixrac qiyməti barədə açıqlama verib. Komitənin mətbuat xidmətindən bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində toyuq yumurtasının 0,1 sentə ixrac edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb: 

"Komitə toyuq yumurtasının ixracı ilə bağlı ictimaiyyətə və mətbuata ümumiyyətlə hər hansı rəqəm açıqlamayıb və mənbəyi məlum olmayan bu rəqəmlər hər halda müəllifin təxəyyülünün məhsuludur”.


Toyuq yumurtasının ixracı ilə bağlı rəqəmlərə gəlincə isə Komitənin məlumatına görə, cari ilin 11 ayı ərzində Azərbaycandan xarici ölkələrə 352 min 710 ABŞ dolları dəyərində 7 milyon 052 min 040 ədəd yumurta ixrac edilib ki, bu da yumurtaların bir ədədinin təqribən 8.5 qəpikdən ixrac olunduğu deməkdir. Qurum "arzulayanlara” ixrac edilən yumurtanın qiymətini müəyyənləşdirmək məqsədilə bu rəqəmlər əsasında hesablama aparmağı tövsiyə edir.

Qeyd edək ki, toyuq yumurtasının ölkə daxilində xaricə ixrac edildiyindən iki dəfə baha qiymətə satılması cəmiyyətdə ciddi narazılıq yaradıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, bütün bunlara səbəb biznes qurumlarının azad bazar iqtisadiyyatından sui istifadə etməsidir:

 "Bu problemlər 2011-ci il yanvarında prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlərin və ölkədə şişirdilmiş qiymətlərin olması ilə bağlı iddialarının əsaslı olduğunun sübutudur. Cənab prezident ölkədəki inhisarçılıq və karter sövdələşmələrinə son qoyulması ilə bağlı göstəriş vermişdi, ancaq bəzi məmurlar yenə də öz bildiklərini edirlər. Buna görə də, Azərbaycan yaxın ölkələrlə müqayisədə ən bahalı ölkə kimi təqdim edilir. Ölkə başçısının da qeyd etdiyi kimi karter sövdələşmələri var ki, iş adamları yığılıb birgə razılığa gələrək, məhsullarını yüksək qiymətə təklif edirlər. Bunun qarşısı alınmalıdır”.

E.Hüseynovun sözlərinə görə, Azərbaycanın yerli quşçuluq fabrikləri ölkə bazarlarını keyfiyyətli yumurta ilə təmin edə bilərlər. 

Lakin Azərbaycanda xarici yumurtalar şişirdilmiş qiymətə satılır və əksər hallarda da arzuolunmaz yumurtalar Azərbaycan bazarlarına daxil olur. Əhaliyə yerli yumurtalar almağı tövsiyyə edirəm. Mümkün qədər tərkibi məlum olmayan xarici yumurtalardan uzaq olsunlar.

AİB sədri deyib ki, yumurtaların ölkə bazarlarda baha qiymətə satılıb xarici ölkələrə ucuz qiymətə idxal olunması azad bazar iqtisadiyatında biznes qurumlarına yaradılan şəraitdən sui- istifadənin göstəricisidir: 

"Deməli, ölkədə istehlakçıların haqları zəif qorunur. Dünən Ombudsman aparatında bu barədə çıxışım da olub ki, dövlətin istehlakçılaın hüquqlarının müdafiəsi ilə bağlı siyasəti dəyişməlidir. Ancaq ondan sonra bazarlarda qiymət də düşəcək, satılan malların keyfiyyəti də artacaq”.

Şəymən