Azərbaycandakı siyasi partiyalar 2018-ci il prezident seçkilərinə hazırlaşırmı? - SORĞU

Azərbaycanda 2018-ci ildə baş tutacaq növbəti prezident seçkilərinə təxminən il yarımdan az müddət qalıb. Bu isə prezident seçkilərinə hazırlıq üçün elə də böyük zaman deyil. Belə olan halda ölkədə fəaliyyət göstərən siyasi təşkilatların seçkilərə necə hazırlaşmaları məsələsi gündəmə gəlir. 
Biz də Sherg.az olaraq məsələnin aktuallığını nəzərə alıb, siyasi institutlar arasında sorğu keçirdik.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının üzvü Əli Oruclu inkişaf etmiş ölkələrdə seçki sistemini xatırladaraq deyib ki, bu dövlətlərdə partiyalar formada olduğundan seçki prosesi dinamik xarakter daşıyır:
"Onlar hər bir seçici uğrunda mübarizə aparırlar. Azərbaycanda isə insanlar seçkilərə həvəsli yanaşmırlar. Digər tərəfdən bu gün Azərbaycanda demək olar ki, partiyalı sistem yoxdur. Bütün siyasi qüvvələrin acınacaqlı durumu göz önündədir. Onların maddi və sosial bazası göz önündədir. İnsanlar proseslərə "mən siyasətə qarışmıram” prinsipi ilə yanaşır. Ona görə də seçkiyə getmirlər. Bütün bu amillər siyasi partiyalarına da prosesə qoşulmasına imkan vermir.
Məsələn, AMİP olaraq biz, "2018-ci il seçkilərinə niyə gedirik” sualını qarşıya qoymuşuq. Söhbət seçkiləri uduzmaqdan getmir. Təbii olaraq, bu, bir mübarizədir, rəqabətdir. Burada iştirak edən qüvvələrdən biri qalib gəlməlidir. Hər kəs qalibi təbrik etməli və növbəti mərhələdə dövlətimizin mənafeləri xatirinə ona dəstəyi ifadə etməlidir. Fikrimcə öncə seçki mühitinin formalaşdırılmasına, şəraitin münbitləşdirilməsinə nail olunmalıdır".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da seçkilərə atılacaqlarını bildirirb: 
"Öz namizədimiz və ya başqa namizədlər vasitəsilə seçkilərdə iştirak edəcəyik. Bu və ya başqa şəkildə prezident seçkiləri müddətində seçicilərin bizə verdiyi imkandan istifadə edib, xalqla ünsiyyətimizi genişləndirəcəyik”.
Bu günə qədər təşkilatda seçkilərin müzakirə olunmadığını deyən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, prezident seçkiləri əhəmiyyətli məsələdir:
" Ona görə, yəqin ki, təşkilat seçkiləri özünün uyğun strukturlarında müzakirə edəcək və müvafiq qərarlar da qəbul edəcək”.
Aysel Aslan
Ayyət Əhməd