"Azərbaycandan xaricə “beyin axını”nın qarşısı alınmalıdır !

"Xarici ölkələrə getmək istəyən azərbaycanlıların sayı kifayət qədər çoxdur”.
Bunu "Sherg.az”a iqtisadçı-ekspert Natiq Cəfərli söyləyib. 
O bildirib ki, son göstəricilərə əsasən yaşamaq üçün Avropa və Qərbə müraciət edənlərin sayı artıb:
"Hətta Almaniyaya yaşamaq üçün müraciət edən xalqların siyahısında zərbaycanlılar ilk beşlikdədir. Bu rəqəmlər göstərir ki, insanların ölkədən getmək istəyi kütləvi tendensiya daşıyır. Yaranmış vəziyyətə səbəb kimi sosial, siyasi, psixoloji, iqtisadi faktorları sadalamaq olar. Əsas məsələ, təbii ki, insanların daha yaxşı yaşamaq istəyidir. Sosial-iqtisadi problemlərini ölkədə həll edə bilməyənlər, xaricdə daha yaxşı yaşamaq üçün müraciətlər edirlər.
Bəzi miflər var ki, inkişaf etmiş ölkələrə qaçqın kimi müraciət etdikdə, yaxşı imkanlar yaradılır, qalmaq üçün yer verilir və müavinət kəsilir. Belə hekayələr insanlar üçün cəzbedicidir. Ona görə, çoxları Azərbaycandan gedib, başqa ölkələrdə işini qurmaq istəyir. Çoxsaylı nümunələr də var ki, insanlar üçün daha da stimul yaradır. Məsələn, Azərbaycanda rəsmi milyonçu yoxdur, amma əslən azərbaycanlı olan, xarici ölkələrdə milyonçu olan insanlar var. Bu göstərir ki, başqa ölkələrdəki rəqabətli mühit Azərbaycandan daha yüksəkdir”.
N.Cəfərli hesab edir ki, mövcud vəziyyət Azərbaycan hökumətini düşünməyə sövq etməlidir:
"Düşünürəm ki, Nazirlər Kabinetinin yaxud parlamentin tərkibində bilikli insanlardan ibarət komissiya qurulmalı, ciddi müzakirə aparılmalıdır. Azərbaycanlıların kütləvi şəkildə ölkədən getməsinin, xüsusilə "beyin axını”nın qarşısı alınmalıdır. Çünki bir mütəxəssisin yetişdirilməsi 15-16 il vaxt alır, dövlətə 100 min manata yaxın pula başa gəlir. Azərbaycanda yetişən mütəxəssis isə burada perspektiv görməyib, Amerikaya, Avropaya köçdükdə dövlətin xərclədiyi vəsaitin boşa çıxması ilə nəticələnir. Ona görə, xaricə axınla bağlı ciddi düşünməyə, səbəbləri aradan qaldırmağa böyük ehtiyac var”.
Qeyd edək ki, 2019-cu ilin "Greencard” üçün qeydiyyat dövrü 18 oktyabr tarixində başlayıb, 22 noyabrda bitdi. Proqramının nəticələri isə mayın 15-i 2018-ci il tarixində elan edildi. "Greencard.az” şirkətindən bildirilib ki, bu il "Greencard” vəsiqəsini almaq üçün şirkətə 50 mindən çox müraciət daxil olub.  Məlumat üçün bildirək ki, "Greencard”ın qalibi olan şəxs tək və ya ailəsi (həyat yoldaşı və uşaqlar) ilə birgə vətəndaşlığını itirmədən Amerikada daimi yaşamaq, oxumaq və işləmək şansı əldə edir. Bu lotereya ildə yalnız bir dəfə keçirilir və proqrama 11 illik orta məktəb təhsili olan hər kəs müraciət edə bilər. "Greencard” sahibi olan hər kəs Amerika vətəndaşları ilə eyni hüquqa malik olur.
Aysel Aslan