Azərbaycanın dini mühitinə yeni nəfəs gətiriləcək - Yad fikirlərə qarşı mücadilə





"Din xadimlərinə maaş ayrılması haqqında qərarı təqdir edirəm. Hətta bu məsələ illər əvvəl həyata keçirilməli idi”.

Bunu "Sherg.az”a tanınmış şərqşünas seyid Camal Əzimbəyli deyib. Onun sözlərinə görə,məlum addımla Azərbaycanın dini mühitinə yeni nəfəs gətiriləcək:

"Yad təsirlərdən, inanclı insanların bəzilərinin nəfsin girovluğundan xilas olunması üçün bu qərar kömək olacaq. Ona görə, Azərbaycan dövlətçiliyinin milli mənafeyi, din-dövlət münasibətlərinin möhkəmlənməsi, haqqı olan din xadimlərinin dövlət tərəfindən maliyyələşməsi baxımından təqdir olunası addımdır. Hansısa xarici ölkənin təsirlərinə, yad fikirlərin Azərbaycana ayaq açmasına qarşı mücadilə yürüdən insanlar Azərbaycan dövlətindən haqq alacaqlar. Digər dövlətlərin ölkəmizdəki din xadimlərinə maddi vasitələrdən istifadə edərək təsir etməsini ən azı minimum səviyyəyə qədər azalda bilərik”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov 2018-ci ildən etibarən bütün rəsmi din xadimlərinə dövlət tərəfindən məvacib ödəniləcəyini açıqlayıb.

Aysel Aslan