
Azərbaycanın kosmik uğurları: Peyklərimiz ölkəmizin çəkisini artırır, imicini möhkəmləndirir
Azərbaycanın "Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb. Peyk Fransanın "Arianespace” şirkətinə məxsus "Ariane 5″ daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb.
"Azerspace-2” peyki ABŞ-ın "Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300” peyk platforması əsasında istehsal olunub. Peyk geostasionar orbitdə 45° şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək. "Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.
Qeyd edək ki, yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi uğurla başa çatdıqdan sonra peykin idarəçiliyi istehsalçı şirkət tərəfindən "Azərkosmos” ASC-yə təhvil veriləcək ki, bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdə olacaq.
"Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.
Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı həm də birinci telekommunikasiya peyki – "Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində "Azərkosmos”a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq. Bir sözlə, "Azerspace-2” şirkətimizin təbiətinə görə kifayət qədər mühafizəkar və yüksək rəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirəcək. Qeyd edək ki, "Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır. Ümumilikdə dəyəri 190 milyon ABŞ dolları olan "Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.
Ekspertlər bildirirlər ki, peyklərimiz Azərbaycanın imici baxımdan da, qazanc tərəfdən də önəmlidir.
"Multimedia” Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də bu fikirdədir ki, peykin müsbət məqamları çoxdur:

O "Sherg.az"a bildirib ki, kosmik resursların bölüşdürülməsində iştirak etmək bizim ölkəmiz üçün xeyli önəmli idi:
"Məhdud sayda olan kosmik ölkələr ailəsinə daxil olmuşuq və burada ölkəmizin imici çox əhəmiyyətli faktordur. Peyk ölkədə, xüsusilə də İKT sektorunda innovasiyaların inkişafına, texniki tərəqqiyə təkan verir. Telekommunikasiya və İnternet infrastrukturun dayanıqlı və təhlükəsizliyi baxımından peyk faydalıdır. Bu həm də yeni iş yerləri, yeni mütəxəssislərin hazırlanması və bütövlükdə gələcək üçün yeni infrastrukturun formalaşması baxımından da xeyli faydalıdır”.
O.Gündüz hesab edir ki, son illər Azərbaycan İKT-nin müxtəlif sahələrində uğurlu inkişafı və yürütdüyü siyasəti ilə dünyada və regionda əhəmiyyətli iştirakçıya çevrilərək ayrı-ayrı ölkələrin və beynəlxalq səviyyəli şirkətlərin diqqətini özünə cəlb edə bilib. Onun sözlərinə görə, xüsusilə "Azerspace-1” peyki istifadəyə verildikdən və hazırda buraxılan "Azerspace -2” üçün hələ hazırlıqlara başlandıqdan sonra Azərbaycanın İKT sektoruna beynəlxalq maraq daha da artdı:
"Telekommunikasiya peykinin istehsalı, orbitə çıxarılmasından sonra xarici investorların da bu cür layihələrin maliyyələşdirilməsinə cəlb edilməsi, beynəlxalq kreditlərin ölkəyə axını üçün geniş şərait yarandı. Kosmik sənayenin yaradılması həm də neft-qaz sektorundan sonra İKT sahəsində də biznes mühitinin formalaşması baxımından Azərbaycanın müsbət imic qazanmasının nəticəsi kimi qiymətləndirilməlidir. Çünki peyk sistemlərinin yaradılması, telekommunikasiya peykinin istismara verilməsi Azərbaycanın beynəlxalq nüfuzuna müsbət təsir göstərir. İndi bütün dünya bilir ki, hazırda Azərbaycan MDB regionunda telekommunikasiya peykinə sahib olan 3 ölkədən biri, Qafqaz regionunda isə yeganə ölkədir. Azərbaycanın bu üstünlüklər heç də sadə və asan şəkildə qazanılmayıb”.
Anar