Azərbaycanın namərd adamı...
Rüstəm İbrahimbəyov erməni mahiyyətini ortaya qoydu
"Qafqaz üçlüyü” adlı rəzalətlə yenidən gündəmə gələn Rüstəm İbrahimbəyovun zərərli siyasi kursu, ermənipərəst mövqeyi hələ 2009-cu ildə özünü büruzə verməyə başlayıb. R.İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqında işlədiyi zaman öz dağıdıcı siyasəti ilə yadda qalıb. Vaxtilə bir qrup kinematoqrafçı ona etiraz əlaməti olaraq, qurumdan çıxıblar, yeni ittifaq yaradıblar. Yəni bu insanın ziyanlı mövqeyinə, ermənipərəst əməllərinə qarşı uzun zamandır mübarizə aparılır. Ekranlaşdırdığı "Əlvida, cənub şəhəri” filmində analoji mövqeyi hiss olunur.
Filmin süjet xətti Qarabağ hadisələri nəticəsində paytaxta köç edən qaçqın və məcburi köçkünlərin şəhər əhalisi ilə münasibətlərini əks etdirir. Filmdə Bakıya "axışan” qaçqınlar aşağılanır, təhqir edilir. "Kabusun gözü ilə” filmi də azərbaycanlılara nifrət aşılayır.
Bu insanın bütün strategiyası Azərbaycan xalqını aşağılamaq məqsədi daşıyır. "Qafqaz üçlüyü” filmi başdan-ayağa yalan, iftira, eyni zamanda siyasi konyunktura əsasında qurulub. Filmdə Rüstəm İbrahimbəyov qeyri-vətəndaş mövqeyindən çıxış edir, özünə siyasi dividend qazanmağa çalışır. R.İbrahimbəyov "Milli Şuranın” sədri kimi Azərbaycanda birinci şəxs olmağa iddia edəndə Rusiya mətbuatına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qıcıq doğuracaq açıqlamalar verirdi, Qarabağı "münaqişəli ərazi” hesab edirdi. Bu baxımdan Azərbaycan ictimaiyyəti haqlı olaraq İbrahimbəyova sərt etirazını bildirir.
"Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva dövlətçiliyimizə xələl gətirən şəxslərin mövcudluğundan böyük təəssüf duyduğunu deyib. Onun sözlərinə görə, özünü ziyalı adlandıran şəxslərin Azərbaycana qarşı belə addımları pislənir:
"Vaxtilə özünü bizə tanıtdıran İbrahimbəyov hazırda özünə nifrət qazandırır. Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin bizə yadigarı və əmanətdir. Biz bu dövləti gələcək nəsillərə çatdırmalıyıq. Xəyanətkarlara qarşı səsimizi qaldırmalı, mübarizə aparmalıyıq. Xəyanətə heç nə ilə haqq qazandırmaq mümkün deyil”. S.Vəliyeva söyləyib ki, Azərbaycan xalqını alçaltmaq istəyənlərin ölkəmizdə yeri yoxdur: "Azərbaycan xalqı 20 faiz torpağı işğal olan, torpağı talan olan xalqdır. Sən bu xalqı necə aşağılaya bilərsən? Oskar almaq istəyirsənsə, get bunu başqa yerdə et.
Mükafat almaq üçün Azərbaycan xalqını alçaltmaq istəyənlərin bu dövlətdə bir santimetr belə yeri yoxdur. Bəlkə də biz Əkrəm Əylisli məsələsində bir az yumşaq davrandıq deyə, o cəsarətləndi. Amma buna cəsarət deyil, xəyanət demək olar”.
S.Vəliyeva R.İbrahimbəyovun bu əməlini xəyanət adlandırıb:
"Bu dövlət bizimdirsə, ona əl qaldıranlara qarşı əlimizi qaldırmalıyıq. Bu xəyanətdir, buna başqa ad vermək olmaz. Dövlət mükafatı almaq istəyirsənsə, onu başqa yerdə ara. Biz belə insanları lənətləməliyik. Biz xəyanətlərə qarşı səsimizi qaldırıb mübarizə aparmalıyıq. Xəyanətə heç nə ilə haqq qazandırmaq mümkün deyil. Namərd övladlara görə təəssüf edirəm”.
Xalq artisti Nurəddin Mehdixanlı da bu cür insanların məqsədini anlamadığını deyib: "Bizi sıradan adamlar vurmur. Azərbaycan xalqının hesabına şöhrət, nüfuz qazanan şəxslər vaxt gəlir dövlətimizə, xalqımıza xəyanət edirlər. Söhbət ondan gedir ki, onlar istedadlı adamlardır. İstedadsız xainlərlə mübarizə aparmaq daha asandır, amma istedadı olanlarla mübarizə çətindir. Rüstəm İbrahimbəyovun niyə millətinə, ölkəsinə kin qusduğunu başa düşmürəm. Amma anlamalıdırlar ki, içlərində gəzdirdikləri nifrəti, hikkəni nümayiş etdirib xalqı alçaltmağa ixtiyarları yoxdur. Azərbaycan ziyalıları bu cür adamlara məntiqi cavablar verməlidirlər. Dövlətimiz çox sınaqlardan keçib. Bu da arxada qalacaq”.
Milli Məclisin deputatı Elman Nəsirov isə bildirib ki, Rüstəm İbrahimbəyovun bütün mahiyyəti ermənidir:
"Mən üzümü Rüstəm İbrahimbəyova tutaraq bildirmək istəyirəm ki, siz Azərbaycan xalqının yaddaşında təkcə xəyanətkar kimi deyil, yalançı bir insan kimi də qalacaqsınız. R.İbrahimbəyov azərbaycanlı adı və soyadını daşısa da, əslində onun bütün mahiyyəti ermənidir. Əgər İbrahimbəyovda milli qeyrət varsa, o, ermənilərin əlində bir alətə çevrilməyibsə, dönük deyilsə, satqınlıq yolunu seçməyibsə, onda niyə Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkününün acı taleyi, onları bu günə salan Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bir əsər yazmayıb və bir film çəkməyib. Dünyanın gözü qarşısında Xocalı soyqırımı baş verib. Niyə Rüstəm İbrahimbəyovun bununla bağlı bir mövqeyi yoxdur? Çünki onun xisləti bəllidir”. E.Nəsirov qeyd edib ki, R.İbrahimbəyovun filmində azərbaycanlıların qatil kimi göstərilməsi məqsədyönlü şəkildə atılmış bir addımdır: "Filmdə bir səhnə var. Həmin səhnədə azərbaycanlı uşaqlar ermənini quyuya salıblar və onun başına daş yağdırırlar. Təbii ki, buna baxan bir avropalı tamaşaçı sual verər ki, bu daş atanlar kimdir? Rüstəm İbrahimbəyov da öz filmində göstərir ki, bunlar azərbaycanlılardır. Başına daş atılan, ölümə məhkum edilən kimdir? İbrahimbəyov göstərir ki, ermənidir. Bu, bir məişət hadisəsi fonunda qeydə alınıbsa, nəyə görə filmdə azərbaycanlı gürcünü bıcaqlayıb öldürür? Doğrudan da bir məişət hadisəsidirsə, siyasi mənası yoxdursa, onda ssenarist elə edərdi ki, erməni gürcünü öldürərdi. Bu, məqsədyönlü şəkildə atılmış bir addımdır”.
Millət vəkili Çingiz Qənizadə də bildirib ki, Rüstəm İbrahimbəyov kimi şəxslər təkcə yüksək maliyyə qazanmaq üçün deyil, Moskvada daha yüksək vəzifələrdə oturanların yanında dividend qazanmaq üçün Azərbaycan xalqını aşağılayırlar: "Rüstəm İbrahimbəyov mənim xalqımı aşağılayıb, millətimizin "vəhşi” obrazını yaratmaq istəyib. Onun bu addımla nə etmək istədiyini özündən savayı bilən yoxdur. Şübhə etmirəm ki, bu filmin maliyyə mənbəyi ermənilər və ermənipərəst qüvvələrdir. Rüstəm İbrahimbəyov ssenari müəllifi olduğu filmə qohum-əqrəbalarını çəkməklə ermənilərə xidmət edib. Mən bu millətin nümayəndəsi olaraq, ona və onun kimilərinə sadəcə "ayıb olsun!” deyirəm. Əkrəm Əylislinin "Daş yuxular” əsərində formalaşdırdığı mənfi obrazları Rüstəm İbrahimbəyov səhnələşdirib. Həmin şəxsləri araşdırdıqda məlum olur ki, əsli-nəsli ermənilərlə hansısa formada bağlıdır. Maraqlı tərəf budur ki, niyə kinorejissor gürcü xalqının nümayəndəsi seçilib, əzabkeş kimi isə erməni xalqı göstərilir? Belə görünür ki, Qafqazda yaşayan üç xalqın ikisinin birinə mənfi münasibətini formalaşdırmağa çalışırlar. Maddiyyatın nə dərəcədə yüksək olmasına rəğmən, xalqını, millətini, vətənini sevən heç kim xəyanətkar addım atmamalıdır. Belə addımı atanlar bu xalqın nümayəndəsi ola bilməz. Hesab edirəm ki, Rüstəm İbrahimbəyov erməni xalqının nümayəndəsidir”.
Deputat Musa Quliyev də vurğulayıb ki, heç bir azərbaycanlı Dağlıq Qarabağ münaqişəsinə, işğal faktına "göz yumaraq” belə ssenari yaza bilməz: "Rüstəm İbrahimbəyov savadlı insandır. Onun sadəlövhcəsinə, fərqində olmadan belə addım atdığını deyə bilmərik. Bu, onun daxilindən gələn məsələdir, onun təfəkkürü erməniliklə doludur. Onun beyni sülhsevər erməniliklə deyil, daşnak, işğalçı erməniliklə yoğrulub. Bu əməldə məqsəd bədii əsər yaratmaq, insan faciəsini əks etdirmək deyil. Azərbaycanlıları qorxaq, mədəniyyətsiz, mənfi obrazda göstərmək, ermənilərin isə mədəni, pozitiv obrazını yaratmaqdır. Onu buna nəyin vadar etdiyini bilmirəm. Amma bu, Azərbaycan xalqına, dövlətinə böyük xəyanətdir. Ömrünün ahıl çağında məlum xəyanəti üzərinə götürməsi Rüstəm İbrahimbəyovun faciəsidir”. Filmin süjet xəttinin zəif olduğunu vurğulayan M.Quliyevin fikrincə, həmin filmə sifarişçilərdən və filmi çəkən şəxslərdən başqa kimsə baxmayacaq:
"Sadəcə, Azərbaycanla bağlı olduğuna, bugünkü gündəmi zəbt etdiyinə görə, biz həmin filmə baxdıq. Dağlıq Qarabağ münaqişəsi artıq 30 ildir davam edir. Bu müddət ərzində xalqımız çox böyük müsibətlər yaşayıb. Münaqişədən heç bir erməni öz xalqının əleyhinə istifadə etməyib. Amma iki azərbaycanlının - Əkrəm Əylisli və Rüstəm İbrahimbəyovun belə addım atması müəyyən dairələrlə əlaqəli olduqlarını göstərir. Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır. Ola bilər, filmi oradakı erməni dostlarının təklifi ilə çəkib. 2013-cü ildə "Milli Şura” adlı qondarma qurum yaradılmışdı. Rüstəm İbrahimbəyov da bu şuranın rəhbəri idi, prezidentliyə namizədliyini də vermişdi. Niyə onu dəstəkləyənlərin səsi çıxmır? Milli məsələlərdə, ümumdövlət məsələlərində iqtidar, müxalifət söhbəti olmaz. Rüstəm İbrahimbəyov bu əməli ilə Azərbaycan xalqının nümayəndəsi olmadığını göstərdi”.
İsmayıl